Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayon İcra hakimiyyəti başçısının hesabatı

16 oktyabr 2018 | 16:00

16 oktyabr 2018-ci il tarixdə Masallı rayon İcra hakimiyyətinin inzibati binasında Masallı rayon İcra hakimiyyətinin başçısı  Rafil Hüseynovun 2018-ci ilin doqquz ayında Masallı rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

Hesabat yığıcağında məruzə ilə çıxış edən rayon rəhbəri bildirmişdir ki, respublikamızın hər yerində olduğu kimi rayonumuzda da 2018-ci ilin doqquz ayı sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olmuşdur. Xüsusilə də bu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Masallıya səfəri ilə əlamətdardır. Ölkə başçısının Masallıya səfəri hər birimizdə böyük sevinc və qürur hissi yaratmışdır. Belə ki, 18 sentyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Masallı rayonunda səfərdə olmuş və bir sıra obyektlərin açılışında iştirak etmişdir. Masallı Sənaye Məhəlləsi, “Masallı-Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətinin çəltik emalı müəssisəsi və əsaslı şəkildə yenidən qurulan 32 min nəfərin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Eminli-Məmmədxanlı avtomobil yolu açılaraq istifadəyə verilmişdir. Ölkə başçısı Masallıda olarkən Viləş çayının şəhər ərazisindən keçən hissəsində yeni salınan Park-Bulvar Kompleksində işlərin gedişi ilə tanış olmuş və razılığını bildirmişdir. 
      Sahibkarlar ilə görüş zamanı qaldırılan bütün məsələlər ölkə başçısı tərəfindən bəyənilmiş və həlli ilə bağlı konkret tədbirlər görülmüşdür. Masallı şəhərində abadlıq-quruculuq işlərini davam etdirmək, o cümlədən 10 küçədə əsaslı yenidənqurma işlərinin və 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 37 kiçik sututarında zəruri təmir-bərpa işlərinin aparılması üçün ümumilikdə 4,0 milyon manat vəsait ayrılmışdır. Bu cənab Prezidentin Masallıya, Masallı sakinlərinə olan diqqət və qayğısının bariz nümunəsidir. İcazə verin bütün Masallılar adından bu qayğıya görə Möhtərəm Prezidentimizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirək.
Hesabat dövründə şəhərin mərkəzindən keçən Viləş çayının ətrafında Park-Bulvar kompleksində çay yatağının beton məcraya salınması işləri davam etdirilmişdir. İlkin olaraq ümumi uzunluğu 750 p/m olan beton bəndin 591 p/m hissəsində işlər yekunlaşmışdır. Çay yatağının qalan 159 p/m-lik hissəsinin beton məcraya salınması ilə əlaqədar maliyyə vəsaitinin ayrılmasından ötrü aidiyyəti üzrə müraciətlər edilmişdir.
         Şəhərin Baş Planında Viləş çayının şəhər ərazisindən keçən hissəsi rekreasiya zonası kimi nəzərdə tutulduğundan həmin ərazidə rayon İcra hakimiyyəti tərəfindən Viləş çayı boyunca 50 hektara yaxın ərazidə meşə-park, o cümlədən 7 hektarda “Park-bulvar” kompleksinin salınmasına başlanılmışdır.  ərazilərin təmizlənməsi, yaşıllıqların salınması və ağacların əkilməsi işlərinə start verilmiş, artıq 20 hektara yaxın ərazidə meşə zolağı salınmışdır. Park-bulvar kompleksinin salınması ilə əlaqədar layihələndirmə tapşırığı əsasında müvafiq layihə təşkilatı tərəfindən layihə sənədləri hazırlanmışdır. Layihə sənədlərinə əsasən park-bulvar kompleksində uşaq-əyləncə mərkəzi, idman qurğusu, “Masallı evi”, səhnə, istirahət və iaşə obyektləri, 2 fontan,  söhbətgahlar, çay üzərində 1 piyada və 2 nəqliyyat vasitələrinin hərəkəti üçün körpü, yeraltı içməli su anbarı, nasosxana, yanğın əleyhinə su anbarı nəzərdə tutulmuşdur. Layihə sənədlərinə uyğun olaraq kompleksdə ilkin olaraq tikintisi nəzərdə tutulan obyektlərin tikintialtı sahəsi 759 m2, gəzinti yerlərinin sahəsi 26340 m2, yaşıllıq sahə isə 25840 m2 təşkil edir.                    
      Kompleksin tikintisi ilə əlaqədar ilkin olaraq sahənin relyefinin ümumi hamarlanması ərazidən keçən kommunikasiya xətlərinin və çay üzərindəki körpünün ümumi layihəyə uyğunlaşdırılmasından ötrü aidiyyəti qurumlara müraciətlər edilmiş və artıq ərazidən keçən yüksək gərginlikli elektrik hava xəttlərinin və rabitə xəttinin yerləri dəyişdirilmiş, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tapşırığı əsasında körpünün ümumi görünüşünün kompleksin layihəsinə uyğunlaşdırılması ilə bağlı təmir işləri başa çatdırılmışdır.  Daxili imkanlar hesabına beton bəndin üzərində aqlay materialı və kərpic elementlərindən istifadə olunmaqla sütunların və sütunlar arası hissələrə metal mühəccərlərin quraşdırılması işləri görülmüş, çay yatağının istinad divarlarının layihəyə uyğun yeni formada qurulması, sahil boyu eni 7,2 metr olan gəzinti yerinin piltələrlə döşənməsi işləri həyata keçirilir. Artıq 5500 kvm sahəyə piltə döşənmiş və işlər davam etdirilir. Bundan başqa layihəyədə nəzərdə tutulmuş “Masallı evi” və “Uşaq əyləncə mərkəzi”nin layihələri naturada yerə köçürülmüş və tikinti işlərinə başlanılmışdır.
       Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmış vəsait hesabına 11 yaşayış məntəqəsini birləşdirən 18000 nəfər əhalinin yaşadığı və ümumi uzunluğu 7.5 km olan Şatıroba-Hişkədərə-Miyankü-Kubin və eyni zamanda 11 yaşayış məntəqəsini birləşdirən 14000 nəfər əhalinin yaşadığı və ümumi uzunluğu 17.2 km olan Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun tikintisi işləri başa çatdırılmışdır.
      Keçən dövr ərzində şəhərin Bakı prospekti və Seybətin küçəsinin yenidən qurulması işlərinə başlanılmışdır. Belə ki, Bakı prospektində uzunluğu 5000 p/m piyada səkisi qurulmuş, piyada səkilərinə asfalt döşənmiş, 105 işıqlandırma dirəyi qurulmuş, Seybətin küçəsində 680 p/m bardur düzülmüş piyada səkisinə asfalt döşənərək 23 ədəd yeni işıq dirəkləri quraşdırılmışdır.
Eyni zamanda yeni Ələt-Astara aftomobil yolunu Masallı şəhəri ilə birləşdirən 1,5 kilometrlik yolun müasir standartlara uyğun yenidənqurulması ilə bağlı aidiyyəti üzrə müraciət edilmiş, rayon İcra hakimiyyəti tərəfindən yola 1000 p/m bardur düzülmüş, piyada səkilərinə asfalt döşənmiş, 20 yeni işıq dirəyi quraşdırılmış,  Agentlik tərəfindən yol yatağı yenidən qurularaq asfalt döşənmişdir. Bundan əlavə Agentlik tərəfindən uzunluğu 3,6  km olan Masallı-Təzəkənd yolununda yenidənqurulmasına başlanılmışdır. Artıq yolun 1.6 km-lik hissəsində asfalt örtük döşənmişdir. Uzunluğu 3,0 km olan Gəyəçöl yolunun təmirinə də başlanılmışdır.
           Dövlət büdcəsindən ayrılan vəsait hesabına 10 çoxmənzilli yaşayış binasının fasadlarının təmiri işləri yekunlaşdırılmış, bloklara yeni seyf qapıların və pəncərələrinin quraşdırılması işləri davam etdirilir.
Heydər Əliyev prospektində bir mərtəbəli 4 mənzilli və H. Səmədov 44 ünvanında yerləşən iki mərtəbəli 6 mənzilli qəzalı vəziyyətdə olan yaşayış binalarının əvəzinə yeni binaların tikintisi ilə bağlı Nazirlər Kabinetinin tapşırığı əsasında Fövqəladə Hallar Nazirliyi tərəfindən layihə sənədləri hazırlanmışdır. Layihə sənədlərinə müvafiq ekspertiza rəyi verildikdən sonra tikinti işlərinə başlanılması nəzərdə tutulmuşdur.
2016-cı ildə inşasına başlanılan və 2019-cu ildə təhvil verilməsi nəzərdə tutulan rayon Məhkəməsinin yeni inzibati binasında hazırda tikinti işləri davam etdirilir.
Rüb ərzində rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.4 % artaraq 542.0 milyon manat olmuşdur. Bu dövrdə sənaye məhsullarının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.6 faiz artaraq 42.4 milyon manata, kənd təsərrüfatı məhsullarının həcmi 1.1 faiz artaraq 98.7 milyon manata çatmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2.4 faiz artaraq 64.2 milyon manat olmuşdur.
     Rüb ərzində adambaşına düşən pul gəlirləri 2704 manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 306.0  manat olmuşdur.
      2018-ci ilin doqquz Masallı rayonunun gəlirləri 59 milyon 891 min 95 manata qarşı 60 milyon 296 min 34 manat və ya 100,6 % icra olunmuşdur. Rayonun yerli xərcləri isə 58 milyon 496 min 24 manata qarşı 52 milyon 982 min 28 manat və ya 90,5% icra olmuşdur.
          Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində Masallı rayonunda yeni sənaye müəssisələrinin açılması davamlı xarakter almışdır. Bu proses çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonumuzda olan sahibkarlara güzəştli kreditlərin verilməsi işinin genişləndirilməsi və süni maneələrin aradan qaldırılması fəaliyyətimizin əsas istiqamətlərindəndir. 2018-ci ilin doqquz ayında Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 15 layihə üzrə 208 min manat kredit verilməsi milli iqtisadiyyatın lokomotivi kimi sahibkarlıq subyektlərinin sayının artmasına, fəaliyyət dairəsinin genişlənməsinə təkan vermiş və 14 yeni iş yerinin açılmasına səbəb olmuşdur.
      Rayonda əmək bazarının mövcud vəziyyətinin qiymətləndirməsi və kadr potensialına dair müvafiq proqnozların hazırlanması məqsədilə mərkəzləşdirilmiş məlumat bazasının yaradılması qərara alınmışdır. Həmçinin dövlət müəssisələrində açılmış vakant iş yerlərinə rayon Məşğulluq mərkəzində işaxtaran kimi qeydiyyata alınmış vətəndaşların ilk növbədə növbəlik siyahısı üzrə işlə təmin olunmasına  nəzarət olunmuşdur.
          2018-ci ilin üçüncü rübündə Masallı Rayon Məşğulluq Mərkəzinə ümumilikdə 1632 nəfər müraciət etmiş və qeydiyyata alınmışdır ki, onların 398-i qadınlardır. Qeydiyyata alınan 1632 nəfərdən 1018  nəfəri işlə təmin olunmuşdur ki, bunların da 459 nəfərini qadınlar təşkil edir.
2018-ci ilin doqquz ayında rayonun kənd meşə balıqçılıq təsərrüfatında 14.3 min manatlıq məhsul istehsal edilmişdir. Kənd təsərrüfatı müəssisələrində bir işçi üçün orta aylıq əmək haqqı 198.0 manat olmuşdur.
