Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Şuşa şəhərinin işğal edilməsinin 23-cü ildönümü ilə bağlı tədbir keçirilib

06 may 2015 | 15:00

06 may 2015-ci il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 23-cü ildönümü ilə bağlı tədbir keçirilmişdir .
Tədbiri giriş sözü ilə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov açaraq bildirdi ki, 23 il bundan əvvəl ölkəmizdəki ictimai-siyasi vəziyyət, Vətən uğrunda şəhid olan oğul və qızlarımızın mübarizəsi, Şuşanın Azərbaycan xalqı üçün tarixi və mənəvi əhəmiyyəti barədə danışaraq,  bildirmişdir ki, işğal nəticəsində şəhərin maddi-tarixi abidələri dağıdılmış və  ərazisi 289 kvadratkilometr olan Şuşa rayonunun işğalı zamanı 196 nəfər şəhid olmuş, 165 nəfər yaralanmış, 68 nəfər itkin düşmüşdür. İşğal zamanı Azərbaycan muğam sənətinin, Qarabağ xalçalarının, mədəniyyətin beşiyi Şuşada 279 dini, tarixi və mədəni abidə, 2 kinoteatr, 40 tibb müəssisəsi, 2 sanatoriya, turist bazaları, 1200 yerlik internat məktəbi, Şərq musiqi alətləri fabriki dağıdılmışdır. Şəhərin sərvətlərini, rəsm və heykəltəraşlıq əsərlərini, xalçalarını, xalq tətbiqi sənət nümunələrini, arxeoloji tapıntıları, tarixi sənədləri, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyalarını, digər qiymətli materialları məhv etmiş, Ermənistana aparmışlar..
             Sonra tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin gənclər sahəsi üzrə aparıcı məsləhətçisi Oktay Mütəllimov, Masallı rayon Təhsil şöbəsinin Metodisti Hüseyn  Hüseynov, fəal gənclərdən Elvin Mirzəyev, Coşqun Fərzəliyev, Günay Mehrəliyeva çıxış edərək bildirdilər ki,  Azərbaycanın füsunkar təbiətli, mədəniyyətimizin laylası Şuşa bu gün tarixinin qara səhifələrini yaşasa da, onun əsrlərdən gələn sazlı, sözlü, nəğməli sədası xalqın yaddaşındadır. Aşıqlar, xanəndələr, şairlər yetişdirən bu torpaq dünyaya xalqımızın zəngin mədəniyyətini tanıtdıran bir çox görkəmli şəxsiyyətlərin, Azərbaycan mənəviyyatının və Azərbaycan ruhunun vətənidir.Hazırda erməni işğalı altında olan Şuşa şəhərinin Azərbaycan tarixində özünəməxsus yeri vardır. Şəhərin əsasının qoyulması  Qarabağ xanlığının banisi Pənahəli xanın adı ilə başlanaraq, şəhərin inkişafı hər zaman yalnız Azərbaycan xanlarının, ziyalılarının, sənətkarlarının şəxsiyyətləri ilə bağlı olmuşdur. Tarixən Azərbaycanın ayrılmaz hissəsi olan ən gözəl guşələrindən biri - Qarabağı, o cümlədən Şuşanı işğal etmiş ermənilər öz qəsbkarlıq siyasətilə tarixi faktları saxtalaşdırmağa çalışsalar da, tarixi həqiqəti saxtalışdara bilməyəcəklərini nəzərə çatdırdılar
          Tədbirin sonunda Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən hazırlanmış Şuşa şəhəri ilə  bağlı faktları özündə əks etdirən bukletlər paylanılmışdır.

Keçidlər