Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Masallı rayon təşkilatında “Azərbaycanın Müstəqillik günü onun milli sərvətidir ” mövzusunda tədbir keçirilmişdir

17 oktyabr 2014 | 15:00

18 oktyabr-Dövlət Müstəqillik günü münasibəti ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Masallı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  “Azərbaycanın Müstəqillik günü onun milli sərvətidir” mövzusunda tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq Dövlət Müstəqilliyi günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etmişdir. Seyfəddin Əliyev geniş məruzə ilə çıxış edərək bildirmişdir ki, müstəqil yaşamaq, taleyinin sahibi olmaq,öz dövlətini qurmaq hər bir xalqın arzusudur.Azərbaycan xalqı da həmişə bu istəklə yaşamışdır.Tarixdə zaman-zaman müxtəlif adlar altında müstəqil Azərbaycan dövlətləri mövcud olmuşdur.Buna misal kimi müxtəlif dövrlərdə tarixi Azərbaycan torpaqlarında yaradılmış Şirvanşahlar, Eldəgizlər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər dövlətlərinin adını çəkə bilərik. Şah İsmayıl Xətainin dövründə Səfəvilər dövləti bütün Azərbaycan torpaqlarını birləşdirirdi və Azərbaycan dili dövlət dili səviyyəsinə yüksəldilmişdi.
Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı.  İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Lakin müstəqilliyini qazandıqdan 2 il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış müharibə, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı. Lakin böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu. İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb.
Heydər Əliyevin müstəqil dövlət konsepsiyası və onun ayrılmaz tərkib hissəsi olan azərbaycançılıq ideologiyasının həyata keçirilməsi müstəqil Azərbaycan dövlətinin bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir deyən S.Əliyev Ulu öndər Heydər Əliyevin siyasi xəttini davam etdirən Azərbaycan Respublikasının prezidenti,Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin də,ölkəmizin firavan gələcəyinin təmin edilməsində Heydər Əliyevin müstəqil dövlət təliminin və azərbaycançılıq ideologiyasının alternativsiz bir yol olduğunu bildirdiyini vurğuladı.
Şəhər 1 saylı məktəb ərazi ilk partiya təşkilatının sədri Mirqabil Hüseynov çıxış edərək 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyevin yenidən müstəqilliyini itirmək təhlükəsi qarşısında qalan Azərbaycanı, sözün həqiqi mənasında, xilas etdiyini bildirmişdir. O, qeyd etmişdir ki,  Ulu öndər hakimiyyətdə olduğu illərdə cəbhədə atəşkəsə nail olunub, 1994-cü ildə “Əsrin kontraktı” imzalanıb bütün sahələrdə islahatların keçirilməsinə start verilib.
Sonra Masallı rayon İcra Hakimiyyəti başçısının müavini Gülşən Xəlilova, YAP fəalları Fəxrəddin Talıbzadə, İmran Rəsulov və  başqaları çıxış edərək dövlət müstəqilliyimizin əbədi, daimi və dönməz olmasında Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən, bu siyasi kursun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışdılar.

Keçidlər