Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayonunda 2014-cü ilin I yarımilində sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

17 iyul 2014 | 15:00

İyulun 17-də Masallı şəhər Heydər Əliyev Mərkəzində 2014-cü ilin I yarımilində sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı  keçirilmişdir.

             Yığıncağı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq toplantı iştirakçılarının salamlamış, 2014-cü ilin I yarımilində sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran məsələlər barədə məruzə ilə çıxış edərək vurğulamışdır ki,

       Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə 10 iyul  2014-cü il tarixdə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında çıxış edən ölkə başçısı bildirmişdir ki, 2014- cü ilin birinci yarısında ölkəmizin uğurlu inkişafı təmin edilmişdir. Qarşıda duran bütün məsələlər uğurla icra edilmişdir. Bizim uğurlarımızın təməlində düşünülmüş siyasət, sabitlik dayanır. İqtisadi sahədə aparılan islahatlar da mühüm yer tutur. Çünki bu islahatlar sayəsində Azərbaycanın dayanıqlı inkişafı təmin olunmuşdur.  
      Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da 2014-cü ilin birinci yarısı sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olmuş və yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmişdir.
     Hazırda rayonun inkişaf proqramında nəzərdə tutulmuş bir sıra sosial-mədəni obyektlərin tikintisi davam etdirilir. Belə ki, şəhərin H.Aslanov, Azərbaycan küçələrində və Talışxanov prospektində geniş abadlıq və quruculuq işləri aparılır. Bu işlər çərçivəsində qeyd olunan küçələrdə müasir işıqlandırma sisteminin, səkilərin qurulması və yaşıllıq zolaqlarının salınması nəzərdə tutulur. Həmçinin H.Aslanov küçəsində yerləşən kommunal binaların fasadlarının və dam örtüklərinin əsaslı təmiri tamamlanmışdır. Bundan əlavə Səməd Vurğun, Qarabağ və Azərbaycan küçələrində asvalt örtüyü döşənmiş, səkilərin yenidən qurulması başa çatdırılmış və işıqlanma sisitemi yenilənmişdir.
     Eyni zamanda Masallı Tarix Diyarşünaslıq muzeyinin, Uşaq-İncəsənət məktəbinin, Bayraq meydanının tikintisi davam etdirilir. Habelə Masallı şəhər 1 saylı, Kolatan kənd tam orta məktəblərinin əsaslı təmiri, Mahmudavar kənd əsas məktəbinin tikintisi aparılır, Bədəlan kənd tam orta məktəbinin isə əsaslı təmiri başa çatdırılmışdır. Masallı şəhərində 2 uşaq bağçası üçün yeni binanın tikintisinə başlanılmışdır ki, onlardan biri sosial təşəbbüslə həyata keçirilir. Bədəlan kəndində uşaq bağçası üçün uyğunlaşdırılmış binada əsaslı yenidənqurma işləri başa çatdırılmış, Kolatan kəndində 60 yerlik uşaq bağçasının təmir işləri aparılır.  Viləş çayının sahilində bənd bərkitmə işlərinin aparılması məqsədi ilə layihə-smeta sənədlərinin hazırlanması işləri başa çatdırılmış və yaxın vaxtlarda bu istiqamətdə işə başlanılması nəzərdə tutulur. Daha sonrakı mərhələdə isə Viləş çayının hər iki sahilini əhatə edən park bulvar kompleksinin tikintisinə başlanılacaqdır.
      İstifadəyə verilmiş istehsal, emal və xidmət obyektləri yeni iş yerlərinin açılmasına öz təsirini göstərmişdir.  2014-cü ilin birinci yarısında Masallı Rayon Məşğulluq Mərkəzinə 155 nəfər müraciət etmişdir. Onlardan 98 nəfəri işlə təmin olunmuşdur ki, onların da 49 nəfərini qadınlar təşkil edir. 