         01 oktyabr 2018-ci il vəziyyətinə rayonda iri buynuzlu mal-qaranın baş sayı 72446 başa, xırda buynuzlu mal-qaranın baş sayı 86335 başa çatmışdır. Rüb ərzində  süd istehsalı 35744 tona, ət istehsalı 4614 tona, yumurta istehsalı 4769 min ədədə çatmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.
2017-2018 təsərrüfat ilində rayon üzrə 18800,0 ha yaxın şum vurulmuş, payızlıq və yazlıq əkinlər ümumilikdə 18003,8 ha təşkil etmişdir. O cümlədən, 7293,3 ha sahədə buğda, 2705 ha arpa, 1059,7 ha kartof, 610 ha badımcan, 256,8 ha sarımsaq, 84,6 ha kələm, 400,4 ha bostan bitkiləri, 494,5 ha pamidor, 301,3 ha xiyar, 916,5 ha noxud, 172,4 ha paxla, 75,7 ha mərci və 3297,6 ha sahəni isə digər bitkilər əkilmişdir.
2019-ci ilin məhsulu üçün nəzərdə tutulmuş əkinlərə görə artıq 4826,5 ha sahədə şum vurulmuş, hazırda sahələrin şumlanması davam etdirilir.
Hazırda rayonun ayrı-ayrı əraziləri üzrə 21 ha üzüm, 17 ha feyxoa və 29 ha sahədə müxtəlif növ meyvə bağları mövcuddur. Sığdaş kəndi ərazisində 0,5 ha sahədə yeni sitrus (naringi) bağları, Güllütəpə ərazisində isə 3,2 ha yeni fındıq bağları salınmışdır.
Rüb ərzində Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında Masallı sahibkarlarının da iştirakı təmin edilmişdir. Yarmarkaya 31,8 ton kartof, 2,8 ton soğan, 730 kiloqram noxud, 7,2 ton xiyar, 2,7 ton pomidor, 1,6 ton badımcan, 470 kiloqram bibər, 1750 litr süd, 545 banka qatıq, 4060 ədəd yumurta göndərilmişdir.
Rayonda çayçılığın inkişafı ilə bağlı müəyyən işlər görülmüşdür. Belə ki, rayonun Kolatan inzibat ərazisinə aid  Sığaçola massivində 100 hektar sahədə  “Azərsun-Holdinq” tərəfindən işlər tam başa çatdırılmışdır. Hazırda Kolatan kəndi ərazisində 1,0 ha yeni cay plantasiyası salınmış və əvvəlcədən saxlanılan 4 ha çay sahələri nəzərə alınmaqla  rayon ərazisində çay plantasiyalarının ümumi sahəsi 105 hektara çatdırılmışdır.
Rayonda torpaq payçılarının öz torpaqları ətrafında kooperasiya şəklində birləşməsi üçün ərazilərdə maarifləndirmə tədbirləri aparılmışdır. Artıq görülmüş tədbirlər öz müsbət nəticələrini verməkdədir. Belə ki, rayonun Sığdaş və Kolatan ərazisində torpaq payçıları kooperasiya şəkilndə birləşərək öz torpaqlarında rayon üçün ənəvi əkin sahələrindən olan çay bitkisinin əkilməsi məqsədilə razılığa gəlmişlər. Hazırda hər iki kooperasiyanın dövlət qeydiyyatına alınması üçün sənədlər toplanır.
           2018-ci ildə region üçün ənənəvi olan kənd təsərrüfatı bitkilərindən çəltiyin əkin sahəsi genişləndirilərək rayon üzrə üzrə 301 ha çatdırılmışdır. Hal-hazırda çəltik biçini başa çatmışdır. Rayon üzrə çəltik sahələrindən ümumilikdə 1010,0 ton məhsul yığlmış, orta məhsuldarlıq 33,5 sentner təşkil etmişdir.
Kənd təsərrüfatı bitkiləri içərsində öz rentabeliyi ilə fərqlənən tütün bitkisinində 2018-ci ildə əkin sahəsi genişləndirilərək 35 ha çatdırılmışdır.Hal hazırda 417 ton yaş tütün tədarük olunmuş və 25,1 ton isə quru tütün təhvil verilmişdir.
Rüb ərzində rayon üzrə 116,8 kiloqramı “qarapaçax” növ barama olmaqla ümumilikdə 3406,9 ton barama istehsal olunmuşdur. Barama istehsalçılarına “Azər-İpək” ASC tərəfindən 13195,44 manat vəsait ödənilmiş, dövlət tərəfindən isə 16450,50 manat subsidiya verilmişdir. Baramaçılığın inkişafı ilə bağlı bütün yaşayış məntəqələrində mövcud olan tut bağlarının qeydiyyatı aparılmış və ağacların növbəti mövsümdə bol yarpaq verməsi üçün budama işlərinin aparılması ərazi nümayəndələrinə tövsiyə olunmuşdur.
Rayon üzrə 24 964 ha əkin sahəsinin 17000 hektarı suvarılan torpaqlardır.  Ərazidə əkinlərin suvarılması 46 mln kub.m su tutumu olan Viləşçay su anbarı və 3,0 mln kub.m su tutumu olan Babaser su anbarı vasitəsi ilə aparılır. Lakin faktiki olaraq rayon üzrə 9 892 ha torpaq sahəsi (40 %) suvarma suyu ilə təmin edilir.  Suvarılan sahələrin 4 500 ha qapalı şəbəkələr vasitəsilə (bu sistem əsasən sıradan çıxmışdır), 5392 ha isə açıq torpaq kanallar vasitəsilə suvarılır. Rayonun Xəzər dənizi ətrafında, Muğan zonası adlanan ərazidə yerləşən yaşayış məntəqələri dəniz səviyyəsindən 20 metr aşağıda yerləşdiyi üçün həmin  torpaqların bir hissəsi şoranlaşmış, bataqlıqlar yaranmışdır. Ərazilərdə kollektor-drenaj şəbəkələrinin çəkilməsinə ciddi ehtiyac vardır.
