Şriftin ölçüsü :

Saytın rəngi :

BOL MƏHSUL UĞRUNDA

14 yanvar 2022 | 16:00

Kartofçuluq Masallı rayonunun ənənəvi kənd təsərrüfatı sahələrindən biridir. Bir neçə gündür rayonda yazlıq kartofun əkininə başlanılıb.

Ölkəmizin cənub rayonlarında, o cümlədən Masallıda kartof əkini üçün ən münasib dövr yanvar-fevral ayları hesab olunur. Ötən il rayonda 893 hektar sahədən 16 min tona yaxın kartof yığılıb. Bu il isə 1000 hektar sahədə kartof əkilməsi nəzərdə tutulub. Kartof əsasən rayonun Təklə, Ləngan, Təzə Alvadı, Köhnə Alvadı, Əhmədli, Sığıncaq kəndlərində əkilir.

Fermer Füzuli Məmmədovla söhbət zamanı bildirib ki, uzun illərdir təsərrüfatında kartof yetişdirir: “Bu il 2 hektar sahədə kartof əkəcəm. İşçilərimiz də var, gördüyünüz kimi, əkin işləri aparırıq. Gübrələrdən, xüsusilə üzvi gübrələrdən istifadə edirik. Hələlik hava əlverişlidir, əkin davam edir”.

Bol və keyfiyyətli məhsul götürmək üçün düzgün sortun seçilməsi də vacib amildir. Buna görə də fermerlər bölgənin iqliminə uyğun kartof toxumuna üstünlük verirlər. Bu il əsasən əkində tez yetişən sortlardan istifadə olunur. Məhsulun tez yetişməsi Rusiya bazarlarına daha tez çıxarılmasına da imkan yaradır.

Fermer Füzuli Məmmədov qeyd edib ki, toxumu Rusiyadan gətirir. O, 1 hektara 3300 - 3500-dək toxum səpir: “Bir hektara qırmızı kartof sortu, bir hektara da holland sortu əkmişəm. Yəni, kim hansı toxumu istəyir, onu da əkir”, - deyə o əlavə edib.

Digər fermer Ramazan Qarayev isə gübrələrin baha olduğunu vurğulayıb. Onun sözlərinə görə, gübrələrin qiyməti münasib olarsa, daha çox məhsul götürmək mümkündür.

Bu günədək rayon üzrə 600 hektardan çox sahədə əkin aparılıb. Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Nazim Şahbazov bildirib ki, hazırda mineral gübrələrlə yanaşı, sahələrə üzvi gübrələr də verilir: “Ləngan kəndində vahid sahədə vahid əkin prinsipi qurmuşuq. Fermerlər 3-4 ildir kartof əkirlər. Eyni sahədə növbəli şəkildə çiyələk, noxud, mərci də becərirlər. Bu isə məhsuldarlığın artmasına şərait yaradır”.

Rayonda yazlıq kartof əkininin fevral ayının axırlarınadək yekunlaşdırılması nəzərdə tutulur. Mart-aprel ayından becərmə işləri aparılacaq, sahələr gəmirici və həşəratlara qarşı dərmanlanacaq. Kartofun yığımına isə mayın ortalarından başlanacaq.

Keçidlər