Şriftin ölçüsü :

Saytın rəngi :

“Son zəng” tədbirləri Masallı rayonunda xüsusi təntənə ilə qeyd olunub

14 iyun 2021 | 16:00

14 iyun 2021-ci il tarixdə Masallı rayonunun bütün tam orta məktəblərində ənənəyə uyğun olaraq “Son zəng” tədbirləri təntənəli şəkildə qeyd edilib.

Masallı Rayon İcra Hakimiyyətinin bununla əlaqədar məktəblərdə karantin qaydaları gtözlənilməklə şagirdlər və müəllimlər tərəfindən “Son zəng”in yüksək səviyyədə keçirilməsi, yaddaşlarda uzun illər qalması üçün hazırlıq işləri aparılıb.

Əvvəlcə məktəblərdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra şəhidlərin şərəfinə ucaldılmış abidələr ziyarət olunub, önünə tər çicək dəstələri qoyulub.

Masallı rayon Qızılağac kənd şəhid Sübhan Xəlilov adına 1 nömrəli tam orta məktəbində də Masallı Rayon İcra Hakimiyyətinin və aparatının, məktəb müəllimlərinin və məzunlarının iştirakı ilə kənddən Qarabağ döyüşlərində həlak olanların abidəsi önünə gül dəstələri düzülüb.

Məzunlar Ulu Öndər Heydər Əliyevin dediyi «Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!» sözləri və şən vətənpərvərlik musiqi sədaları altında əllərində Azərbaycan Bayrağı tədbirin keçirildiyi yerə daxil olub, ürək sözlərini çatdırıblar.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov geniş nitqində Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədə payı olan qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. İcra başçısı qeyd edib ki, nə qədər ki, Azərbaycan xalqı var həmin şəhidlər daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman onlardan ibrət götürəcək.

Məzunlara yaxşı vətəndaş olmağı arzu edən icra başçısı onlara gələcək, müstəqil həyat yollarında da uğurlar diləyib, «Son zəng» tədbirində iştirak edən, ötən tədris ilində yüksək nəticələr əldə edən ölkəmizin müxtəlif ali məktəblərində Masallı, tələbə adını daşıyan-675 bal toplayan, Prezident təqaüdçüsü Azər Ramazanlı, 650 bal toplayan Fərid Nəsirov və 643 bal toplayan Toğrul Səfərlini nümunə göstərir.

Tədbirə toplaşan məzunları, onların valideynlərini və qonaqları salamlayan Qızılağac kənd şəhid Sübhan Xəlilov adına 1 nömrəli tam orta məktəbin direktoru Şəhla Fətullayeva Ulu Öndərin Azərbaycan təhsilinin inkişafındakı müstəsna xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan uğurlu siyasətdən danışıb. O, həmçinin məktəb kollektivinin qazandığı uğurlar barədə məlumat verib. Bildirib ki, məktəbdə 522 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 35 müəllim məşğul olur. Bu il məktəbi 16 məzun bitirir. 13 nəfər ali məktəbə daxil olmaq üçün ərizə verib. Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıya görə kollektiv adından dövlətimizin başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərinə minnətdarlığını bildirib, məzunlara uğurlar arzulayıb.

Çıxış edən məktəbin kimya müəllimi Lalə Əliyeva və ibtidai sinif müəllimi Səbirə Əliyeva bildiriblər ki, ölkə rəhbərinin Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər gənclərimizin savadlı, həm də əsl vətəndaş kimi yetişməsində əvəzsiz rol oynayır. Bu gün Azərbaycanın gələcəyi üçün layiqli, ləyaqətli və vətənpərvər gənclər yetişir. Azərbaycan gənclərinin dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil almaları üçün hər cür şərait yaradılıb. İndi kəndimizdə üçmərtəbəli yeni məktəbin tikintisi anbaan sürətlənir.

“Son zəng” tədbirlərində digər müəllimlər, valideynlər, qonaqlar məzunlara öz ürək sözlərini çatdıraraq onlara uğurlar arzulayıblar.

Axırda “Son zəng” çalınıb, estafet bu il məktəbin birinci siniflərinə gələcək 44 şagirdə verilib. Onlar da öz növbələrində məzunları şeir dili ilə salamlayıblar, xatirə şəkilləri çəkdiriblər.

“Son zəng” tədbirləri məktəblilərin ədəbi-musiqili çıxışları ilə davam etdirilib.

Keçidlər