Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd təsərrüfatı naziri Masallıda vətəndaşları qəbul edib

28 avqust 2015 | 15:00

28 avqust 2015-ci il tarixdə Kənd təsərrüfatı naziri Heydər Əsədov Masallı şəhər Heydər Əliyev Mərkəzində Masallı, Lənkəran, Astara, Cəlilabad, Lerik və Yardımlı rayonlarının sakinlərini qəbul edib.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda müraciətlərə baxılıb.

Vətəndaşlar əsasən iri fermer təsərrüfatlarının yaradılması, kənd təsərrüfatında sığortanın tətbiqi, toxum və gübrələrə olan tələbat, cins mal-qaranın alınması, fermerlərə güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası ilə təminat, su kanallarının bərpası, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Qəbul zamanı nazir Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, onların hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.

H.Əsədov sakinlərlə görüş zamanı dövlətimizin başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı son dövrlərdə imzaladığı Sərəncam və qərarların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə aqrar sektorun inkişafına təkan verəcəyini vurğulayıb.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qəbul başa çatdıqdan sonra nazir Heydər Əsədov Masallı şəhərində inşa edilən kənd təsərrüfatı idarəsinin inzibati binasında tikinti işlərinin gedişi ilə maraqlanıb.

  Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarından qəbula yazılmış vətəndaşların xüsusi ayrılmış nəqliyyatla Masallı rayonuna aparılıb gətirilmələri təmin olunub.

Keçidlər