Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzun 11-ci sinif şagirdi Beynəlxalq Kimya Olimpiadasına vəsiqə qazandı

18 mart 2015 | 16:00

Baharın nurlu-bərəkətli günlərində qapımızı daha bir fərəhli xəbər döydü: Masallı məktəblisi Beynəlxaq Kimya Olimpiadasına vəsiqə qazanıb! Şad xəbər soraq-soraq bütün rayona yayıldı. Binə Xocavar tam orta məktəbinin XI sinif şagirdi Röyal Həmidovun uğuruna hamı sevindi, təbrik təbrikə calandı.
Hər bir dəyərli hadisəyə dəyərli qiymət verən rayon rəhbəri Rafil Hüseynov bu dəfə də öz diqqətini göstərdi. Röyal Həmidov, fənn müəllimi, məktəbin direktoru icra hakimiyyətinə dəvət olundu. Hamını Novruz bayramı və qazanılan qələbə münasibətilə təbrik edən RİH başçısı dedi:
–47-ci Beynəlxalq Kimya Olimpiadası bu il Bakıda keçiriləcək. Belə mötəbər yarışa qatılmaq üçün Azərbaycanın 215 məktəblisi öz gücünü ortaya qoyub: onlardan yalnız 13-ü dünya turuna vəsiqə qazanıb ki, biri də Masallıdandır. Bu hadisə rayonumuz üçün çox fərəhli haldır. Əlamətdar gündə belə şad xəbər hamımızı sevindirir. İrimiqyaslı bir imtahanda uğur qazanmış, ölkənin fəxri ola biləcək bir şagirdlə görüş keçirmək bizə xoşdur. Adi bir uğur gələcəyin alimini ortaya çıxara bilər. Bu, elmimizin kəşfidir. Röyal bu günümüz üçün şöhrətli bir şagirddir. Onun biliyi cilalanmalıdır. Olimpiada qalibi xüsusi istedada malik uşaqlardır. Bu savadı oyatmaq, ona istiqamət və sistemli təhsil vermək lazımdır.
R.Hüseynov qazanılmış nəticəyə görə təhsil şöbəsinə, məktəb rəhbərliyinə və fənn müəlliminə minnətdarlığını bildirib əlavə etdi ki, Olimpiadaya hazırlıq Moskva Dövlət Universitetinin Bakı filialında aparılacaq. Həmin təhsil ocağı ilə əlaqəni gücləndirib müvafiq proqram əsasında hazırlaşmaq zəruridir. Qarşıda dörd aya qədər vaxt var. Röyal üçün ən münasib şərait yaratmaq lazımdır ki, rahat hazırlaşa bilsin. Lazım gəlsə, əlavə müəllimlər də cəlb etmək olar.
Bir az ciddi, bir az təvazökar təsir bağışlayan, azca da utancaqlığı ilə sezilən, amma elm meydanında heç kimə macal verməyən Röyal balamız diqqətə görə icra hakimiyyətinin başçısına təşəkkürünü bildirdi. Hələlik hədəfində həkimlik olan R.Həmidov cənab başçının “Azərbaycanda kimya, xüsusilə neft kimyası ən yüksək sahələrdəndir. Bəlkə kimyanı seçəsən, elmdə uğurların olsun” təklifini müsbət qarşıladı.
Röyalın kimya müəllimi Namiq Abuşov, məktəbin direktoru Abusət Zeynalov, təhsil şöbəsinin müdiri Astan İbişov göstərilən diqqətə görə rayon rəhbərinə minnətdarlıq etdi, yeni uğurlara imza atılacağına söz verdilər.
RİH başçısı Böyük Xocavar məktəbinin ümumtexniki vəziyyətilə maraqlandı, yeni binanın tikinti layihəsinin hazırlanması barədə göstəriş verdi.

Keçidlər