Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Dövlət Regional Kolleci tələbələrini qəbul edir

15 sentyabr 2015 | 15:00

2015-ci il sentyabrın 15-də Masallı Dövlət Regional Kolleci öz qapılarını tələbələrin üzünə açdı. “Bilik günü” münasibətilə keçirilən tədbirin iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib bura gül dəstələri qoydular.
“Bilik günü” münasibətilə keçirilən tədbiri giriş sözü ilə kollecin direktor əvəzi Vidadi Nəzərov açdı. Sözçü müəllim və şagird kollektivini, qonaqları səmimi salamlayaraq məktəb haqqında ümumi məlumat verdi. Bildirdi ki, burada beş ixtisas üzrə 100-dən artıq tələbə təhsil alacaq. Tələbələr sırasında Naxçıvan, Bərdə, Quba, Cəlilabad, Biləsuvar və digər bölgələrdən olan gənclər vardır. 
Rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev rayondakı 99 məktəbin sevincini mərasimin xoş ovqatı ilə paralelləşdirdi. Qeyd etdi ki, bu gün Msallıya tələbə mühiti gəlir, Masallı tarixində orta ixtisas təhsili verən tədris müəssisəsi öz şagirdlərini qoynuna alır. Bu sevinci bizə bəxş edən möhtərəm Prezidentimiz İlham Əliyev cənablarıdır. Belə fərəhli və uğurlu layihənin reallaşması üçün böyük zəhmət çəkmiş cənab başçı Rafil Hüseynovun da xidmətini xüsusi qeyd etməliyik.
Valideyn Qabil Həmidov (Cəlilabad), tələbələr Aysel Məmmədova və Röyalə Hüseynovanın çıxışında dövlət qayğısına cavab olaraq yaxşı oxumağa və gözəl mütəxəssis olmağa çağırış səsləndi.
Masallı RİH başçısı Rafil Hüseynov öz çıxışında toplaşanları “Bilik günü” münasibətilə təbrik etdi, Regional Kollecin açılışını bu hisslərin ikiqat fərəhi kimi dəyərləndirdi. Vurğuladı ki, bu məktəb cənab Prezidentin Masallıya səfəri zamanı ictimaiyyət nümayəndələri tərəfindən səsləndirilən təkliflər əsasında yaradılıb. Regionda tələbə mühitinin formalaşması burada şəhər mühitinin zənginləşməsinə təkan verəcək. Kollec məzunlarının işlə təminatı sahəsində real imkanlar var.
Kollecin açılışını regionların prioritet inkişaf prinsiplərinə söykəndiyini bildirən natiq öz arzusunu ifadə edib dedi ki, tezliklə tale bizə bu baza üzərində Turizm İnstitutu yaratmağı nəsib edər. Sözçü Masallı təhsilinə göstərilən yüksək qayğıya görə ölkə rəhbəri İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıq ifadə etdi.
Bilik günü eyni zamanda rayonun mənəvi dəyərləri, folkloru tələbələrə təqdim olundu. Mədəniyyət və Turizm Şöbəsinin incəsənət ustaları Atamoğlan Zahid, Şamo İbayev, Miriş Hüseynov, “Halay” folklor kollektivi və Heydər Əliyev Mərkəzinin rəqs qrupu xüsusi proqramla çıxış etdi.

Keçidlər