Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayonunda 2014-cü ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

15 oktyabr 2014 | 15:00

Oktyabrın 15-də Masallı şəhər Heydər Əliyev Mərkəzində 2014-cü ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
             Yığıncağı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq toplantı iştirakçılarının salamlamış, 2014-cü ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edərək vurğulamışdır ki,
   Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə 08 oktyabr  2014-cü il tarixdə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında çıxış edən ölkə başçısı bildirmişdir ki,  üçüncü rübdə ölkəmizin inamlı inkişafı istiqamətində önəmli addımlar atılmışdır. Ümumiyyətlə ilin əvvəlindən bu günə qədər Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etmişdir. Bu da təbiidir, çünki son illər ərzində aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər ölkəmizin dinamik inkişafını təmin etmişdir.
      Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da 2014-cü doqquz ayı sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olmuş və yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmişdir.
     Hazırda rayonun inkişaf proqramında nəzərdə tutulmuş bir sıra sosial-mədəni obyektlərin tikintisi davam etdirilir. Belə ki, şəhərin H.Aslanov, Azərbaycan küçələrində və Talışxanov prospektində geniş abadlıq və quruculuq işləri aparılır. Bu işlər çərçivəsində qeyd olunan küçələrdə müasir işıqlandırma sisteminin, səkilərin qurulması və yaşıllıq zolaqlarının salınması böyük ölçüdə tamamlanmışdır. Həmçinin H.Aslanov küçəsində yerləşən kommunal binaların fasadlarının və dam örtüklərinin əsaslı təmiri başa çatdırılmışdır. Bundan əlavə Səməd Vurğun, Qarabağ və Azərbaycan küçələrində asvalt örtüyü döşənmiş, səkilərin yenidən qurulması başa çatdırılmış və işıqlanma sisitemi yenilənmişdir.
     Eyni zamanda Masallı Tarix Diyarşünaslıq muzeyinin, Uşaq-İncəsənət məktəbinin, Bayraq meydanının tikintisi davam etdirilir. Habelə Masallı şəhər 1 saylı, Kolatan kənd tam orta məktəblərinin əsaslı təmiri, Mahmudavar kənd əsas məktəbinin tikintisi, Bədəlan kənd tam orta məktəbinin isə əsaslı təmiri başa çatdırılmışdır. Masallı şəhərində 2 uşaq bağçası üçün yeni binanın tikintisinə başlanılmışdır ki, onlardan biri sosial təşəbbüslə həyata keçirilir. Bədəlan kənd uşaq bağçası və Kolatan kəndində 100 yerlik uşaq bağçasının əsaslı təmiri başa çatdırılmışdır.  Viləş çayının sahilində bənd bərkitmə işlərinin aparılması məqsədi ilə layihə-smeta sənədlərinin hazırlanmış və artıq bu istiqamətdə işə başlanılmışdır. Daha sonrakı mərhələdə isə Viləş çayının hər iki sahilini əhatə edən park bulvar kompleksinin tikintisi nəzərdə tutulur. Bundan əlavə 4 yeni məktəbin-Şatıroba, Çayqıraq, Dəlləkoba və Köhnə Zuvandlı kənd ümumi orta məktəblərinin tikintisi üçün razılıq alınmış və yaxın günlərdə işlərə başlanılacaqdır.
      İstifadəyə verilmiş istehsal, emal və xidmət obyektləri yeni iş yerlərinin açılmasına öz təsirini göstərmişdir.  2014-cü ilin doqquz ayında Masallı Rayon Məşğulluq Mərkəzinə 175 nəfər müraciət etmişdir. Onlardan 112 nəfəri işlə təmin olunmuşdur ki, onların da 55 nəfərini qadınlar təşkil edir. 
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində Masallı rayonu üzrə nəzərdə tutulan tədbirlər yerinə yetirilmiş və əsas makroiqtisadi göstəricilər üzrə müsbət dinamika əldə olunmuşdur. Yeni qəbul olunmuş III Dövlət proqramı bu inkişafın daha sürətlə aparılmasını və əhatə dairəsinin genişlənməsini təmin edəcəkdir.