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində Masallı rayonu üzrə nəzərdə tutulan tədbirlər yerinə yetirilmiş və əsas makroiqtisadi göstəricilər üzrə müsbət dinamika əldə olunmuşdur. Yeni qəbul olunmuş III Dövlət proqramı bu inkişafın daha sürətlə aparılmasını və əhatə dairəsinin genişlənməsini təmin edəcəkdir.
Hesabat dövründə rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 26.6 % artaraq 243862.4 min manat olmuşdur. Bu dövrdə sənaye məhsullarının həcmi keçən ilin müvafiq dövrü ilə müqaisədə 4,2 faiz artaraq 16988 min manata, kənd təsərrüfatı məhsullarının həcmi 0.2 faiz artaraq 47289.1 min manata çatmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 0,3 faiz artaraq 32000 min manat olmuşdur.
         Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində Masallı rayonunda yeni sənaye müəssisələrinin açılması davamlı xarakter almışdır. 2014-cü ilin birinci yarısında Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara 47 layihə üzrə 12 milyon 156 min manat kredit verilməsi milli iqtisadiyyatın lokomotivi kimi sahibkarlıq subyektlərinin sayının artmasına , fəaliyyət dairəsinin genişlənməsinə təkan vermiş və 241 yeni iş yerinin açılmasına səbəb olmuşdur.
     Masallı  Respublikanın mühüm kənd təsərrüfatı rayonudur. Dövlət himayəsinə xüsusi  ehtiyacı olan sahə kimi kənd təsərrüfatının inkişafı ali dövlət  rəhbərliyinin diqqət mərkəzindədir. Bu diqqətin nəticəsidir ki, 2014-cü ilin birinci yarım ilində rayonun kənd, meşə, balıqçılıq təsərrüfatında 47289.1 min manatlıq məhsul istehsal edilmişdir ki, bu da keçən ilin mavafiq dövrü ilə müqayisədə 87.4 min manat və ya 0.2 % çoxdur. Kənd təsərrüfatı müəssisələrində bir işçi üçün orta aylıq əmək haqqı 173 manat olmuşdur.
     01 iyul 2014-cü il vəziyyətinə rayonda iri buynuzlu mal-qaranın baş sayı 73770 başa, xırda buynuzlu mal-qaranın baş sayı 84251 başa çatmışdır. Hesabat dövrü ərzində süd istehsalı 26766.5 tona, ət istehsalı 2793.3 tona, yumurta istehsalı 34.820.000 ədədə çatmışdır.
     Rayonda 13025 ha taxıl, ondan 8166 ha buğda, 3188 ha arpa və 1671 ha dənlik vələmir əkini aparılmışdır. Bundan əlavə 1455 ha kartof, 365 ha bostan və 2547 ha tərəvəz əkilmişdir.
     Hesabat dövrü ərzində Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında Masallı sahibkarlarının da iştirakı təmin edilmişdir. Yarmarkaya  13.8 ton kartof, 385 litr qatıq, 170 ton balqabaq, 100 kq noxud, 3.3 ton soğan, 1.4 ton kələm, 4.7 ton badımcan, 1.1 ton paxla, 1.7 ton lobya, 5.9 ton xiyar, 290 ədəd toyuq (diri), 40 kq bal,  520 litr süd və 17200 ədəd yumurta göndərilmişdir.
     210 min nəfərdən çox sakini olan Masallı rayonunda əhalinin 90%-ə qədəri kəndlərdə yaşayır və əkinçiliklə məşğul olur. Dəfələrlə qeyd etdiyimiz kimi Masallı rayonunda kənd təsərrüfatının inkişaf etdirilməsi və gəlirli sahəyə çevrilməsi qarşımızda duran ən prioritet məsələdir. Bu istiqamətdə müəyyənləşdirilən tədbirlərin həyata keçirilməsi, o cümlədən yeni bazarların tapılması işi sürətləndirilməlidir.
