Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı məktəbliləri şimal bölgəsinə yola düşüblər

23 mart 2019 | 16:00

“Ölkəmizi tanıyaq” devizi altında təşkil olunan maarifləndirici tur-aksiyaların növbəti mərhələsinə start verilib. Tur-aksiyada ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak edirlər.

Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyaların əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
23 mart 2019-cu il tarixdə səhər tezdən Masallı şəhərində tur-aksiyanın Quba-Qusar-Xaçmaz marşrutunun iştirakçılarının yolasalma mərasimində Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, təhsil işçiləri, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, dahi rəhbərin xatirəsi ehtiramla anılıb.
Ekskursiya çərçivəsində şagirdlər Quba, Qusar və Xaçmaz rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzləri, tarixi, mədəni abidələr, yeni və müasir binalar, qoruqlar, park və xiyabanlar, turizm məkanları ilə yaxından tanış olacaq, musiqili-əyləncəli proqramlara qatılacaqlar.
Ekskursiya zamanı məktəblilər Azərbaycanın təşəbbüsü ilə reallaşan bir sıra qlobal layihələr barədə də məlumatlandırılacaqlar.
Məktəblilərin asudə vaxtlarında “Nə? Harada? Nə vaxt?” intellektual oyunları təşkil olunacaq, qaliblərə xatirə hədiyyələri veriləcək, onlar üçün teatr tamaşaları və konsert proqramları təşkil ediləcək.
Sonda aksiya iştirakçılarını Qubaya aparan avtobus yola düşdü.

Keçidlər