Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasınının 92-ci ildönümünə həsr olunmuş “Tarix yaradan dahi” mövzusunda konfrans

07 may 2015 | 15:00

Bu gün Masallı rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasınının 92-ci ildönümünə həsr olunmuş “Tarix yaradan dahi” mövzusunda konfrans keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin foyesində Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən fotostentlə tanış olmuşlar.
Daha sonra mərkəzin konfrans zalında tədbir davam etdirilmiş və burada əvvəlcə Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş qısametrajlə film nümayiş etdirilmişdir.
Konfransı giriş sözü ilə Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açmış, Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində oynadığı əhəmiyyəti rolu vurğulayaraq qeyd etmişdir: “Heydər Əliyev 46 il əvvəl, 1969-cu ildə hakimiyyətə gələrkən Azərbaycanda tənəzzülü dayandırmaq, həyatın bütün sahələrində inkişafı təmin etmək üçün xüsusi və əhatəli konsepsiya hazırlayıb həyata keçirməyə başladı. Tədricən respublikamızın iqtisadi strukturunda köklü dəyişikliklər baş verir, həmin dövr üçün ən müasir texnologiyaya əsaslanan güclü istehsal sahələri ümumittifaq əhəmiyyətli nadir zavod və fabriklər tikilirdi. Bu konsepsiya Azərbaycanı geridə qalmış aqrar əyalətdən güclü sənaye respublikasına çevirdi”. Çıxışını davam etdirən natiq qeyd etdi ki, məhz Heydər Əliyevin dövründə Azərbaycan gənclərinin keçmiş Sovet İttifaqının nüfuzlu universitetlərində və hərbi məktəblərində təhsil almağa göndərilməsi, habelə Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, Azərbaycan dilinin dövlət dili elan edilməsi o zaman üçün inqilabi dəyişikliklər hesab olunurdu. Ulu öndərin bu uzaqgörən siyasətinin nəticəsi idi ki, Azərbaycan respublikası müstəqillik qazandıqdan sonra vaxtında görülmüş bu tədbirlərin sayəsində ayaqda dura bildi. Buna görə də bu gün Azərbaycan xalqı bu dahi şəxsiyyət minnətdardır.
Çıxışının sonunda Rafil Hüseynov bu gün də Heydər Əliyev ideyalarının Azərbaycanda yaşadığını və onun apardığı mütərəqqi siyasətin davam etdirildiyini vurğuladı. Belə ki, böyük öndərimizin başladığı işlər, onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Konfransda məruzə ilə çıxış edən Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev də öz məruzəsində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyində oynadığı böyük roldan söz açaraq qeyd etmişdir: “Tarixdə elə şəxsiyyətlər yetişib ki, onlara nəinki təmsil etdikləri xalqın taleyində, eləcə də dünya siyasətində olduqca böyük missiyanı həyata keçirmək səadəti nəsib olub. Ümummilli Liderimiz Heydər Əliyev də məhz belə tarixi şəxsiyyət, dünya siyasətinin mahir bilicisi idi. Azərbaycanın müasir tarixinin 35 illik bir mərhələsi, eləcə də müstəqil dövlətimizin dinamik inkişafı və dünyaya inteqrasiya prosesi onun adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndərimiz Azərbaycan tarixində yeni parlaq səhifə açan nadir şəxsiyyət olmuşdur. Bu dahi, müdrik insan xalqımızın əsrlərin sınağından çıxmış özünəməxsus milli xüsusiyyətləri ilə yanaşı, bəşəri düşüncələrin daşıyıcısı idi”. Öz məruzəsini davam etdirən natiq daha sonra qeyd etdi: “Ulu öndər Heydər Əliyev siyasətçi və dövlət xadimi kimi ən uca missiyanı gerçəkləşdirərək müstəqil Azərbaycan dövlətinin memarı oldu və bu tarixi öz əməlləri ilə yazdı. Onun həyatı və fəaliyyəti Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir. Bu şəxsiyyətin həyatını öyrənmək, onun gördüyü işlərin, başladığı layihələrin tarixi əhəmiyyətini dərk etmək özü böyük bir məktəbdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq dövrdə ölkənin həyatında, xalqın taleyində elə bir əzəmətli rol oynayıb ki, bu, əsrlər boyu unudulmayacaqdır. Azərbaycanın hər bir bölgəsində Heydər Əliyevin quruculuq fəaliyyətinin silinməz izləri var”. YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Azərbaycana vermiş olduğu çox böyük əhəmiyyəti məhz Ümummilli Liderin öz nitqindən gətirmiş olduğu bu sitatla konfrans iştirakçılarının diqqətinə çatdırdı. Belə ki, Heydər Əliyev deyirdi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”. Natiq sonda möhtərəm Prezident İlham Əliyev Ümummilli Liderin siyasi kursuna daim sadiq qalaraq, dahi rəhbərin müəyyən etdiyi inkişaf strategiyasını yaşadaraq və inkişaf etdirərək müstəqil Azərbaycanın iqtisadi inkişaf tempinə görə dünyanın qabaqcıl dövlətləri sırasına çıxardığını və artıq ölkəmiz regionun lider dövlətinə çevrildiyini, onun beynəlxalq aləmdə nüfuzunun və qüdrətinin xeyli gücləndiyini, bunun gələcəkdə daha da yüksək templə inkişafını əminliklə qeyd edərk öz çıxışını yekunlaşdırdı.
Konfransda çıxış edən Prezident əqaüdçüsü Şirvan Əbilov, Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Masallı şəhər 1 saylı məktəbin müəllimi Aygün Xəlilova, Masallı rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev və Müharibə, Əmək, Silahlı qoşunlar, Hüquq mühafizə orqanları veteranlar şurasını sədri Məmmədağa Şiriyev də Ümumilli Lider, dahi şəxsiyyət Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən söz açdılar. Şirvan Əbilov Heydər əliyev siyasətinin uğurlu davamı nəticəsində Azərbaycanın bugünkü inkişafından söz açdı. Azərbaycanın idman tarixində ilk dəfə olaraq möhtəşəm bir turnirə, I Avropa Oyunlarına ev sahibliyi etməsini buna bariz nümunə göstərdi. Daha sonra çıxış edən Dilbər İbayeva I Avropa Oyunlarının Olimpiya məşəlinin bir neçə gün bundan öncə Masallı rayonunda alovlanmasını və bu hadisənin böyük bir bayram təntənisi ilə qeyd edilməsini Azərbaycan dövlətinin inkişafının, uğurlarının ölkənin hər yerində, ucqarlarında belə hiss olunduğunu, nəzərə çarpdığını vurğuladı.
Konfransı yekun nitqi ilə başa çatdıran Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bir daha Heydər Əliyev ideyalarının əhəmiyyətini vurğulayaraq onun Azərbaycan dövlətçiliyində oynadığı misilsiz roldan söz açdı, dahi şəxsiyyətin Azərbaycan xalqının qəlbində hər zaman özünəməxsus yer tutduğunu qeyd etdi.

Keçidlər