Rayonda kənd təsərrüfatının istehsalının ixtisaslaşması günümüzün vacib tələblərindəndir və bu işin uğurlu icrası torpaq resurslarının kəmiyyət və keyfiyyət xarakteristikalarından aslıdır. Masallıda ənənəvi və faydalı əkin sahələri  əsasən tərəvəzçilik, çayçılıq və kartofçuluq hesab olunur. Taxılçılıqdan bu sahələrə keçid prosesinin sürətlə aparılması və hazırda əkilməyən 7 min hektara yaxın torpaq sahəsinin əkin altına salınması  minlərlə yeni iş yerinin açılmasına və əhalinin rifah halının ciddi şəkildə yüksəlməsinə səbəb olacaqdır. Eyni zamanda tərəvəz əkini sahələrinin genişləndirilməsi, saxlama, çeşidləmə, qablaşdırma və nəqletmə kompleksinin qurulması ilə Masallının faraş tərəvəzinin təkcə yerli bazarlara deyil, böyük həcmdə qonşu ölkələrin bazarlarına da çıxarılmasına imkan yarana bilər. Bu istiqamətdə atılan addımlar artıq öz müsbət nəticələrini verməkdədir. Belə ki, əlaqədar təşkilatlarla aparılan danışıqlar nəticəsində “Yaşıl market”in salınması ilə bağlı ilkin razılıq əldə olunmuşdur. Düşünürəm ki, bu çox əhəmiyyətli bir hadisədir və rayonda kənd təsərrüfatının inkişafına öz tövhəsini verəcəkdir.
      Birinci yarımildə Viləşçay Su Anbarı İstismar İdarəsi tərəfindən rayon ərazisindəki suvarma kanallarında ümumilikdə 85000 m3 həcmində və 36 km uzunluğunda lildən təmizləmə işləri aparılmışdır. Həmçinin rayon ərazisində 4500 ha qapalı suvarma şəbəkəsi olan əkin sahələrində suvarma işləri aparıldığından bu şəbəkələrə texniki baxış keçirilərək təmir işləri görülmüşdür.           
      Hesabat dövrü ərzində Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 41 ha sahədə meşə səpini və əkini işləri aparılmış, 18 ha sahə kollardan təmizlənmişdir.
      Rayon Baytarlıq İdarəsi tərəfindən hesabat dövründə rayonda iri və xırda buynuzlu mal-qarada və digər ev heyvanlarında qara yara, quduzluq və dabaq xəstəliklərinə qarşı, eləcə də ev quşlarında müxtəlif xəstəliklərə qarşı peyvəndləmə işləri aparılmışdır.
      Tarazlı regional inkişafın sosial yönümünün güçləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, regional siyasətdə insan amilinin önə cəkilməsi istiqamətində atılan addımlar daim diqqət mərkəzində saxlanılır.
      Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən hesbat dövründə proqnoz tapşırıqları büdcədən maliyyələşən təşkilatlar üzrə 2265.7 min manata qarşı 2393.7 min manat və ya 105,6%, qeyri-büdcə təşkilatları və fiziki şəxslər üzrə 761.6 min manata qarşı 602.4 min manat və ya 79,1% yerinə yetirilmişdir. Şöbədə hazırda 27 min 192 nəfər əmək pensiyaçısı uçotdadır. Rüb ərzində ümumilikdə 707 nəfərə əmək pensiyası təyin olunmuşdur.
      2014-cü ilin birinci yarısında Masallı Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə 1529 ailə Ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət etmiş, onlardan 1090 ailəyə Ünvanlı Dövlət Sosial Yardım təyinatı aparılmış, 439 ailənin tələbindən qanuna müvafiq olaraq imtina edilmişdir. Yardım təyinatı aparılmış ailələrə 4011.4 min manat vəsait ödənilmişdir. Həmçinin rüb ərzində 7685 nəfər vətəndaşa sosial müavinət təyinatı aparılmış və onlara 3431.9 min manat vəsait ödənilmişdir.
