Şriftin ölçüsü :

Saytın rəngi :

Erməni təxribatı nəticəsində həlak olan mülki şəxs Masallıda dəfn olundu

03 oktyabr 2019 | 16:00

Azərbaycan-Ermənistan dövlət sərhəddində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribatı nəticəsində 1958-ci il təvəllüdlü Alışov Səfərəli Ələkbər oğlunun cənazəsi 03 oktyabr 2019-cu il tarixdə anadan olduğu Masallı rayonu Güllütəpə ərazisinin Əmirtürbə kəndinə gətirilmişdir.

02 oktyabr saat 16:55 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskovatorçumuz Səfərəli Alışov düşmən tərəfindən atəşə tutulub.
Nəticədə ekskovatorun sürücüsü, mülki şəxs Alışov Səfərəli Ələkbər oğlu güllə yarası alıb. Hadisə yerində dərhal mümkün tibbi yardım göstərilməklə yaralının təcili təxliyəsi təmin edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. 

Dəfn mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və kollektivi, Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov, hüquq mühafizə orqanları rəhbərləri, rayonun ziyalıları, ağsaqqalları, DSX-nin Sərhəd Qoşunlarının əsgər və zabitləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Səfərəli Alışovun cənazəsi səhər saatlarında, böyüyüb boya-başa çatdığı Masallı rayonu Güllütəpə ərazisinin Əmirtürbə kəndindəki yaşadığı evə gətirilmiş, şəhidlə son vida mərasimi keçirilmiş, nəşi Əmirtürbə kənd qəbiristanlığında dəfn edilmiş, ruhuna dualar oxunmuşdur.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Dövlət Sərhəd Xidmətinin rəis müavini, Sərhəd Qoşunlarının komandanı general-leytenant Əsgər Xəlilov, Qafqaz Müsəlmanları İdarəsinin Cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov, “Tərəqqi” medallı Əməkdar müəllim Mirqabil Hüseynov, şəhidin qardaşı Hüseyn Alışov və başqaları Azərbaycan Ordusunun nailiyyətlərindən danışıb, şəhidə Allahdan rəhmət diləmişlər.

Çıxışlarda bildirilmişdir ki, Səfərəli Abışov düşmənlə təmas xəttinə yaxın ərazilərdəki mövqelərimizdə təminat yollarının salınması ilə məşğul olub. Sadə peşə sahibi, ekskavatorçu olan S.Alışov iş başında olarkən onun ekskavatoru dəfələrlə düşmən atəşinə tutulub. Lakin o, cəsarətlə işini davam etdirib.

Natiqlər izdiham qarşısındakı nitqlərində şəhidin ailəsinə dərin hüznlə başsağlığı verərək, bildirmişlər ki, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın qisası qüdrətli ordumuz tərəfindən düşməndən tezliklə alınacaq. Hamı Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşib. Çünki, bizim yolumuz haqq yoludur.

Səfərəli Alışovun təltif olunduğu  “Azərbaycan Sərhəd Mühaizəsinin 100 illiyi”, “Hərbi əməkdaşlıq sahəsindəki xidmətlərə görə” medalları və Azərbaycanın üçrəngli bayrağı şəhidin oğluna təqdim edilmişdir.

Keçidlər