Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda "iqtisadiyyatın inkişafında sahibkarlığın rolu" mövzusunda tədbir keçirilmişdir

24 aprel 2014 | 15:00

23 aprel 2014-cü il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidentinin 3 mart 2014-cü il tarixli Fərmanından irəli gələn vəzifələr, aparılacaq islahatlar, eləcə də sahibkarların bu barədə məlumatlandırılması məqsədi ilə növbəti tədbir keçirilmişdir.

Tədbirdə İqtisadiyyat və Sənaye, Ədliyyə Nazirliklərinin, Dövlət Sosial Müdafiə Fondunun, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ), Beynəlxalq Maliyyə Korporasiyasının (İFC), Lənkəran iqtisadi rayonuna daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin nümayəndələri, həmçinin 300-dən çox sahibkar iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynov gələn qonaqları salamlamışdır.

Natiq, dövlət başçısının rəhbərliyi ilə ölkədə quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, digər şəhər və rayonlarda olduğu kimi, Masallının da sürətlə inkişaf etdiyini, şəhərdə yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, bu sahədə sahibkarların rolunun daha da artdığını vurğulaçışdır.

Qeyd edilmişdir ki, "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Fərman hər bir bölgədə olduğu kimi, Masallıda da sahibkarlığın sürətli inkişafına təkan verəcəkdir.

Toplantıda çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov Azərbaycanın son 10 ildə böyük inkişaf yolu keçdiyini, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli iqtisadiyyatımızın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində daha da sürətlə inkişaf etdiyini, ölkəmizdə sahibkarlığın inkişafına xüsusi diqqət göstərildiyini, bu istiqamətdə kompleks dövlət dəstəyi tədbirlərinin davam etdirildiyini bildirmişdir.

Qeyd olunmuşdur ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artmış, ÜDM-də özəl sektorun xüsusi çəkisi 80 faizi ötmüşdür.

Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 3 mart 2014-cü il tarixli Fərmanı sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının, bu sahənin inkişafına verilən böyük önəmin, özəl bölməyə dövlət dəstəyi tədbirlərinin ardıcıllığının göstəricisi, sahibkarlığın inkişafının yeni mərhələsinin hüquqi əsaslarını özündə əks etdirən mühüm konseptual sənəddir.

Fərmana uyğun olaraq, ölkəmizdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması üçün müvafiq araşdırmalar aparılmış və hər bir istiqamət üzrə nümunəvi modellər təhlil olunmuşdur.

Sənəddə aidiyyəti üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin "bir pəncərə" prinsipinə uyğun olaraq elektron qeydiyyatı, eləcə də tikintiyə icazələrin verilməsi sahəsində prosedur və müddətlərin azaldılması, elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedur, müddət və xərclərin minimuma endirilməsi, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahəsində prosedur, müddət və xərclərin azaldılması, kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi, idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılması üçün müvafiq təkliflərin hazırlanması tapşırılmışdır.

Artıq İqtisadiyyat və Sənaye Nazirliyi Fərmanda verilmiş tapşırıqların icrası ilə bağlı təkliflər paketini hazırlamış və aidiyyəti dövlət qurumlarına təqdim etmişdir. Fərmana uyğun olaraq aparılacaq islahatlar çərçivəsində 6 qanunun qəbul olunması nəzərdə tutulur. İki qanun tamamilə yeni olacaqdır, bunlar "Özəl kredit büroları haqqında" və "Təminatlı əqdlər haqqında" qanun layihələridir.

Bu qanunların qəbul olunması bank xidmətləri sferasının genişlənməsinə, eləcə də sahibkarların maliyyə xidmətlərinə çıxış imkanlarının daha da artırılmasına imkan yaradacaqdır.

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov dövlət başçısının müvafiq Fərmanının Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması və ən qabaqcıl təcrübə əsasında təkmilləşdirilməsi istiqamətində əsas yol xəritəsi olmaqla, qarşıdakı illərdə sahibkarlığın inkişafı üçün geniş imkanlar açdığını qeyd etmiş, Fərmana əsasən aidiyyəti dövlət qurumları ilə birlikdə dünyanın qabaqcıl ölkələrinin təcrübəsi nəzərə alınmaqla sahibkarlıq sahəsində 8 istiqamət üzrə geniş islahatların aparılmasının müəyyən edildiyini və bu istiqamətdə müfaviq işlərə başlanıldığnı bildirmişdir.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndəsi Faiq Səmədov Azərbaycanda sahibkarlığın inkişafına daim diqqət göstərildiyini, ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılması və inzibati prosedurların sadələşdirilməsi ilə bağlı mütəmadi tədbirlər görüldüyünü qeyd etmiş, ölkə başçısının müvafiq Fərmanının ölkəmizdə biznes və investisiya mühitini daha da yaxşılaşdıracağını, qeyri-neft sektorunun, sahibkarlığın sürətli inkişafını təmin edəcəyini vurğulamışdır.

Nazirliyin Strateji planlaşdırma şöbəsinin müdir müavini Rəşad Dayıyev çıxışında "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər barədə məlumat vermişdir.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) nümayəndəsi Gülnarə Məmmədova GİZ ilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən birgə həyata keçirilən layihələrinin Azərbaycanda özəl sektorun inkişafına dəstək və sahibkarlığın təşviqinə yönəldiyini qeyd etmiş, Nazirliklə təmsil etdiyi qurumun uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırmışdır.

Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) nümayəndəsi Əbülfəz Manafov (yoxlama.gov.az) saytının sahibkarlar üçün əhəmiyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.

Ədliyyə Nazirliyinin nümayəndəsi Anar Quliyev sahibkarların hüquq və maraqlarının müdafiəsi, Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Xalid Abdullayev sahibkarlardan hesabatların elektron qaydada qəbul edilməsi barədə məruzələrlə çıxış etmişlər.

Tədbirin sonunda sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.

 

Keçidlər