      Sosial infrastruktur şəbəkəsinin inkişaf tempi yüksəlməkdə, miqyası genişlənməkdədir. Rüb ərzində Masallı Elektrik şəbəkəsi tərəfindən 10/04 kvt-lıq  xətlərdə təmir bərpa işləri aparılmış, 89 ədəd dəmir beton, 51 ədəd isə ağac dirək dirək dəyişdirilmişdir.
      Lakin enerji haqlarının toplanmasında istənilən nəticə əldə olunmamışdır və bu sahədə çətinliklər hələ də qalmaqdadır.
       Dövlət Proqramı əsasında rayon mərkəzinin və 22 yaşayış məntəqəsinə bir pilləli sistem üzrə yeni qaz xəttinin çəkilməsi layihəsi ilə əlaqədar hazırda Qədirli və Xallıcallı kəndlərində yeni qaz xətlərinin çəkilməsi işlərinə başlanılmışdır. Lakin Yeddioymaq, Ərkivan qəsəbə, Kolatan və Təklə kəndlərində qaz xətlərinin çəkilişi dayandırılmışdır ki, bu da əhalinin narazılığına səbəb olur.
      Artıq 2 ildən çoxdur ki, Cənab Prezidentin xeyir duası ilə Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır.Bu proses çərçivəsində görülən işlərdə uzunmüddətli gecikmələr və problemlər müşahidə olunmuşdur. Bununla bağlı tərəfimizdən  aidiyyətı təşkilatlara ciddi iradlar bildirilmiş və nəticədə işlərin gedişində müəyyən dönüş əldə olunmuşdur. Ümid edirk ki, bu layihə vaxtında və yüksək keyfiyyətlə tamamlanacaq və bununla da şəhərin ən böyük problemi öz həllini tapacaqdır.
       Masallı rayonunun əksər kəndlərində içməli su xəttinin və ya qaynaqlarının olmaması əhalinin gündəlik həyatında ciddi çətinliklər yaradır. Bu problemin həlli ilə bağlı Cənab Prezident İlham Əliyev tərəfindən müvafiq qurumlara verilən tapşırıqlara əsasən Muğan zonası və Qızılağac istiqamətində olan 42 kəndin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələndirmə işləri aparılmış və “Viləşçay” su dəryaçasından həmin istiqamətlərdə olan kəndlərə içməli su xəttinin çəkilməsinə başlanılmışdır. Hazırda su mənbəyindən Şərəfə-Həsənli-Təklə istiqamətində  19 km-ə yaxın magistral  xətt çəkilmişdir. İlin sonuna qədər layihə çərçivəsində bəzi kəndlərə suyun verilməsi nəzərdə tutulur.
       Müvafiq Dövlət Proqramına əsasən və Heydər Əliyev Fondunun təşəbbüsü ilə son illərdə Masallıda təhsil infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Yeni məktəb binalarının tikintisi və əsaslı təmiri geniş vüsət almışdır. Bu çərçivədə rayonda  37 yeni məktəb binası tikilmiş və ya əsaslı təmir olunmuşdur. Hazırda 3 məktəbin əsaslı təmiri və bir məktəbin tikintisi davam etdirilir.
Yeni təhsil konsepsiyasında peşə təhsili sisteminin inkişafı prioritet istiqamətlərdəndir. Bu mənada rayonda fəaliyyət göstərən yeganə peşə məktəbinin maddi-texniki bazasının yaxşılaşdırılması və fəaliyyətinin genişləndirilməsi həlli vacib məsələlərdəndir.