Hesabat dövründə rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz artaraq 322031,5 min manat olmuşdur. Bu dövrdə sənaye məhsullarının həcmi keçən ilin müvafiq dövrü ilə müqaisədə 0,5 faiz artaraq 25011 min manata, kənd təsərrüfatı məhsullarının həcmi 2,2 faiz artaraq 77645,8 min manata çatmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 0,4 faiz artaraq 48077 min manat olmuşdur.
         2014-cü ilin doqquz ayında adambaşına düşən pul gəlirləri 1474 manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 263 manat olmuşdur.
     2014-cü ilin doqquz ayında Masallı rayonunun yerli gəlirləri 22 milyon 729 min 639  manata qarşı 21 milyon 825 min 34 manat və ya 96 % icra olunmuşdur. Rayonun yerli xərcləri isə 5 milyon 964 min 824 manata qarşı 6 milyon 88 min 734 manat və ya 102% icra edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində Masallı rayonunda yeni sənaye müəssisələrinin açılması davamlı xarakter almışdır. Bu proses çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonumuzda olan sahibkarlara güzəştli kreditlərin verilməsi işinin genişləndirilməsi və süni maneələrin aradan qaldırılması fəaliyyətimizin əsas istiqamətlərindəndir. 2014-cü ilin doqquz ayında Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara 141 layihə üzrə 16 milyon 163 min manat kredit verilməsi milli iqtisadiyyatın lokomotivi kimi sahibkarlıq subyektlərinin sayının artmasına , fəaliyyət dairəsinin genişlənməsinə təkan vermiş və 419 yeni iş yerinin açılmasına səbəb olmuşdur.
     Masallı  Respublikanın mühüm kənd təsərrüfatı rayonudur. Dövlət himayəsinə xüsusi  ehtiyacı olan sahə kimi kənd təsərrüfatının inkişafı ali dövlət  rəhbərliyinin diqqət mərkəzindədir. Bu diqqətin nəticəsidir ki, 2014-cü ilin doqquz ayında rayonun kənd, meşə, balıqçılıq təsərrüfatında 14.4 min manatlıq məhsul istehsal edilmişdir. Kənd təsərrüfatı müəssisələrində bir işçi üçün orta aylıq əmək haqqı 175 manat olmuşdur.
     01 oktyabr 2014-cü il vəziyyətinə rayonda iri buynuzlu mal-qaranın baş sayı 73905 başa, xırda buynuzlu mal-qaranın baş sayı 84265 başa çatmışdır. Hesabat dövrü ərzində süd istehsalı 34036,8 tona, ət istehsalı 4347 tona, yumurta istehsalı 45.266.000 ədədə çatmışdır.
     Rayonda 11354 ha taxıl, ondan 8166 ha buğda, 3188 ha arpa və 1671 ha dənlik vələmir əkini aparılmışdır. Bundan əlavə 1450 ha kartof, 457 ha bostan və 2192 ha tərəvəz əkilmişdir.
     Hesabat dövrü ərzində Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında Masallı sahibkarlarının da iştirakı təmin edilmişdir. Yarmarkaya  51.9 ton kartof, 19.9 ton soğan, 21.9 ton badımcan, 4.6 ton lobya, 16.1 ton xiyar, 2.8 ton bibər, 43000 ədəd yumurta göndərilmişdir.
     Dəfələrlə qeyd etdiyimiz kimi Masallı rayonunda kənd təsərrüfatının inkişaf etdirilməsi və gəlirli sahəyə çevrilməsi qarşımızda duran ən prioritet məsələdir. Bu istiqamətdə müəyyənləşdirilən tədbirlərin həyata keçirilməsi, o cümlədən yeni bazarların tapılması işi sürətləndirilməlidir. Bu məqsədlə tərəfimizdən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və digər əlaqədar təşkilatlara ünvanlanmış məktublarda kartof və tərəvəz məhsullarının  xaricə ixrac olunmasına  köməklik olunması xahiş olunmuşdur. Bu proses ciddi nəzarətdə saxlanılmış və bu istiqamətdə müsbət nəticə əladə olunmuşdur. Belə ki, bu il Masallıda istehsal olunan məhsulların xaricə ixrac olunması prosesində heç bir problem yaşanmamışdır.
Masallıda ənənəvi və faydalı əkin sahələri  əsasən tərəvəzçilik, çayçılıq və kartofçuluq hesab olunur. Taxılçılıqdan bu sahələrə keçid prosesinin sürətlə aparılması və hazırda əkilməyən 7 min hektara yaxın torpaq sahəsinin əkin altına salınması  minlərlə yeni iş yerinin açılmasına və əhalinin rifah halının ciddi şəkildə yüksəlməsinə səbəb olacaqdır. Eyni zamanda əlaqədar təşkilatlarla aparılan danışıqlar nəticəsində “Yaşıl market”in salınması ilə bağlı ilkin razılıq əldə olunmuşdur ki, bu çox əhəmiyyətli bir hadisədir və rayonda kənd təsərrüfatının inkişafına öz tövhəsini verəcəkdir. Lakin bu prosesdə rayonun torpaq sahibkarları fəal iştirak etməlidirlər. Biz istiqamət veririk və müvafiq köməklik göstəririk, torpağı əkən, becərən isə kəndlidir. Buna görə də torpaqlardan səmərəli istifadə olunması üçün əkilməyən torpaqların dövlətə geri qaytarılması və əkinə cəlb olunması ilə bağlı tərəfimizdən yuxarı təşkilatlar qarşısında məsələ qaldırılmışdır. Hazırda bu istiqamətdə məsləhətləşmələr aparılır. 
    Hesabat dövründə Viləşçay Su Anbarı İstismar İdarəsi tərəfindən rayonun Təzəkənd, Banbaşı, Şərəfə, Xocavar, Hacıtəpə, Təklə, Həsənli, Xıl, Gəyəçöl, Xallıcallı, Sərçuvar, Dəlləkli, Əhmədli, Qarğalıq, Musaküçə kəndləri ərazisindəki suvarma kanallarında ümumilikdə 120000 m3 həcmində və 54 km uzunluğunda lildən təmizləmə işləri aparılmışdır.
     Hesabat dövrü ərzində Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 79 ha sahədə meşə səpini və əkini işləri aparılmış, 10 ha sahə kollardan təmizlənmişdir.
     Rayon Baytarlıq İdarəsi tərəfindən hesabat dövründə rayonda iri və xırda buynuzlu mal-qarada və digər ev heyvanlarında qara yara, quduzluq və dabaq xəstəliklərinə qarşı, eləcə də ev quşlarında müxtəlif xəstəliklərə qarşı peyvəndləmə işləri aparılmışdır.
         Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən doqquz ay ərzində proqnoz tapşırıqları büdcədən maliyyələşən təşkilatlar üzrə 3504.9 min manata qarşı 3442.7 min manat və ya 98.2%, qeyri-büdcə təşkilatları üzrə 1167.2  min manata qarşı 928.3 min manat və ya 79.5%,  yerinə yetirilmişdir. 
      Şöbədə hazırda 27 min 192 nəfər əmək pensiyaçısı uçotdadır. 2014-cü ilin doqquz ayı ərzində ümumilikdə 930 nəfərə əmək pensiyası təyin olunmuşdur.
      2014-cü ilin 9 ayı ərzində Masallı Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə 2388 ailə Ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət etmiş, onlardan 1820 ailəyə Ünvanlı Dövlət Sosial Yardım təyinatı aparılmışdır. Həmçinin 2014-cü ilin 9 ayı ərzində 7007 nəfər vətəndaşa sosial müavinət təyinatı aparılmış və onlara 5199.22 min manat vəsait ödənilmişdir.
      Sosial infrastruktur şəbəkəsinin inkişaf tempi yüksəlməkdə, miqyası genişlənməkdədir. Hesabat dövrü ərzində Masallı Elektrik şəbəkəsi tərəfindən 220 kvt-lıq və 110 kvt-lıq yarımstansiyalarda təmir bərpa işləri aparılmış, 143 ədəd dəmir beton, 187 ədəd isə ağac dayaq dəyişdirilmişdir.
       Dövlət Proqramı əsasında rayon mərkəzi və 22 yaşayış məntəqəsinə bir pilləli sistem üzrə yeni qaz xəttinin çəkilməsi ilə əlaqədar hazırda Qədirli, Xallıcallı kəndlərində işlər davam etdirilir. Artıq Xallıcallı kəndində 119 abonentin mənzilinə qaz sayğacları quraşdırılmışdır. Hər iki kənd üzrə abonentlərin qaz sayğacı ilə təmin olunması başa çatdıqdan sonra qaz təchizatı bərpa olunacaqdır. Lakin Yeddioymaq, Ərkivan qəsəbə, Kolatan və Təklə kəndlərində qaz xətlərinin çəkilişi dayandırılmışdır ki, bu da xüsusən qarşıdan gələn qış mövsümündə əlavə çətinliklər yaradacaqdır.
      Artıq 2 ildən çoxdur ki, Cənab Prezidentin xeyir duası ilə Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır.Bu proses çərçivəsində görülən işlərdə uzunmüddətli gecikmələr və problemlər müşahidə olunmuşdur. Bununla bağlı tərəfimizdən  aidiyyətı təşkilatlara ciddi iradlar bildirilmiş və nəticədə işlərin gedişində müəyyən dönüş əldə olunmuşdur. Ümid edirk ki, bu layihə vaxtında və yüksək keyfiyyətlə tamamlanacaq və bununla da şəhərin ən böyük problemi öz həllini tapacaqdır.
       Masallı rayonunun əksər kəndlərində içməli su xəttinin və ya qaynaqlarının olmaması əhalinin gündəlik həyatında ciddi çətinliklər yaradır. Bu problemin həlli ilə bağlı Cənab Prezident İlham Əliyev tərəfindən müvafiq qurumlara verilən tapşırıqlara əsasən Muğan zonası və Qızılağac istiqamətində olan 42 kəndin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələndirmə işləri aparılmış və “Viləşçay” su dəryaçasından həmin istiqamətlərdə olan kəndlərə içməli su xəttinin çəkilməsinə başlanılmışdır. Hazırda su mənbəyindən Şərəfə-Həsənli-Təklə istiqamətində  19 km-ə yaxın magistral  xətt çəkilmişdir. İlin sonuna qədər layihə çərçivəsində bəzi kəndlərə suyun verilməsi nəzərdə tutulur.
       Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən gündəlik 300,0 min kv.metr sahədə təmizlik işləri aparılmışdır. Eyni zamanda şəhərin küçə və prospektlərində su axarlarının işlək vəziyyətə gətirilməsi və onların vaxtı-vaxtında təmizlənməsi diqqət mərkəzində saxlanılmışdır.
       Müvafiq Dövlət Proqramına əsasən və Heydər Əliyev Fondunun təşəbbüsü ilə son illərdə Masallıda təhsil infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Yeni məktəb binalarının tikintisi və əsaslı təmiri geniş vüsət almışdır. Bu çərçivədə rayonda  42 yeni məktəb binası tikilmiş və ya əsaslı təmir olunmuşdur.
Yeni təhsil konsepsiyasında peşə təhsili sisteminin inkişafı prioritet istiqamətlərdəndir. Bu mənada rayonda fəaliyyət göstərən yeganə peşə məktəbinin maddi-texniki bazasının yaxşılaşdırılması və fəaliyyətinin genişləndirilməsi həlli vacib məsələlərdəndir.
          2014-cü il Masallı təhsili üçün çox əlamətdar bir hadisə ilə yadda qalmışdır. Belə ki, Masallıda dövlət Regional Kollecinin açılması ilə bağlı ölkə rəhbərliyi qarşısında məsələ qaldırılmış və bununla bağlı Sərəncam imzalanmışdır. İlkin mərhələdə 5 ixtisas üzrə fəaliyyət göstərəcək kollec yeni dərs ilində fəaliyyətə başlamışdır. Bu kollecdə müxtəlif  ixtisaslı kadrların, o cümlədən turizm və kənd təsərrüfatı mütəxəssislərinin hazırlanması planlaşdırılır. Müəyyən səbəblərdən 75 tələbənin təhsil alması nəzərdə tutulan kollecin tam komplektləşdirilməsi mümkün olmasa da, bura əlavə qəbulun aparılması üçün əlaqədar təşkilatlarla davamlı iş aparılır. Fürsətdən istifadə edib bu əlamətdar hadisə münasibəti ilə hammınızı təbrik edir və bizə göstərdiyi bu diqqət və qayğıya görə möhtərəm Prezidentimizə bütün Masallı adından öz minnətdarlığımızı bildirirəm.
         Masallı rayonunda 16 uşaq bağçası fəaliyyət göstərir ki, burada da 940 uşaq tərbiyə alır. Uşaq bağçalarının istər maddi texniki bazası, istər ərzaq təminatı, istərsə də burada çalışan tərbiyəçilərin təhsil səviyyəsi günün tələblərinə cavab vermir.
      Son illərdə bu uşaq bağçalarının üçü əsaslı təmir olunmuşdur. Hazırda Masallı şəhərində 2 uşaq bağçasının tikintisi davam edir. Kolatan və Bədəlan kəndlərində isə yeni uşaq başçasının əsaslı təmiri başa çatdırılmışdır. Bundan əlavə qəzalı vəziyyətdə olan Sərçuvar və Həsənli kənd uşaq bağçaları üçün yeni binaların tikilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət olunmuş, məsələ nəzarətdə saxlanılır.
2014-cü ilin doqquz ayında rayon əhalisinə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək, onun maddi texniki bazasını möhkəmləndirmək üçün bir sıra işlər görülmüşdür.
Rayonda 2182 nəfər uşaq doğulmuşdur. Evdə doğuş son illərdə ən aşağı səviyyədə 0.5 promil (11 nəfər) olmuşdur. Uşaq ölümü isə 2.3 promil (5 nəfər) olmuşdur.
       Bundan əlavə vərəm xəstəliyinə qarşı mübarizə tədbirləri davam etdirilmiş və doqquz ay ərzinə 2343 nəfər  uşağa vərəm əleyhinə BSJ peyvəndi vurulmuşdur.
       Rayon əhalisinin tibbi müayinəsi uğurla başa çatdırılmışdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən fevral ayının 17-dən may ayının 1-nə kimi 18 yaşdan yuxarı 80512 nəfər rayon əhalisi tibbi müayinədən keçirilib. Bunlardan 17506 nəfəri müxtəlif yardımçı diaqnostik müayinələrdən keçirilib.  Müayinələr zamanı 2714 nəfər xəstə aşkar edilmişdir. Bu xəstələrdən 2538 nəfər ambulator, 186 nəfər  stasionar müalicəyə cəlb olunmuşdur. Aşkar olunan xəstələrdən 161 nəfəri daha ixtisaslı müayinə və müalicədən ötrü Bakı şəhərinə müxtəlif profilli klinikalara göndərilmişdir.
      Müayinələr zamanı aşkar olunan 22 nəfər göz xəstəsinin əməliyyata ehtiyacı olduğundan akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı rayon filialında cərrahi əməliyyat edilmişdir. 
       İmtiyazlı qrupa daxil olan xəstələrin tibbi müayinəsi və müalicəsi də diqqət mərkəzindədir. Xüsusilə şəkərli diabeti olan 4451 xəstəyə hər ay dərman preparatlarının verilməsi üçün bütün imkanlardan istifadə edilir. Hazırda rayonda 539 vərəmli xəstə, 120 nəfər xroniki böyrək çatışmamazlığı, 748 nəfər onkoloji, 19 nəfər hemofiliyalı, 74 talassemiya xəstəsi dispanser qeydiyyatındadır.
  Mərkəzi Rayon Xəstəxanası, Boradigah qəsəbə, Kalinovka kənd sahə xəstəxanlarının əsaslı təmiri və Qarğalıq kənd həkim məntəqəsinin tikintisi davam edir. Hesbat dövründə 4 yeni həkim məntəqəsinin- Güllütəpə, Şərəfə, Türkoba və Xırmandalı kənd həkim məntəqələrinin tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.
