Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı məktəblilərinin Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyası başa çatıb

29 mart 2018 | 16:00

29 mart 2018-ci il tarixdə “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Masallı məktəblilərinin Quba, Qusar, və Xaçmaz rayonlarına  ekskursiyası başa çatıb.

Masallı şəhər Heydər Əliyev Parkında məktəblilərin qarşılanma mərasimi keçirilib. Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova çıxış edib.
Sonra məktəblilər öz təəssüratlarını bölüşüblər. Qeyd olunub ki, Masallı məktəblilərini Xaçmaz şəhərinin mərkəzindəki Heydər Əliyev parkında rayon icra hakimiyyətinin, təhsil, mədəniyyət və turizm şöbələrinin nümayəndələri qarşılayıblar. Şagirdlər burada ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Tur-aksiya iştirakçılarının diqqətinə çatdırılıb ki, müasir görünüşünə görə diqqəti cəlb edən Xaçmaz həm də geniş turizm imkanlarına malikdir.
Qonaqlar şəhərdəki yeni inşa olunan Heydər Əliyev Mərkəzində də olublar. Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer alıb. Burada Heydər Əliyevin gərgin siyasi fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, Azərbaycan iqtisadiyyatının ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyması, qüdrətli ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən fotolara və sənədlərə geniş yer verilib. Mərkəzdə əbədiyaşar liderin həyat və fəaliyyətinə dair tarixi sənədlər də nümayiş etdirilir.
Daha sonra məktəblilər Xaçmaz şəhərində Azərbaycanın görkəmli şair və yazıçılarının, mədəniyyət və incəsənət xadimlərinin büstləri qoyulan, açıq səma altında yaradılan “Şəxsiyyətlər muzeyi"nə gəliblər. Ekskursiya iştirakçılarına 2006-cı ildə yaradılan muzey-park haqqında ətraflı məlumat verilib.
Tur-aksiya iştirakçıları 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyini də ziyarət ediblər. Diqqətə çatdırılıb ki, muzeydə həm ölkəmizin, həm də Xaçmaz rayonunun tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxlu sayda eksponat var.
Məktəblilər Xaçmaz Dövlət Rəsm Qalereyası və Bayraq Meydanı Kompleksi ilə də tanış olublar.
Meydan və Çənlibel parklarında gəzintidən sonra məktəblilər ekskursiyalarını başa vuraraq yola salınıblar.
Tur-aksiya iştirakçıları yolüstü “Şabran şəhəri” tarixi qoruğunda olublar. Əsası eramızdan əvvəl I minilliyin ortalarında qoyulduğu ehtimal edilən Şabran şəhərinin qalıqları ilə tanışlıq şagirdlərdə zəngin təəssürat doğurub.
Böyük qarşılanmadan sonra Masallı məktəbliləri evlərinə yollanıblar.

Keçidlər