        Suvarma problemlərinin tam həll edilməsi üçün Viləşçay su anbarının ikinci növbəsinin tikintisini davam etdirmək zəruridir. Bəndin hündürlüyünün artırılması və digər tədbirlərin həyata keçirilməsi ilə faydalı həcmi 130 mln.m3 olacaq Viləşçay su anbarının ikinci növbəsinin tikilməsi nəticəsində 20 100 ha ( o cümlədən 1 746 hektarın su təminatının yaxşılaşdırılması, 18 354 ha yeni suvarılan sahələr) əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi mümkün olacaqdır. Eyni zamanda layihənin texniki-iqtisadi əsaslandırılmasında əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün 40,0 km uzunluğunda suvarma kanallarının üzərindəki hidrotexniki qurğularla birlikdə, 8 ədəd nasos stansiyasının tikilməsi və digər işlərin yerinə yetirilməsi mümkün olacaqdır. Həmin layihədən qonşu Cəlilabad və Neftçala rayonları da faydalana biləcəkdir.
       Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nda Viləşçay su anbarının 2-ci növbəsinin tikintisi nəzərdə tutulmuş və bu istiqamətdə işlərə başlanılmışdır.
Rüb ərzində Viləşçay Su Anbarı İstismar İdarəsi tərəfindən rayon ərazisindəki suvarma kanallarında ümumilikdə 174000 m3 həcmində və 85,4 km uzunluğunda lildən təmizləmə işləri aparılmışdır. Həmçinin rayon ərazisində 4500 ha qapalı suvarma şəbəkəsi olan əkin sahələrində suvarma işləri aparıldığından bu şəbəkələrə texniki baxış keçirilərək təmir işləri görülmüşdür.
           2018-ci ilin üçüncü rübündə 47 saylı Yol İstismar İdarəsi tərəfindən rayonun bir sıra yollarında təmir işləri aparılmışdır. Belə ki, respublika əhəmiyyətli Ələt-Astara avtomobil yolunun 154-179-cu km-də asfalt-betonla cari təmir işləri aparılmışdır.
Yeni M-3 Ələt-Astara avtomobil yolundan Hüseynhacılı avtomobil yolu ilə köhnə Ələt-Astara avtomobil yolunun birləşməsi tikilmiş, yol qovşağı yenilənməklə 1,2 km piyada yolu çəkilmişdir. Eyni zamanda həmin hissdə yol nişanları quraşdırılmaqla ümumilikdə 3,7 km yol asfaltlaşdırılmışdır.
Bundan əlavə Masallı-Yardımlı avtomobil yolunun 0-17 kilometrliyində asfalt betonla cari təmir işləri aparılmışdır. Yerli əhəmiyyətli yollardan Ərkivan-Boradigah-Rüdəkənar yolu, Masallı-Qızılağac avtomobil yollarında asfaltla təmir işləri aparılmışdır. Həmçinin Tatyan-Yolağac, Xıl-Sirəbil, Sərçuvar-Sirəbil avtomobil yollarında hamarlama işləri aparılmışdır.
           Rayon Baytarlıq İdarəsi tərəfindən hesabat dövründə rayonda iri və xırda buynuzlu mal-qarada və digər ev heyvanlarında qara yara, quduzluq və dabaq xəstəliklərinə qarşı, eləcə də ev quşlarında müxtəlif xəstəliklərə qarşı peyvəndləmə işləri aparılmışdır.
Cari ilin doqquz ayı ərzində 1658 baş iri buynuzlu heyvan süni mayalandırılmış və 1285 baş sağlam bala alınmışdır. Dövlət büdcəsinin vəsaiti hesabına süni mayalanma yolu ilə doğulmuş hər buzova görə 100 manat olmaqla yanvar-iyul ayları üçün 96900,0 manat vəsait ödənilmişdir.        
       Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən rüb ərzində proqnoz tapşırıqları büdcədən maliyyələşən təşkilatlar üzrə 11434,8 min manata qarşı 10889,6 min manat və ya 105 %, qeyri-büdcə təşkilatları və fiziki şəxslər üzrə 1328,5 min manata qarşı 1465,0 min manat və ya 110,2 % yerinə yetirilmişdir. Şöbədə hazırda 26 min 714 nəfər əmək pensiyaçısı uçotdadır. Rüb ərzində ümumilikdə 212 nəfərə əmək pensiyası təyin olunmuşdur.
       2018-ci ilin üçüncü rübündə Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən yaşa görə 14289, əlilliyə görə 10475, ailə başçısını itirən kimi 1950 nəfərə əmək pensiyası ödənmişdir.
      Rüb ərzində Masallı Elektrik şəbəkəsi tərəfindən 110/35/10 kv-luq yarımstansiyalarda təmir bərpa işləri aparılmışdır.
Boradigah qəsəbəsində 1114 ədəd 0.4 kv-luq dəmir dayaqlar basdırılmış, 32266 metr SİP kabel çəkilməklə, 296 ədəd elektrik sayğacı həyətlərdən çölə çıxarılmış, həmçinin 186 ədəd “Smart” tipli sayğac quraşdırılmışdır.
      35/10 kv-luq Alvadı yarımstansiyası üzrə yenidənqurma işləri ilə əlaqədar burada müasir tipli eleqaz, vakkum açarları və 2 ədəd 10 MVA transformator quraşdırılmaqla yarımstansiyanın gücü 2.5 dəfə artırılmışdır.  Eyni zamanda 35 kV-luq Alvadı hava xətləri tam yenilənərək 10.0 km xətt çəkilib istifadəyə verilmişdir.
