Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı zəfəranı

14 mart 2020 | 16:00

Rayonda kənd təsərrüfatının  unudulan sahələrini əmək adamlarının yadına salmaqda qəzetimiz həmişə sözünü deyib. Vur demək vurmaqdan irəlidir, deyirlər. Ötən əsrin 90-cı illərindən əkilib-becərilməsi unudulan və yavaş-yavaş sıradan çıxan təsərrüfat sahələri – çəltikçilik, çayçılıq, sitrusçuluq, tütünçülük, baramaçılıq,  habelə, zəfəran, bostan bitkilərinin yenidən yetişdirilməsi barədə qəzetimiz təbliğatçılıq funksiyasını vaxtında yerinə yetirir.

Bəziləri bu zəfəranın yalnız Abşeronda yetişdirilməsini, dünyada tayı-bərabəri olmadığını iddia edir.

Heç şübhəsiz Abşeron zəfəranı dünya şöhrətlidir, əsasən xaricə ixrac olunur, özü də baha qiymətə. Amma Masallı zəfəranı – yəni bölgəmizdə yetişdirilən zəfəran neçə əsrdir ki, süfrələrimizə düzülən təamlara dad, ləzzət, yaraşıq verir. Zəfəranlı plovun ləzzəti özgədir. Hələ başqa təamları demirik. Hər kəs həyətyanı sahəsində yarım sot zəfəran əksə həmin ailəni bir il bu gözəl ədviyyatla təmin edər.

Əlimizdə olan məlumata görə keçən il – biz yazandan sonra rayonumuzun təsərrüfatlarında 22 hektar sahədə zəfəran yetişdirilib. Bu, uğurdur.

Qızılağac, Qızılavar, Öncəqala,  Mahmudavar,  Ərkivan,   Çaxırlı, Sığdaş ərazilərinin hər birində 1-2 hektar sahədə zəfəran əkilmişdir.

Zəfəran əsasən Novruz bayramından sonra əkilir. Keyfiyyətli toxumun məhsulu da bol və keyfiyyətli olar. Bu bitki quraqlığa davamlıdır, mineral gübrələri sevmir.  Məhsulu günaşırı səhər tezdən şehli-şehli yığıb bir neçə saat kölgədə  qoymalı, sonra isə gündə qurudulmalıdır. Zəfəran gərəkli, vacib ədviyyat bitkisidir. Masallı bu bitkinin vətənidir. Onun əkin sahələrini genişləndirin.

Keçidlər