           Masallıda dövlət Regional Kollecinin açılması ilə bağlı ölkə rəhbərliyi qarşısında məsələ qaldırılmış və bununla bağlı Sərəncam imzalanmışdır. İlkin mərhələdə 5 ixtisas üzrə fəaliyyət göstərəcək kollecin formalaşdırılması üçün  hazırlıq işləri sürətlə aparılır və yeni dərs ilində fəaliyyətə başlayacaqdır. Bu kollecdə müxtəlif  ixtisaslı kadrların, o cümlədən turizm və kənd təsərrüfatı mütəxəssislərinin hazırlanması planlaşdırılır. Fürsətdən istifadə edib bu əlamətdar hadisə münasibəti ilə hammınızı təbrik edir və bizə göstərdiyi bu diqqət və qayğıya görə möhtərəm Prezidentimizə bütün Masallı adından öz minnətdarlığımızı bildirirəm.
         Masallı rayonunda 16 uşaq bağçası fəaliyyət göstərir ki, burada da 940 uşaq tərbiyə alır. Uşaq bağçalarının istər maddi texniki bazası, istər ərzaq təminatı, istərsə də burada çalışan tərbiyəçilərin təhsil səviyyəsi günün tələblərinə cavab vermir.
      Son illərdə bu uşaq bağçalarının üçü əsaslı təmir olunmuşdur. Hazırda Masallı şəhərində 2 uşaq bağçasının tikintisi və Kolatan kəndində isə yeni uşaq başçasının əsaslı təmiri davam etdirilir. Eyni zamanda Bədəlan kəndində bağça-məktəb kompleksinin yaradılması üçün işlər aparılır.
İnsanların sağlamlığı, sağlam həyat tərzi məsələləri daim diqqət mərkəzində saxlanılır. Səhiyyənin, xəstəliklərin profilaktikası sisteminin inkişafı gündəlikdə olmaqla, sahəyə yönəldilən investisiyalar ilbəil artırılır.
       2014-cü ilin birinci yarım ilində rayon əhalisinə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək, onun maddi texniki bazasını möhkəmləndirmək üçün bir sıra işlər görülmüşdür.
       2014-cü ilin ilk altı ayında rayonda 1435 nəfər uşaq doğulmuşdur. Evdə doğuş son illərdə ən aşağı səviyyədə 0.7 promil (7 nəfər) olmuşdur. Uşaq ölümü isə 1.3 promil (1 nəfər) olmuşdur.
       Bundan əlavə vərəm xəstəliyinə qarşı mübarizə tədbirləri davam etdirilmiş və altı ay ərzinə 1528 nəfər  uşağa vərəm əleyhinə BSJ peyvəndi vurulmuşdur.
       Rayon əhalisinin tibbi müayinəsi uğurla başa çatdırılmışdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən fevral ayının 17-dən may ayının 1-nə kimi 18 yaşdan yuxarı 80512 nəfər rayon əhalisi tibbi müayinədən keçirilib. Bunlardan 17506 nəfəri müxtəlif yardımçı diaqnostik müayinələrdən keçirilib.  Müayinələr zamanı 2714 nəfər xəstə aşkar edilmişdir. Bu xəstələrdən 2538 nəfər ambulator, 186 nəfər  stasionar müalicəyə cəlb olunmuşdur. Aşkar olunan xəstələrdən 161 nəfəri daha ixtisaslı müayinə və müalicədən ötrü Bakı şəhərinə müxtəlif profilli klinikalara göndərilmişdir.
      Müayinələr zamanı aşkar olunan 22 nəfər göz xəstəsinin əməliyyata ehtiyacı olduğundan akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı rayon filialında cərrahi əməliyyat edilmişdir. 
       İmtiyazlı qrupa daxil olan xəstələrin tibbi müayinəsi və müalicəsi də diqqət mərkəzindədir. Xüsusilə şəkərli diabeti olan 4374 xəstəyə hər ay dərman preparatlarının verilməsi üçün bütün imkanlardan istifadə edilir. Hazırda rayonda 513 vərəmli xəstə, 112 nəfər xroniki böyrək çatışmamazlığı, 732 nəfər onkoloji, 14 nəfər hemofiliyalı, 74 talassemiya xəstəsi dispanser qeydiyyatındadır.