      Masallı Rayon Gigiena və Epidemiologiya Mərkəzi ikinci rüb ərzində mütəmadi olaraq ərazilərdə reydlər keçirmiş və yolxucu xəstəliklərə qarşı peyvəndlər aparmış, rayonda istehsal olunan 16 növ yeyinti məhsuluna gigiyenik sertifikat alınmışdır. Hesabat dövrü ərzində keçirilmiş reydlər zamanı yol verilmiş nöqsanlar aşkarlanaraq 339 akt tərtib edilmiş, sanitar norma və qaydalara əməl etməyən 41 cavabdeh şəxs barəsində inzibati cərimə protokolu tərtib edilmişdir.
      Masallı Dezinfeksiya Stansiyası tərəfindən bağlanmış müqavilələrə uyğun olaraq rayon ərazisində olan obyektlərdə 362544 m2 sahədə gəmiricilərə qarşı mübarizə, 256850 m2 sahədə isə həşəratlara qarşı mübarizə tədbirləri həyata keçirilmişdir.
      Masallı rayon Mədəniyyət və Turizm şöbəsi cari ilin birinci yarısında əlamətdar günlərin qeyd edilməsi və bayram tədbirlərinin təşkilini daim diqqətdə saxlamışdır. 12-16 iyun 2014-cü il tarixlərdə Ulu Öndərin 91 illik yubleyinə həsr edilmiş III Masallı Beynəlxalq Folklor Festivalı yenə də öz möhtəşəmliyi ilə yaddaqalan olmuşdur. Bu Festivalın yüksək səviyyədə təşkil olunmasında əməyi olan hər bir şəxsə öz təşəkkürümü bildirir və inanıram ki, Masallı həmişə belə gözəl layihələrlə özünü tanıtdıracaqdır. Bundan əlavə “Halay” Folklor ansamblının Macarıstanda keçirilən festivaldakı uğurlu çıxışı da xüsusi qeyd edilməlidir.
      Masallı rayonunda fəaliyyət göstərən 31 turizm obyektindən 28-i müvafiq lisenziya ilə təmin edilmişdir ki, bu istirahət mərkəzlərində 1176 turist yeri vardır. Cari ilin 9 ayı ərzində bu turist obyektlərində 16364 nəfər turist istirahət etmişdir ki, onlardan 916 nəfəri xarici turist olmuşdur. 
     Rayonda siyasi partiyaların 23 təşkilatı fəaliyyət göstərir (YAP, AXCP, VHP, Müsavat, MMP, Ədalət, BAXCP, BQP,Ümid, KAXCP, DADP, ADİP, AKP və.s ). Bütün partiyalara fəaliyyətləri üçün "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bərabər şərait yaradılmış və ofislə təmin olunmuşlar Yeni Azərbaycan Partiyası digər partiyalardan müqayisə olunmaz dərəcədə güclüdür. Partiyanın 90 ilk təşkilatının 9 min 684 nəfərə yaxın üzvü vardır. Digər partiya  üzvlərinin ümumi sayı 1400 nəfərə yaxındır.
      Yenidən inşa olunan Heydər Əliyev Mərkəzində Ümummilli liderimiz Heydər Əliyevin siyasi və təşkilati irsinin öyrənilməsində, gənclərin dünyagörüşünün genişləndirilməsində, bilik və bacarığının artırılmasında mühüm əhəmiyyət kəsb edən xalçaçılıq, heykəltəraşlıq emalatxanaları, həmçinin kinostudiya yaradılmaqla müxtəlif xalq sənətkarlığı və poliqrafiya dərnəkləri fəaliyyət göstərir. Bundan əlavə Mərkəzdə internet kafe, 3D formatlı kinozal, intellektual oyunlar otağı, elektron kitabxana, 300 yerlik tamaşa-konfrans zalı  gənclərin və şagirdlərin istifadəsinə verilmişdir. Hazırda Mərkəzdə müxtəlif kurslar, o cümlədən rəqs, kompyuter və xarici dil kursları fəaliyyət göstərir.
