Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid əsgər Nurlan Dünyamalı oğlu Malikovun anım mərasimi

31 dekabr 2021 | 16:00

   31 dekabr 2021-ci il tarixdə Masallı rayonunun Oncakələ kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Nurlan Dünyamalı oğlu Malikovun anım mərasimi təşkil olunub.
    Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər və s. iştirak ediblər.

   Cənab Şahin Məmmədov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində yanımızda olan, bizə dost, dəstək və düşmən olan ölkələrdən danışmışdır. İcra başçısı demişdir:

   -Bütün şəhidlərin ruhu qarşısında baş əyirəm. Bu gün Nurlanın ruhu bizimlədir. Nurlan kimi igid balalarımız bizə vüqarımızı, qürurumuzu və ləyaqətimizi qaytararaq Zəfər sevinci yaşatdılar. Biz belə gənclərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Əgər mənfur erməniləri müdafiə edən dövlətlər olmasaydı, torpaqlarımız 30 il düşmən tapdağı altında qalmazdı, 1 milyon qaçqın-köçkünümüz, faciələrimiz olmazdı.  İndi dünyada Türk dövlətlərinin böyük «Turan» birliyi yaranır. Biz daha güclü olacağıq.

    -Masallıdan İkinci Qarabağ müharibəsində 62 şəhidimiz oldu. Şəhid analarının alnından öpürəm. Allah möhtərəm Prezidentimizi, ailəsini, millətimizi, Masallımızı, masallıları qorusun. Masallının şəhid ailələri, qaziləri onların adlarına xələl gətirən artıq hərəkət etmədilər. Onlar bir məğrurluq nümayiş etdirdilər. Bütün şəhid ailələrinə və qazilərimizə təşəkkür edən Masallı RİH-in başçısı ən vacib məsələni diqqətə çatdıraraq bildirmişdir ki, özümüzü pandemiyadan qorumalıyıq. Əgər kimin 3-cü doza vurdurmaq vaxtı çatıbsa, xahiş edirəm qaydalara riayət etsin. Peyvənd olmaq ölüm ehtimalını 90 faiz azaldır. Tapşırığıma və tövsiyələrimə əsasən, mobil qrupların fəallığı, bu işə məsul olan vəzifəli şəxslərin səyi hesabınadır ki, Masallıda vəfat edənlərin sayı respublika göstərisindən aşağıdır. Əlbəttə, biz bilmirik həmin sağ qalan insanlar kimdir. Amma, maksimum dərəcədə çalışmışıq ki, ölüm riski baş verməsin. Ona görə bu sahədə zəhməti olan vəzifəli şəxslərə sağ olun deyirəm.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah Nurlan balamızı, bütün şəhidləri rəhmət eləsin…
    Rayon rəhbəri şəhidin il mərasimində Masallıları bir daha qarşıdan gələn 2022-ci il — Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, masallılara daha uğurlu, sevincli günlər arzulayıb.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən Nurlan Dünyamalı oğlu Malikov ölümündən sonra "Vətən uğrunda", «Qubadlının azad olunmasına görə» və  “İgidliyə görə” medalları ilə təltif edilmişdir.
     Şəhid əsgər Nurlan Malikovun ailəsi, şəxsən qardaşı Kərim, kənd camaatı, qazilər hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Masallı Rayon İcra Hakimiyyətinin başçısına dərin minnətdarlığını bildirmişdir.
     Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Məftun Hüseynov, Hacı Hüseyn Əhmədli və başqaları “Qurani-Kərim”dən ayələr oxuyub, ölkə başçımıza, ölkəmizə, millətimizə dualar etmişlər.
   Sonra mərasim iştirakçıları Oncakələ kənd qəbiristanında şəhid əsgər Nurlan Malikovun məzarını ziyarət etmişlər.
   Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin Baş redaktoru Əlihüseyn Şükürov  (fotoqraf Rəşad Fərəcov) il mərasimi keçirilən Oncakələ kəndindən xəbər verir ki, həmin kənddən olan Vətən müharibəsinin şəhid əsgəri Nurlan Dünyamalı oğlu Malikovun xatirəsi ehtiramla anılıb, məzarı üstünə təzə güllər düzülmüşdür.
   Çıxışlarda şəhid barədə xatirələr danışılmış, şəhid Nurlan Malikovun  heç vədə unudulmayacağı, daim ürəklərdə yaşayacağı bildirilmişdir.

Keçidlər