Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Vətən Müharibəsi iştirakçılarına "Füzulinin azad olunmasına görə" medalı təqdim edildi

03 avqust 2021 | 16:00

Masallıda Vətən Müharibəsi iştirakçılarının "Füzulinin azad olunmasına görə" medalları təqdim edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Vətən müharibəsi zamanı Azərbaycan Respublikası ərazilərinin, o cümlədən işğaldan azad edilməsi uğrunda döyüş tapşırıqlarını uğurla yerinə yetirərək şəhidlik zirvəsinə yüksəlmiş Masallıdan olan 3 şəhid ölümündən sonra ailə üzvlərinə və 164 nəfər hərbi qulluqçu "Füzulinin azad olunmasına görə" medalı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsində təqdim olunub.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Məmmədhüseyn Hüseynov və aparatı, rayon Ağsaqqallar və zialılar, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon filialı  və digər ictimai təşkilatların nümayəndələri, şəhidlərin ailə üzvləri iştirak edib.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı qeyd edir ki, tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini M.Hüseynov, SHXÇDX-nin rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev, iki şəhid anası Ziba Əsgərova, rayon Ağsaqqallar Şurasının sədri, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli, yazıçı-publisist, jurnalist Ələşrəf Niftiyev, «Masallı ziyalıları» İctimai Birliyinin sədri, «Tərəqqi» medallı Qardaş Fətullayev, rayon Gənlər evinin direktoru,  "Füzulinin azad olunmasına görə" medallı Fuad Mənsimov və başqaları Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxladığını, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritet məsələlərindən olduğunu bildirib. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin heç zaman unudulmayacağı, onların əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağı qeyd olunub. Onlar Vətən müharibəsi iştirakçılarının göstərdikləri şücaətlərdən, onların Vətən sevgisinin Azərbaycan gənclərinə böyük örnək olduğundan söz açmışdır.
Sonda şəhid ailələri onlara göstərilən dövlət qayğısına və övladlarının qəhrəmanlıqlarını yüksək qiymətləndirdiklərinə görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Masallı icra başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər