Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Firdovsi Bağırzadənin ailəsinə ev verildi

24 sentyabr 2016 | 16:00

24 sentyabr 2016-cı il tarixdə Masallı rayonu Güllütəpə kəndində Şəhid Firdovsi Bağırzadənin ailəsi üçün tikilmiş yeni ev təqdim edilmişdir.
Tədbiri giriş sözü ilə açan Masallı rayon Güllütəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlövsət Muradov şəhid Firdovsi Əliş oğlu Bağırzadənin şərəfinə inşa edilmiş evə görə rayonun rəhbərinə o cümlədən əməyi olan bütün insanlara şəhidin ailəsi və kənd camaatı adından bu xeyirxah işə görə təşəkkür etmişdir.
Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazisi Mirqiyas Təhməzov bildirmişdir ki, təzə ev qiymətli hədiyyədir. Şəhid ölməzdir, diridir.
Güllütəpə kənd ağsaqqalları adından Mirsahib Mütəllimov və ailəsi adından Ağamir İbrahimov danışaraq qeyd etmişlər ki, şəhidin ailəsinin ev şəraiti yaxşı vəziyətdə deyildi. Təzə ev bizim əzizlərə, ana-balaya yaxşı töhfədir.
Sonra Milli Məclisin deputatı Nəriman Əliyev çıxış edərək bildirmişdir ki, Firdovsi Vətən uğrunda, torpaq uğrunda həlak olub, xatirəsi həmişə əziz tutulacaqdır.
Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək bildirdi ki, Vətən müqəddəsdir, onu qorumaq hamımızın müqəddəs borcudur. 2016-cı ilin aprel ayında cəbhənin Tərtər rayonu istiqamətindəki təmas xəttində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olan oğlumuz Firdovsi də bizim şərəfimizdir. Bu gün onun adına görə bura yığışmışıq. Rayon rəhbəri təzə evin ərsəyə gəlməsində xidməti olan sahibkarlara və binanın tikintisində çalışan inşaatçılara təşəkkür etdi. Allah bizə şəhid verməkdə bir daha imtahan eləməsin. İndi güclü Ordumuz, onun Ali Baş Komandanı var. Cənab İlham Əliyevin hərbi sahədə apardığı işlər əvəzsizdir. Orduda möhkəm intizam var, müasir silahlanma dövlətçiliyimizi, qüdrətimizi artırır. Azərbaycan ən güclü dövlətə çevrilməkdədir.
  Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının bütün respublikamızda olduğu kimi Masallı rayonunda da Qarabağ şəhidlərinə diqqət və qayğısından danışmışlar.
İctimaiyyət nümayəndələrinin də iştirak etdiyi təqdimetmə mərasimində Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov iki mərtəbədən ibarət olan təzə evin açarını şəhidin anası Sehranə xanıma təqdim etmişdir. Təzə evə baxış keçirilmişdir. Otaqlar yaşayış üçün lazım olan bütün avadanlıqlarla təchiz olunmuşdur.
  Şəhidin anası Sehranə xanım Prezident İlham Əliyevə, ölkənin birinci xanımı Mehriban Əliyevaya, rayon rəhbərinə onun ailəsinə göstərdikləri diqqət və qayğıya görə təşəkkürünü bildirmişdir.
Axırda kənd məscidində şəhid Firdovsi Bağırzadənin ruhuna dualar oxunmuşdur.

Keçidlər