     Təzə Alvadı kəndində 10/0.4 kV-luq hava xətləri tam yenidən qurulmuş, 21 ədəd yeni transformator məntəqəsi quraşdırılmışdır. 319 ədəd 10 kV-luq, 2383 0.4 kV-luq dayaqlar basdırılmaqla, 61341 metr SİP kabel çəkilmiş, 1725 ədəd “Smart” tipli elektrik sayğacları quraşdırılmışdır.
     Təklə, Sığıncaq, Mollahəsənli, Xoşçobanlı, Ləngan kəndlərində tam yenidən qurma işləri başa çatdırılmışdır. 18 ədəd yeni transformator məntəqəsi quraşdırılmış 603 ədəd 10 kV-luq,  1590 ədəd 0.4 kV-luq dəmir dayaq basdırılmaqla 42126 metr SİP kabel çəkilmiş, 1510 ədəd “Smart” tipli elektrik sayğacları quraşdırılmışdır.
     Köçəkli kəndində 508 ədəd 0.4 kV-luq dəmir dayaq basdırılmaqla 8880 metr SİP kabel çəkilmiş və 234 ədəd “Smart” tipli elektrik sayğacı quraşdırılmışdır.
     Qədirli kəndində 157 ədəd 0.4 kV-luq dayaq basdırılmaqla, 3289  metr SİP kabel çəkilmiş və 214 ədəd “Smart” tipli elektrik sayğacı quraşdırılmışdır.
     Təkdam kəndində 89 ədəd 0.4 kV-luq dayaq basdırılmaqla 3120  metr SİP kabel çəkilmiş və 66 ədəd “Smart” tipli elektrik sayğacı quraşdırılmışdır. Hazırda işlər davam etdirilir.
     Bundan əlavə Ərkivan qəsəbəsində 4.2 km, Qızılağac kəndində 5.2 km, Hüseynhacılı kəndində isə 11.5 km uzunluqda SİP kabel çəkilmişdir.    
      Dövlət Proqramı əsasında bir pilləli sistem üzrə yeni qaz xəttinin çəkilməsi ilə əlaqədar rayonun Sirəbil, Qızılağac, Hüseynhacılı, Öncəqala, Məmmədoba, Xıl, Babaküçə, Sığdaş,Sığıncaq, Bala Təklə, Qasımlı, Yeddioyma 2, Xanalion, Tiyaqani, Şıxlar və Qodman kəndləri təbii qazla təchiz edilmişdir. Bundan əlavə Tatyanoba və Güllütəpə kəndlərinin qazlaşdırılmasına başlanılmış və rüb ərzində sayğaclaşma işləri başa çatdırılmışdır.
     Ərkivan qəsəbəsi, Binə Xocavar və Təzə Alvadı kəndlərində  1525 ədəd qaz sayğacları həyətlərdən küçəyə çıxarılmışdır. Türkoba kəndində sayğacların həyətlərdən küçəyə çıxarılma işləri davam etdirilir.
Rayon üzrə qaz alan abonentlərin sayı 39051 nəfərdir. Hazırda rayon əhalisinin 95 faizi qazla təmin edilmişdir.
Cari ildə daha 2 yaşayış məntəqəsinin (Güllütəpə, Tatyan) qazla təmin olunması nəzərdə tutulmuşdur. Bu da ümumilikdə rayon üzrə qaz abonentlərinin 97 faizə çatdırılması deməkdir.
Rayonun qazlaşmayan bütün yaşayış məntəqələrinin qazlaşdırılması üçün məlumatlar hazırlanaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və Azəriqaz İB-nə təqdim edilmişdir.        
           2012-ci ildən Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır. Bu məqsədlə “Viləşçay” Su anbarının aşağı buferində su təmizləyici qurğu, 5000 m3 həcmində su anbarı və Musaküçə kəndi ərazisində çirkab sutəmizləyici qurğu inşa edilmişdir.
        Magistral xəttin uzunluğu 7 km, şəbəkədaxili xətlərin ümumi uzunluğu 209 km təşkil edir. Şəhər ərazisində veriləcək su sərfi orta gündəlik norma ilə adam başına 180 litr qəbul edilmişdir. Hazırda şəhər ərazisi, Kosakül yaşayış məntəqəsi, Ərkivan qəsəbəsinin bir hissəsi də daxil olmaqla ümumilikdə 9149 sayğac quraşdırılmışdır. Rüb ərzində 1850 abonentlə müqavilə bağlanaraq sayğaclara surğuc vurulmuşdur. Hazırda bu işlər davam etdirilir.
        Masallı rayonunun Muğan zonası istiqamətindəki 5 kəndin içməli su ilə tələbatını ödəməkdən ötərü həmin kəndlərə bulaqlar vasitəsilə su verilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar rayonun Məmmədxanlı kəndində 19 ədəd bulaq tikilib istifadəyə hazır vəziyyətə gətirilmişdir. Eyni zamanda Kürdəbaz kəndində 24, Bala Təklədə 21, Şərəfə kəndində 71 ədəd bulağın tikintisi davam etdirilir. Babaküçə kəndində 120 metr dərinlikdə subartezian quyu qazılmış, 1550 metr uzunluğunda polietilen boru vasitəsilə 8 bulaq quraşdırılmış və sakinlər içməli su ilə təmin edilmişdir.
           Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən rüb ərzində yerinə yetirilən sanitar təmizləmə işlərinin həcmi artırılaraq gündəlik 34 min 950 m2-ə çatdırılmışdır. Ərazidən gündəlik daşınan bərk tullantıların həcmi 16-20 ton olmuşdur. Atılan bərk tullantıların ərazidən daşınması ilə bağlı sahibkarlıq subyektləri və əhali ilə müqavilələr bağlanmışdır.
Rüb ərzində şəhərin Bakı prospekti və Seybətin küçəsi yenidən qurulmuşdur. Hazırda şəhər ərazisində süpürülən sahə 37 min m2-dir.