  Rayonda fəaliyyət göstərən tibb məntəqələrinin maddi texniki bazasının yaxşılaşdırılması məqsədilə də tədbirlər görülmüşdür. Mərkəzi Rayon Xəstəxanası, Boradigah qəsəbə, Kalinovka kənd sahə xəstəxanlarının əsaslı təmiri və Qarğalıq kənd həkim məntəqəsinin tikintisi davam edir. Hesbat dövründə 4 yeni həkim məntəqəsinin- Güllütəpə, Şərəfə, Türkoba və Xırmandalı kənd həkim məntəqələrinin tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.
      Masallı Rayon Gigiena və Epidemiologiya Mərkəzi ikinci rüb ərzində mütəmadi olaraq ərazilərdə reydlər keçirmiş və yolxucu xəstəliklərə qarşı peyvəndlər aparmış, rayonda istehsal olunan 10 növ yeyinti məhsuluna gigiyenik sertifikat alınmışdır. Hesabat dövrü ərzində keçirilmiş reydlər zamanı yol verilmiş nöqsanlar aşkarlanaraq 177 akt tərtib edilmiş, sanitar norma və qaydalara əməl etməyən 30 cavabdeh şəxs barəsində inzibati cərimə protokolu tərtib edilmişdir.
      Masallı Dezinfeksiya Stansiyası tərəfindən bağlanmış müqavilələrə uyğun olaraq rayon ərazisində olan obyektlərdə 196378 m2 sahədə gəmiricilərə qarşı mübarizə, 96850 m2 sahədə isə həşəratlara qarşı mübarizə tədbirləri həyata keçirilmişdir.
      Masallı rayon Mədəniyyət və Turizm şöbəsi cari ilin birinci yarısında əlamətdar günlərin qeyd edilməsi və bayram tədbirlərinin təşkilini daim diqqətdə saxlamışdır. 12-16 iyun 2014-cü il tarixlərdə Ulu Öndərin 91 illik yubleyinə həsr edilmiş III Masallı Beynəlxalq Folklor Festivalı yenə də öz möhtəşəmliyi ilə yaddaqalan olmuşdur. Bu Festivalın yüksək səviyyədə təşkil olunmasında əməyi olan hər bir şəxsə öz təşəkkürümü bildirir və inanıram ki, Masallı həmişə belə gözəl layihələrlə özünü tanıtdıracaqdır.
      Masallı rayonunda fəaliyyət göstərən 31 turizm obyektindən 28-i müvafiq lisenziya ilə təmin edilmişdir ki, bu istirahət mərkəzlərində 1176 turist yeri vardır. Cari ilin 6 ayı ərzində bu turist obyektlərində 7850 nəfər turist istirahət etmişdir ki, onlardan 410 nəfəri xarici turist olmuşdur. 
       Yenidən inşa olunan Heydər Əliyev Mərkəzində Ümummilli liderimiz Heydər Əliyevin siyasi və təşkilati irsinin öyrənilməsində, gənclərin dünyagörüşünün genişləndirilməsində, bilik və bacarığının artırılmasında mühüm əhəmiyyət kəsb edən xalçaçılıq, heykəltəraşlıq emalatxanaları, həmçinin kinostudiya yaradılmaqla müxtəlif xalq sənətkarlığı və poliqrafiya dərnəkləri fəaliyyət göstərir. Bundan əlavə Mərkəzdə internet kafe, 3D formatlı kinozal, intellektual oyunlar otağı, elektron kitabxana, 300 yerlik tamaşa-konfrans zalı  gənclərin və şagirdlərin istifadəsinə verilmişdir. Hazırda Mərkəzdə müxtəlif kurslar, o cümlədən xarici dil kursları fəaliyyət göstərir.
