Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayonunun Qızılağac kəndində yeni məktəb binasının açılışı

22 sentyabr 2021 | 16:00

22 sentyabr 2021-ci il tarixdə, yeni dərs ilinin ilk günü rayonun Qızılağac kəndində inşa edilmiş 528 şagird yerlik, üçmərtəbəli yeni məktəb binasının açılışı olmuşdur.

Əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Prezidenti cənab İlham Əliyev ötən il, 11 avqust 2020-ci il tarixdə Masallı rayonunun Qızılağac kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Masallı rayonunun Qızılağac kəndində 528 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılıb.

Masallı rayonunun Qızılağac kənd şəhid Sübhan Xəlilov adına 1 nömrəli tam orta məktəbi üçün yeni bina köhnə məktəbin yaxınlığında inşa edilib. Üçmərtəbəli yeni məktəb binasında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb.
Məktəb binasına baxış tədbrində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, Təhsil Nazirinin müavini Muxtar Məmmədov, 14 saylı Ərazi Maliyyə İdarəsinin rəisi Ehtiram Muxtarov, Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov, şəhid Sübhan Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin direktoru Şəhla Fətullayeva və başqaları iştirak ediblər. Rəsmilər, məktəb rəhbərliyi, kənd sakinləri və şagirdlər Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib, yeni dərs ilində uğurlar arzuladılar.

Yeni məktəb binasında 26 sinif otağı olmaqla laboratoriyalar, fənn kabinetləri, hərbi hazırlıq, texnologiya otaqları, kitabxana, akt və geniş idman zalları yerləşir.

Yeni təhsil ocağı su, işıq və istilik sistemi ilə təmin olunub. Məktəb həyətinə yeni asfalt döşənib, gül kolları əkilib.

Tədbir iştirakçıları məktəb binasında yaradılan şəraitlə yaxından tanış olublar.
Cari tədris ilində məktəbi 16 nəfər şagird bitirmişdi. Onlardan 8 nəfəri müxtəlif ali məktəblərə qəbul olunub. Hazırda məktəbdə təhsil alan 511 şagirdin təlim-tərbiyəsi ilə 35 müəllim məşğul olur. Bu gün, yeni dərs ilində 44 uşaq birinci sinifə qədəm qoyur.
Qeyd edək ki, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə son illər Masallı rayonunda da davamlı tədbirlər həyata keçirilir. Belə ki, təhsilin infrastrukturunun müasir tələblərə uyğun qurulması istiqamətində rayonda bundan sonra da qəzalı vəziyyətdə olan 26 yeni məktəb binasının tikilməsi və ya əsaslı təmir olunması nəzərdə tutulur.

Keçidlər