Rayon İcra Hakimiyyəti müstəqil Respublikamızın müdafiə qüdrətinin möhkəmləndirilməsi naminə üzərinə düşən bütün tədbirləri həyata keçirmiş və hesbat dövrü ərzində həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan 691 nəfər gənc hərbi xidmətə yola salınmışdır. Hazırda hərbi çağırış davam etdirilir.
        Hesabat dövrü ərzində rayon İcra hakimiyyətinə 1363 ərizə-şikayət daxil olmuşdur ki, onlardan 735-i vətəndaşların, 628 ərizə isə yuxarı təşkilatların payına düşür. Bu dövr ərzində İcra Hakimiyyətində keçirilən qəbullar zamanı 974 nəfər şikayətçi qəbul edilmişdir. Səyyar qəbullar zamanı 5057 nəfər iştirak etmiş, onlardan 262 nəfər çıxış edərək ərazinin sosial-iqtisadi inkişafı və problemləri barədə 311 təklif vermişlər.
    Hesabat dövründə “Dövlət Qulluğu Haqqında” qanuna və “Yerli İcra Hakimiyyətləri  haqqında Əsasnamə”yə uyğun olaraq Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatında və ərazi nümayəndəliklərində dövlət qulluğunun vəzifələrinə kadrların seçilib yerləşdirilməsi, ehtiyat kadr bazasının yaradılması və kadrların hazırlanması diqqət mərkəzində olmuşdur. Belə ki, istər Rayon İcra Hakimiyyəti Başçısı aparatı və istərsə də yerli ərazi nümayəndəlikləri daha gənc, işgüzar və bacarıqlı kadrlarla möhkəmləndirilmiş, idarəetmənin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər görülmüşdür. Yaranmış vakansiyalar barədə İcra hakimiyyətinin elektron saytında və “Yeni həyat” qəzetində elanlar verilmişdir.
İlin sonunadək nəzərdə tutulmuş və burada qeyd olunan layihələr, bütün məsələlər sürətlə həll edilməlidir. Xüsusi ilə də  Masallı şəhərində abadlıq işlərinin və su-kanalizasiya sisteminin qurulmasının yüksək  səviyyədə həyata keçiriməsi, həmçinin rayon ərazisində qazlaşdırmanın və elektrik xətt təsərrüfatının yenilənməsinin başa çatdırılması həllini gözləyən vacib problemlərdəndir. Xətt təsərrüfatının yenilənməsi üçün bütün imkanlardan istifadə edilməlidir.
Kəndlərimizə içməli su xəttinin çəkilməsi, kəndlərarası  yolların əsaslı təmiri, habelə yeni təhsil və səhiyyə müəssisələrinin tikilməsi kimi bir çox abadlıq və quruculuq işlərinin həyata keçirilməsi, rayonun bütün ərazilərində geniş ağac əkini kampaniyasının aparılması qarşımızda duran əsas vəzifələrdəndir.
Viləş çayının Masallı səhəri ərazisindən keçən hissəsində bənd-bərkitmə işlərinin aparılması və burada park-bulvar kompleksinin inşası ən böyük layihələrimizdəndir.Bu layihənin başa çatdırılması şəhərin simasını tamamilə dəyişəcəkdir.
Masallıda aqrar sahənin inkişafı ilə bağlı tədbirlərin görülməsi,ixtisaslaşmanın sürətlə aparılması,tərəvəzçiliyin və kartofçuluğun inkişaf etdirilməsi, yeni çay plantasiyalarının salınması, istilikxanaların quraşdırılması, çiyələk, kivi təsərrüfatlarının və tədarük mərkəzlərinin yaradılması, həmçinin Masallı şəhərində “Sənaye məhəlləsi”nin və “Yaşıl market”in salınması ilə bağlı layihələrin sürətlə reallaşdırılması diqqət mərkəzimizdə olacaqdır. 
Hesabat yığıncağında çıxış edənlərdən Masallı rayon Maliyyə idarəsinin müdiri Azər Abdullayev, Masallı rayon İcra hakimiyyəti Başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sabiq cahangirov və başqaları 2014-cü ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələrlə bağlı məlumat vermişlər.

Keçidlər