       Şəhərin küçə və prospektlərində yığıla biləcək yağış və qar sularının axıdılması üçün su axarlarının işlək vəziyyətə gətirilməsi və onların vaxtlı-vaxtında təmizlənməsi Mənzil Kommunal Təsərrüfatı İstahsalat Birliyi tərəfindən daim diqqət mərkəzində saxlanılmışdır. Eyni zamanda park, xiyaban, küçə və prospektlərin işıqlanmasından ötrü 2000 dən artıq işıq dirəklərinə, həmçinin 35 ha yaşıllıq sahəsinə xidmət göstərilmişdir.
Cari ilin doqquz ayı ərzində 170 ton kağız və karton tullantıları yığılmış 110,6 ton təhvil verilmişdir. Eyni zamanda 19 ton plastik tullantı yığılmış 8 ton təhvil verilmişdir.
Son illərdə Masallıda yeni məktəb binalarının tikintisi geniş vüsət alsa da hələ də 30 yeni məktəbin tikintisinə və təmirinə ehtiyac vardır. Həmçinin 7 uşaq bağçasının əsaslı təmirinə, 4 uşaq bağçasının yeni binaya ehtiyacı var ki, bunlardan Həsənli kənd uşaq bağçası qəzalı vəziyyətdədir. Məktəbəqədər uşaqların uşaq bağçalarına cəlbi cəmi yeddi faiz təşkil edir ki, bu da çox aşağı rəqəmdir. Bu problemlərin həlli ilə bağlı xüsusi proqram hazırlanmış və Nazirlər Kabinetinə təqdim edilmişdir.
Cari ilin doqquz ayı ərzində Xallıcallı və Təkdam kəndlərində müvafiq olaraq 96 və 80 şagird yerlik modul tipli məktəblərin və Göyəçöl tam orta məktəbinin tikintisinə başlanılmışdır. Hazırda Xallıcalı və Təkdam məktəblərində son tamamlanma işləri görülür, Gəyəçöl kənd tam orta məktəbində isə tikinti işləri davam etdirilir. Yaxın günlərdə Şıxlar və Bala Təklə kəndlərində də modul tipli məktəblərin tikintisinə başlanılacaqdır.
         Yeni təhsil konsepsiyasında peşə təhsili sisteminin inkişafı prioritet istiqamətlərdəndir. Bu mənada rayonda fəaliyyət göstərən Masallı Dövlət Regional Kollecinin və Peşə məktəbinin maddi texniki bazasının yaxşılaşdırılması həlli vacib məsələlərdəndir.
Bu tədris ilində ali məktəbə sənəd verənlərin sayı 734 nəfər olmuşdur ki, onlardan 264 nəfəri (36%) qızlardır. 2018-ci il qəbul imtahanlarında iştirak edən 734 nəfər məzunumuzdan 500 nəfəri (64%) ali məktəblərə qəbul olmuşdur ki onlardan 171 nəfəri (34,2%) qızlardır.  34 nəfər məzunumuz 600-dən yuxarı bal toplamışdır ki, onlardan 17 nəfəri (50%) qızlardır. Xüsusilə qeyd etmək istəyirəm ki, Hacıtəpə kənd tam orta məktəbin məzunu Museyibzadə Elton Elşən oğlu 691 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstərmiş və Prezident təqaüdünə layiq görülmüşdür.
Bir sevindirici məqamı da qeyd etmək istəyirəm. Müəllimlərin peşə bayramı münasibəti ilə rayonumuzdan 1 nəfər Cənab Prezidentin sərəncamı ilə təltif olunmuşdur.     
Böyük Xocavar kənd tam orta direktoru Zeynalov Abusət İsaq oğlu “Tərəqqi” medalına layiq görülmüşdür. Fürsətdən istifadə edib onu təbrik edir və gələcək fəaliyyətində daha böyük uğurlar arzulayıram.
Rayonda fəaliyyət göstərən tibb məntəqələrinin maddi texniki bazasının yaxşılaşdırılması məqsədilə də tədbirlər görülmüş, Məmmədoba və Miyankü həkim məntəqələri tikilərək istifadəyə verilmişdir. Hazırda Lürən həkim məntəqəsinin tikintisi davam etdirilir.
     2018-ci ilin üçüncü rübündə rayon əhalisinə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək, onun maddi texniki bazasını möhkəmləndirmək üçün bir sıra işlər görülmüşdür.
     2018-ci ilin doqquz ayında rayonda 1606 nəfər uşaq doğulmuş, uşaq ölümü 3,7 promil (6 nəfər), evdə doğuş 0,4 promil (7 nəfər) olmuşdur. Bundan əlavə vərəm xəstəliyinə qarşı mübarizə tədbirləri davam etdirilmiş və doqquz ay ərzinə 1729 nəfər uşağa vərəm əleyhinə BSJ peyvəndi vurulmuşdur.
     İmtiyazlı qrupa daxil olan xəstələrin tibbi müayinəsi və müalicəsi diqqət mərkəzindədir. Xüsusilə (şəkərli diabeti) olan 5813 xəstəyə hər ay dərman preparatlarının verilməsi üçün bütün imkanlardan istifadə edilir.
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 12 fevral 2018-cı il tarixdən  əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmış və 12 may 2018-ci il tarixə kimi 141484 nəfər tibbi müayinədən keçirilmişdir. Müayinələr zamanı 4014 nəfərdə xəstəlik aşkar olunmuş, onlardan 3866 nəfəri ambulator, 148 nəfəri stasionar müalicəyə cəlb edilmişdir. 118 nəfər isə Bakı şəhərinə göndərilmişdir.