Rayon İcra Hakimiyyəti müstəqil Respublikamızın müdafiə qüdrətinin möhkəmləndirilməsi naminə üzərinə düşən bütün tədbirləri həyata keçirmiş və hesbat dövrü ərzində həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan 356 nəfər gənc hərbi xidmətə yola salınmışdır. Hazırda hərbi çağırış davam etdirilir.
Rayonda ictimai təhlükəsizliyin və sabitliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi sahəsində də bir çox işlər görülmüşdür.
Hesabat dövründə “Dövlət Qulluğu Haqqında” qanuna və “Yerli İcra Hakimiyyətləri  haqqında Əsasnamə”yə uyğun olaraq Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatında və ərazi nümayəndəliklərində dövlət qulluğunun vəzifələrinə kadrların seçilib yerləşdirilməsi, ehtiyat kadr bazasının yaradılması və kadrların hazırlanması diqqət mərkəzində olmuşdur. Belə ki, istər Rayon İcra Hakimiyyəti Başçısı aparatı və istərsə də yerli ərazi nümayəndəlikləri daha gənc, işgüzar və bacarıqlı kadrlarla möhkəmləndirilmiş, idarəetmənin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər görülmüşdür. Yaranmış vakansiyalar barədə İcra hakimiyyətinin elektron saytında və “Yeni həyat” qəzetində elanlar verilmişdir.
Görülən işlərə baxmayaraq qarşıda bizi daha böyük və çətin işlər gözləyir. Masallı şəhərində abadlıq işlərinin və su-kanalizasiya sisteminin qurulmasının yüksək  səviyyədə həyata keçiriməsi, həmçinin rayon ərazisində qazlaşdırmanın və elektrik xətt təsərrüfatının yenilənməsinin başa çatdırılması həllini gözləyən vacib problemlərdəndir. Xüsusilə də xətt təsərrüfatının yenilənməsi üçün bütün imkanlardan istifadə edilməlidir.
Viləş çayının Masallı səhəri ərazisindən keçən hissəsində bənd – bərkitmə işlərinin aparılması və burada park – bulvar kompleksinin inşası ən böyük layihələrimizdəndir.Bu layihənin başa çatdırılması şəhərin simasını tamamilə dəyişəcək və ona xüsusi gözəllik verəcəkdir.
Kəndlərimizə içməli su xəttinin çəkilməsi, kəndlərarası  yolların əsaslı təmiri, habelə yeni təhsil və səhiyyə müəssisələrinin tikilməsi kimi bir çox abadlıq və quruculuq işlərinin həyata keçirilməsi, rayonun bütün ərazilərində geniş ağac əkini kampaniyasının aparılması qarşımızda duran əsas vəzifələrdəndir.
Masallıda aqrar sahənin inkişafı ilə bağlı tədbirlərin görülməsi,ixtisaslaşmanın sürətlə aparılması,tərəvəzçiliyin və kartofçuluğun inkişaf etdirilməsi, yeni çay plantasiyalarının salınması, istilikxanaların quraşdırılması, çiyələk, kivi təsərrüfatlarının və tədarük mərkəzlərinin yaradılması həlli vacib layihələrdəndir ki, bütün bunlar əhalinin sosial rifah halının yüksəlməsinə xidmət edir. Eyni zamanda Masallı şəhərində “Sənaye məhəlləsi”nin və “Yaşıl market”in və sənaye məhəlləsinin salınması ilə bağlı layihələrin sürətlə reallaşdırılması diqqət mərkəzimizdə olacaqdır.

Hesabat yığıncağında çıxış edənlərdən Masallı rayon əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Akif Əliyev, “Aqrolizing” ASC-nin Masallı rayon aqroservis filialınn direktoru Eldar Hüseynov, Masallı rayon İcra hakimiyyıti Başçısının masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi kamal mazanov və başqaları 2014-cü ilin I yarımilində sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrlə bağlı məlumat vermişlər.

Keçidlər