Şriftin ölçüsü :

Saytın rəngi :

Dünən şitil, bu gün sünbül - Çəltikçilik

10 avqust 2019 | 16:00

Rayonumuzda da bir neçə il əvvəl çəltikçiliyə maraq göstərildi. Elə birinci il Masallı düyüsü rəğbətləndi. Odur ki, bu sahə rayonun kənd təsərrüfatında özünə yer qazandı. Rayonda yüksək texnologiyalar əsasında qurulan dəyirman ünvan tapdı. İndi Masallı düyüsü burada müxtəlif tutumlu polietilen kisələrdə qablaşdırılır. Bazar-dükanlarda Masallı brendli düyüləri alıcılar fərəhlə alırlar.

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə 8 səhifədə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına DAİM-dən verilən məlumata görə bu il fermerlərimiz 203 hektardan çox sahədə çəltik yetişdirirlər. Xıl, Şıxlar, Yeddioymaq, Boradigah, Qızılağac, Sərçuvar, Tüklə, Ərkivan əməkçiləri bu sahənin inkişafına diqqətlə yanaşırlar.
Xıl fermerlərinin çəltikçiliyə marağı böyükdür. Bu il ərazidə 103 hektarda çəltik yetişdirilir ki, bunun 28 hektarı “Masallı nemətləri” şirkətinə məxsusdur. Dünən şumlanmış, malalanmış, alaqdan təmizlənmiş sahələri bu gün yaşıl xalıya bənzər ləklər, sünbülləyən şitillər əvəz edir. Kənddə bu sahəyə maraq göstərənlərin sayı ilbəil artır. Ərazidə olarkən öyrəndik ki, bu il sakinlərdən Ruhlan Qədirov, Əlvan Məmmədov, Mirsadıx Sadıxov, Fuad Abbasov çəltikçiliyin xeyirli olduğuna inanırlar.
Gənc fermer Ruhlan Qədirov bu sahənin önəmli olduğunu yəqinləşdirib. O, deyir:
-Torpağa könül verdiyim vaxtdan 5-6 il keçir. Əvvəllər valideynlərim bu torpaqda tərəvəz məhsulları, buğda, arpa əkirdilər. Əldə olunan məhsul ailəmizə kifayət etmirdi. Taxılda məhsuldarlıq az, tərəvəzi isə vaxtında satıb yerbəyer edə bilmirdik. Ağsaqqallar, veteran mütəxəssislər deyirdilər ki, ata-babalarımız Xılda çəltikçiliklə məşğul olublar, mal-qara bəsləyiblər. Hər iki sahə adamların dolanışığına müsbət təsir göstərib. Ancaq əkməmişdən əvvəl çəltiyin suyu barədə fikirləşin.
Mən də ötən ildən çəltikçiliyi seçdim. Bu il 4 hektarda məhsul yetişdirirəm. Əkinə çox yaxşı hazırlıq gördüm. Torpağın münasib yerdə seçilib şumlanması, hamarlanması, toxumun seçilməsi, əkinin vaxtında keçirilməsi və başqa aqrotexniki tədbirləri qaydasında həyata keçirdim. Çəltiyin canı sudadır, deyirlər. Eşitdiyimə görə su çatışmazlığından keçən il hektarlarla sahə ya yanıb, ya da məhsuldarlıq çox aşağı düşüb.
Müqaviləyə əsasən yaratdığım cədvələ görə ləklərə su buraxıram. Hələlik heç bir çətinliyimiz yoxdur. Bitkilər lazımi qədər su ilə təmin olunur. İndi ləklər göz oxşayır, bol məhsuldan xəbər verir. Böyüyən şitillər sünbülləşir. Bilirəm ki, zəhmətimizin bəhrəsini görəcəyik.

Keçidlər