Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel şəhidi Firdovsi Bağırzadənin anım mərasimi keçirilib

09 aprel 2019 | 16:00

09 aprel 2019-cu il tarixdə Masallı rayon Güllütəpə kəndində rayon ictimaiyyəti nümayəndələri aprel döyüşlərində şəhid olan Firdovsi Bağırzadənin xatirəsini ehtiramla yad ediblər.
Aprel döyüşlərində şəhid olmuş Firdovsi Bağırzadənin doğulub boya-başa çatdığı Güllütəpə kəndində keçirilən anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin,  təhsil şöbəsinin, SHXÇDX Masallı rayon şöbəsinin məsul işçiləri,  Milli Məclisin deputatı Musa Qasımlı, şəhid anaları, Firdovsi Bağırzadənin  doğmaları, rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqal və ziyalılar, kənd sakinləri, müəllim və şagirdlər , KİV nümayəndələri iştirak ediblər.
Azərbaycan Dövlət  himni   səsləndirilib .
Kənd tam orta məktəbində keçirilən mərasimdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Güllütəpə kənd ağsaqqallar şurasının sədri Məmmədəli Əlinağıyev aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan qələbənin əhəmiyyətindən danışıb. Güllütəpə kəndindəki mərkəzi küçəyə şəhid Firdovsi Bağırzadənin adı verilib.
Milli Məclisin deputatı Musa Qasımlı bildirib ki, bu gün Aprel döyüşlərinin şəhidi Firdovsi Bağırzadənin anım günüdür. O, şəhadətə qovuşana qədər bu kəndin oğlu idi, ancaq burada tanınırdı. İndi isə o, bütün ölkənin övladıdır. Hər yerdə şücaəti, igidliyi, cəsarəti, Vətənə sədaqəti ilə tanınır. Şəhidlər müqəddəsdirlər. Çünki, torpaq uğrunda qan tökülməsə, Vətən olmaz. Odur ki, belə oğullara şəhid demək olmaz. Onlar həmişə yaşayacaqlar. İndi güclü Ordumuz var. Bu Ordu ermənilər hücuma keçəndən yarım saat sonra onları geri otuzdurub, neçə-neçə yüksəkliyi düşmənin əlindən aldı. Bu Ordu cənab Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti sayəsində yaranıb və gündən-günə qüdrəti artır. Bu gün bizim vəzifəmiz isə ölkəmizdəki sabitliyi, əmin-amanlığı qorumaqda möhtərəm Prezidentə kömək etməkdir. Çünki, sabitlik, əmin-amanlıq olmayan ölkədə inkişaf olmaz.
Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova təbrir iştirakçılarına rayon rəhbəri cənab Rafil Hüseynovun salamını çatdırıb, tədbirdən əvvəl şəhidin anası Sehranə İbrahimovaya başçəkdiyini bildirib. Rayon rəsmisi  dövlətçiliyimiz, müstəqilliyimiz, Vətənimiz uğrunda canını qurban verənlərin, doğma xalqına sədaqət nümunəsi göstərənlərin heç vaxt unudulmayacağını gündəmə gətirib.
SHXÇDX rayon şöbəsinin nümayəndəsi Babək Hacıyev, rayon Təhsil Şöbəsi müdirinin müavini Samit İslamov, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva  və başqaları şəhid Firdovsi Bağırzadənin göstərdiyi qəhrəmanlıqdan, ordumuzun cəbhədəki uğurlarından söz açıblar.
Qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi Firdovsi Bağırzadənin də əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Sonra məktəblilər Vətənə, şəhidlərimizə həsr olunan şeirlər söyləyib, Firdovsi Bağırzadəyə həsr edilmiş ədəbi-bədii
kompazisya göstəriblər.
Aprel şəhidi Firdovsi Bağırzadənin dayısı Ağamir İbrahimov anım gününə görə Masallı rayon rəhbərliyinə, tədbir iştirakçılarına və məktəb kollektivinə minnətdarliq bildirdi.
Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, qərənfillər qoyublar.
Şəhidin ruhuna dualar oxunub.

Keçidlər