Şriftin ölçüsü :

Saytın rəngi :

“Zubrları təbiətimizə qaytaraq!” ekoloji yay düşərgəsi

24 iyul 2021 | 16:00

“Zubrları təbiətimizə qaytaraq!” ekoloji yay düşərgəsinin uğurla başa çatmasında Masalı məktəbliləri iştirak edib


İyulun 21-23-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilən "Azərbaycanda zubrların reintroduksiyası” proqramının gənclərin maarifləndirilməsi və inkişafı istiqaməti üzrə "Zubrları təbiətimizə qaytaraq!" adlı növbəti ekoloji yay düşərgəsi keçirilib.

"Zubrları təbiətimizə qaytaraq!" yay düşərgəsinin əsas məqsədi reintroduksiya olunmuş zubrlar və onların qorunmasının vacibliyi haqqında gənclərin məlumatlandırılması, onların məktəb yaşlarından ətraf mühit sahəsində maarifləndirilməsi, təbiətə qarşı rəğbət və qayğı hissinin formalaşdırılmasıdır.

Düşərgənin ilk günündə məktəblilər zubrların həyat tərzi, ölkəmizdə məskunlaşma tarixi, yayıldığı ərazilər və təbiətdəki rolu, bu nadir canlı növünün təbiətimizə qaytarılması üzrə görülən işlər haqda təqdimatlarda iştirak edib, zubrların populyasiyasının məhvinə səbəb olan amillərlə bağlı təlimlərə, o cümlədən müxtəlif ekoloji müsabiqələrə, biomüxtəlifliklə bağlı əyləncəli bilik yarışmalarına qoşulublar.

Düşərgənin birinci və ikinci günündə iştirakçıların Qəbələ və Şahdağa ekskursiyası təşkil olunub. Məktəblilər Milli Parkın zəngin bioloji müxtəlifliyi ilə tanış olub, eyni zamanda, reintroduksiya proqramı çərçivəsində Azərbaycana gətirilən zubrları canlı izləmək şansı əldə ediblər. Məktəblilərə ölkəmizə gətirilərək uğurlu adaptasiya dövrü keçmiş zubrlar, layihənin icra mərhələləri və uğurları haqda məlumatlar verilib. Düşərgənin son günü, Nohur gölə infotur təşkil olunub, burada komandalararası ekoloji oyunlar, fauna növlərimizin ayaq izləri əsasında təyin edilməsi üzrə çalışmalar, düzgün sığınacaq yerlərinin təşkili və təbiət ərazilərində təhlükəsizlik qaydaları izah edilib. Sonda iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, Qafqaz zubrlarının Azərbaycan təbiətinə reintroduksiyası ilə bağlı proqram çəçivəsində IDEA İctimai Birliyi öz layihə tərəfdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan Nümayəndəliyi ilə birgə geniş mühafizə və maarifləndirmə tədbirləri keçirir. Layihə çərçivəsində 2019-cu ilin mayında Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə Avropadan 12 baş, 2020-ci ildə isə daha 5 baş zubr gətirilərək təbiətə buraxılıb. Ölkəmizə gətirilən zubrlarda təbii artımın müşahidə edilməsi onların adaptasiya dövrünü uğurla tamamladığını göstərir. Hazırda ölkəmizə gətirilən zubrların sayı 19-a çatıb. Layihənin özünü doğrultduğunu nəzərə alaraq, ölkəmizə yeni fərdlərin gətirilməsi davam edəcək.

IDEA İctimai Birliyinin təşəbbüsü ilə ətraf mühit və biomüxtəliflik mövzusunda düşərgələr mütəmadi əsaslarla 2014-cü ildən etibarən hər il təşkil edilir. Bu müddət ərzində düşərgələrdə Masallı da daxil oilmaqla 16 rayonlardan ümumilikdə 500-dən çox məktəbli iştirak edib.

Keçidlər