Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

31 may 2019 | 16:00

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü respublikamızın hər yerində olduğu kimi, Masallıda da bayram sevinci ilə qeyd olunub.

Mayin 31-də Heydər Əliyev Parkında keçirilən tədbirdə ümumtəhsil məktəblərinin müəllimləri, şagirdlər, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, tərbiyəçilər, uşaqlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüblər.

Bayram şənliyində çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, rayon təhsil şöbəsinin müdir müavini Samit İslamov uşaqları 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib, onlara cansağlığı, firavan həyat, dərslərində nailiyyətlər arzulayıblar.

Bildirilib ki, tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub.

Bildirilib ki, dünyanın əksər ölkələrində olduğu kimi, bu əlamətdar gün Azərbaycanda da hər il qeyd olunur. Ümummilli lider Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. 2009-cu ilin “Uşaq ili” elan edilməsi də bu sahəyə diqqətdən xəbər verir.

Tədbir parkdakı yay səhnəsində maraqlı konsert proqramı ilə davam edib.

Masallı Rayon Heydər Əliyev Mərkəzinin, Uşaq Yaradıcılıq İnkişaf Mərkəzinin bədii özfəaliyyət kollektivləri və rayon məktəblilərinin, eləcə də uşaqların nümayiş etdirdikləri səhnəciklər, səsləndirdikləri şeirlər, rəngarəng musiqi nömrələri, vətənpərvərlik mövzusunda hazırlanmış ədəbi-bədii kompozisiyalar tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.

İştirakçılar ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin uşaqlarla görüşlərini əks etdirən videoçarxa baxıblar.

Keçidlər