Şriftin ölçüsü :

Saytın rəngi :

Respublikanın Baş prokuroru Zakir Qaralov Masallı şəhərində vətəndaşları qəbul edib

25 may 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılır, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 25 may 2018-ci il tarixdə Masallı Rayon Prokurorluğunun inzibati binasında Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralov  Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl baş prokuror Zakir Qaralov və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Zakir Qaralov bölgədə yaşayan 22 vətəndaşın müraciətini dinləyərək, qaldırılan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Vətəndaşlar bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Yekunda tabe prokurorların iştirakı ilə müşavirə keçirilib. Müşavirədə vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin və kəsərliliyinin artırılması, vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkili ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələrlə bağlı konkret tapşırıqlar verilib.

Keçidlər