       Əhalinin tibbi müayinəsi ilə bərabər uşaqların icbari dispanserizasiyası da davam etdirilir. Hazırkı vaxtadək 32640 uşaq müayinə edilmişdir ki, bunlardan 2110 nəfər uşaqda müxtəlif xəstəliklər aşkarlanmış və onlar dispanser qeydiyyatına alınmışdır. 171 nəfər uşaq daha ixtisaslı müayinə və müalicədən ötrü Bakı şəhərinə göndərilmişdir.
       Hazırda rayonda 65 nəfər xroniki böyrək çatışmamazlığı xəstəsi vardır ki, bunlardan 55 nəfəri dövlət hesabına hemodializ edilir.
           2018-ci ilin doqquz ayında nikaha girmiş 275 cütlüyün müayinəsi zamanı 8 nəfərdə talassemiya daşıyıcısı aşkar edilmişdir.
20 sentyabr 2018-ci il tarixə Masallı şəhər “Cümə” məscidində keçirilən qanvermə aksiyasında 200 nəfərdən qan nümunəsi götürülərək Lənkəran regional Qan Bankına göndərilmişdir.
       Masallı Rayon Gigiena və Epidemiologiya Mərkəzi üçüncü rüb ərzində mütəmadi olaraq  yoluxucu xəstəliklərə qarşı peyvəndlər aparmışdır.
      Masallı Dezinfeksiya Stansiyası tərəfindən bağlanmış müqavilələrə uyğun olaraq rayon ərazisində olan obyektlərdə 57840 m2 sahədə gəmiricilərə qarşı, 47854 m2 sahədə həşəratlara qarşı, 9912 m2 sahədə isə mikroblara qarşı  mübarizə tədbirləri həyata keçirilmişdir.
       Masallı rayon Mədəniyyət şöbəsi cari ilin üçüncü rübündə əlamətdar günlərin qeyd edilməsi və bayram tədbirlərinin təşkilini daim diqqətdə saxlamışdır.
Turizm Masallı rayonunun əsas inkişaf istiqamətlərindəndir və bu səbəbdən də daim diqqət mərkəzində saxlanılmalıdır.
Rayonda turizmin sürətli inkişafını təmin etdirmək məqsədi ilə Masallıda müalicəvi turizm şəhərciyinin salınması nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 03 sentyabr 2016-cı il  tarixində Masallıya səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşü zamanı Masallı rayonu ərazisində Turizm istirahət kompleksinin tikintisi ilə bağlı məsələ qaldırılmış və təklif cənab Prezident tərəfindən bəyənilmişdir. Bu məqsədlə müvafiq məsləhətləşmələr aparılmış və tikinti layihə sənədlərinin hazırlanmasına başlanılmışdır.
Kompleksin Qəriblər kəndinin cənub hissəsində, Masallı-Yardımlı yolunun kənarında yerləşən 10 hektar sahədə tikilməsi mütəxəssislər tərəfindən məqsədəmüvafiq hesab edilmişdir. Həmin torpaq sahəsi Dövlət meşə fonduna aid torpaqlardır ki, hazırda bu ərazidə seyrək meşə və kol ağacları mövcuddur. Bu torpaq sahəsinin şimal-şərq hissəsində isə ona bitişik, Qəriblər bələdiyyəsinin balansında olan və meşə örtüyü ilə daha zəngin olan 10 hektar torpaq sahəsi yerləşir.         
            Dövlət Meşə Fonduna aid 10 hektar torpaq sahəsinin, həmin əraziyə yaxın və Qəriblər bələdiyyəsinə aid olan 10 hektar torpaq sahəsi ilə dəyişdirilməsi ilə əlaqədar aidiyyəti təşkilatlara müraciətlər ünvanlanmışdır.
       Rayonda siyasi partiyaların 23 təşkilatı fəaliyyət göstərir (YAP, AXCP, VHP, Müsavat, MMP, Ədalət, BAXCP, BQP,Ümid, KAXCP, DADP, ADİP,AKP və.s ). Bütün partiyalara fəaliyyətləri üçün "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bərabər şərait yaradılmış və ofislə təmin olunmuşlar Yeni Azərbaycan Partiyası digər partiyalardan müqayisə olunmaz dərəcədə güclüdür. Partiyanın 105 ilk təşkilatının 11 min 235 nəfər üzvü vardır. Digər partiyaların  üzvlərinin ümumi sayı 1108 nəfərdir.
Rayon  ərazisində 36  QHT fəaliyyət göstərir. Bunlardan əlavə bir neçə təşkilat qeydiyyatdan keçməsə də fəaliyyəti mövcuddur. Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təhlili göstərir ki, rayonda əlil və veteranların problemlərinin həlli sahəsində 12 ,uşaq , gənclər və idmanla  bağlı 5, qadın problemləri ilə 2, ekologiya sahəsində  2,   təhsil, ziyalılar və jurnalistlərlə iş 4 , sosial, aqrar, iqtisadi ,həmkarlar sahəsində 10 və digər təşkilatlar dövlət qeydiyyatından keçmişdir.
       Rayon İcra Hakimiyyəti müstəqil Respublikamızın müdafiə qüdrətinin möhkəmləndirilməsi naminə üzərinə düşən bütün tədbirləri həyata keçirmiş və rüb  ərzində həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan 101 nəfər gənc hərbi xidmətə yola salınmışdır. Hazırda bu iş davam etdirilir.
Rayonda ictimai təhlükəsizliyin və sabitliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi sahəsində də bir çox işlər görülmüşdür. 2018-ci ilin doqquz ayı ərzində rayon ərazisində 315 cinayət hadisəsi qeydə alınmışdır. Cinayətlərin açılma faizi 93,5 % olmuşdur.
           2018-ci ilin doqquz ayı ərzində rayon İcra hakimiyyətinə 1406 müraciət daxil olmuşdur ki, onlardan 761 rayon İcra hakimiyyətinə, 645 isə yuxarı təşkilatlara ünvanlanmışdır. Daxil olmuş müraciətlərin 1132-si ərizə, 259-u şikayət, 15-i təklif olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ərizələrin sayında 1 ədəd artım, şikayətlərin sayında isə 16 ədəd azalma olmuşdur. Bu dövr ərzində  keçirilən qəbullar zamanı ümumilikdə 998 nəfər vətəndaş qəbul edilmişdir. Onlardan 654 nəfəri rayon İcra hakimiyyətində, 242 nəfəri səyyar, 102 nəfəri virtual qəbullarda qəbul edilmişdir. Rayonun idarə, müəssisə və təşkilatlarında, şəhər, qəsəbə və kənd icra nümayəndəliklərində vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində xeyli iş görülmüş, onların müraciətlərində qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar ictimaiyyət arasında böyük razılıqla qarşılanır.  Rüb ərzində “Dövlət Qulluğu Haqqında” qanuna və “Yerli İcra Hakimiyyətləri  haqqında Əsasnamə”yə uyğun olaraq Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatında və ərazi nümayəndəliklərində dövlət qulluğunun vəzifələrinə kadrların seçilib yerləşdirilməsi, ehtiyat kadr bazasının yaradılması və kadrların hazırlanması diqqət mərkəzində olmuşdur. Belə ki, istər rayon icra hakimiyyəti başçısı aparatı və istərsə də yerli ərazi nümayəndəlikləri daha gənc, işgüzar və bacarıqlı kadrlarla möhkəmləndirilmiş, idarəetmənin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər görülmüşdür. Yaranmış vakansiyalar barədə icra hakimiyyətinin elektron saytında və “Yeni həyat” qəzetində elanlar verilmişdir.
          Görülən işlərə baxmayaraq qarşıda bizi daha böyük və çətin işlər gözləyir.     
           Rayon ərazisində qazlaşdırmanın sürətlə davam etdirilməsi və planlaşdırıldığı kimi il sonuna qədər rayon ərazisinin 97 faizinin qazla təmin edilməsi həyata keçiriləcəkdir.
          Bildiyiniz kimi elektrik xətt təsərrüfatı istifadəyə yararsız vəziyyətdədir. Xətt təsərrüfatının yenilənməsinin həyata keçirilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Viləş çayının Masallı səhəri ərazisindən keçən hissəsində bənd – bərkitmə işlərinin başa çatdırılması və burada park-bulvar kompleksinin inşası ən böyük layihələrimizdəndir. Bu layihənin başa çatdırılması şəhərin simasını tamamilə dəyişəcək və ona xüsusi gözəllik verəcəkdir.
Kəndlərimizə içməli su xəttinin çəkilməsi, kəndlərarası  yolların əsaslı təmiri, habelə yeni təhsil və səhiyyə müəssisələrinin tikilməsi kimi bir çox abadlıq və quruculuq işlərinin həyata keçirilməsi, rayonun bütün ərazilərində geniş ağac əkini kampaniyasının aparılması istiqamətində tədbirlər görülməsi planlaşdırılır.
          Masallıda aqrar sahənin inkişafı ilə bağlı tədbirlərin görülməsi, ixtisaslaşmanın sürətlə aparılması, tütünçülüyün, üzümçülüyün tərəvəzçiliyin və kartofçuluğun inkişaf etdirilməsi, yeni çay plantasiyalarının salınması, istilikxanaların quraşdırılması, çiyələk, kivi təsərrüfatlarının və tədarük mərkəzlərinin yaradılması həlli vacib layihələrdəndir ki, bütün bunlar əhalinin sosial rifah halının yüksəlməsinə xidmət edir. Habelə sitrus və fındıq bağlarının salınmasına, heyvandarlığın inkişaf etdirilməsinə də xüsusi diqqət yetirməliyik. Eyni zamanda Masallı şəhərində “Logistik mərkəz” və “Yaşıl market” layihələrinin sürətlə reallaşdırılması diqqət mərkəzimizdə olacaqdır.
       Masallı rayonunda Viləşçay Su Anbarının ikinci növbəsinin tikilməsi və bəndin ümumi su tutumunun 120 mln m3-ə çatdırılması ilə bağlı təklifimiz ölkə rəhbərliyi tərəfindən bəyənilmişdir. Bu istiqamətdə hazırlıq işləri aparılır və bəndin ikinci növbəsinin tikintisi nəinki Masallının bütün regionun iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafına böyük təkan verəcəkdir.
      Rayonda turizmin inkişafı rayon iqtisadiyyatının əsas sahələrindən birini təşkil edir. Bu səbəbdən bütün regionu əhatə edən və bir mərkəzdən idarə olunan Turizm İstirahət şəhərciyinin İsti-Su zonasında salınması ilə bağlı irəli sürdüyümüz təklif reallaşmaq ərəfəsindədir. Bu istiqamətdə səylərimiz davam edəcəkdir.
       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Masallı rayonunda sahibkarlığın inkişafına dəstək vermək, onlara köməklik göstərmək və bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görmək ən ümdə vəzifələrimizdəndir. Habelə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, məmur-vətəndaş münasibətlərinin daha yüksək səviyyədə təşkili istiqamətlərində ardıcıl və sərt tədbirlərin görülməsi bundan sonra da daha geniş şəkildə davam etdiriləcəkdir.
Bildiyiniz kimi 2018-ci il Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmuşdur. Bu Sərəncamdan irəli gələn vəzifələrin Masallı rayonunda icrası ilə əlaqədar bütün imkanlar səfərbər olunacaq və bu vacib məsələ daim diqqət mərkəzində saxlanılacaqdır.
Hesabat yığıncağında çıxış edən Masallı rayon maliyyə idarəsinin müdiri Azər Abdullayev, 47 saylı Yol idarəsinin müdiri Mahmud Bağırov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Masallı KOB dostu Əkbər Şahverdiyev və başqaları rayonun 2018-ci il inkişaf tempindən bəhs etmişlər.

Keçidlər