Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “8 mart Beynəlxalq Qadınlar Günü” qeyd olundu

06 mart 2017 | 16:00

06 mart 2017-ci il tarixdə Masallı şəhər “Qızıl tac” şadlıq sarayında Masallı rayon Icra hakimiyyətinin təşkilatçılığı ilə 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilmişdir.
       İlk öncə rayonun idarə, müəssisə və təşkilatında çalışan fəallarından ibarət bir qrup qadın Masallı şəhər Heydər Əliyev parkında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
       Tədbirin əsas hissəsi 8 mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş videoçarxın nümayişi ilə başlamışdır.
      8 mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbirdə çıxış edən Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov bayram münasibətilə qadınları təbrik edərək onların cəmiyyətdəki rolundan söhbət açdı. Natiq çıxışında dövlətin hərtərəfli qayğısı ilə əhatə olunan Azərbaycan qadını bu gün ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatının fəal iştirakçısına çevrildiyini xüsusilə qeyd etdi. Azərbaycan qadınlarının ölkəmizin həyatındakı çoxşaxəli rolundan danışan rayon rəhbəri bu sahədə Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin, Ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın adını xüsusi xidmətlərini qeyd edərək ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın Azərbaycan qadınına xas olan ən dəyərli keyfiyyətləri özündə birləşdirməklə qadınlarımızı dünyada ləyaqətlə təmsil etdiyini vurğuladı. RİH-nin başçısı həmçinin qeyd etdi ki, Azərbaycan qadınları ilə bir sırada inamla addımlayan masallılı qadınlar da bu gün iqtisadiyyatımızın gücləndirilməsində idarəetmə, təhsil, səhiyyə, mədəniyyət, aqrar və digər sahələrdə əzmlə çalışırlar.
  Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirakına görə Masallı rayon İcra hakimiyyətinin başçısı tərəfindən Fəxri fərman və qiymətli hədiyyələr verildi.
  Aynur Həsənova və Məhəmməd Kərimlinin aparıcılığı ilə davam edən tədbirdə SYSLAB Gənclər üçün Mərkəzinin üzvü Aynur Tağıyeva, Masallı Dövlət Regional Kollecin müəllimi Dilarə Hüseynova və başqaları Azərbaycanda qadına, anaya daim böyük ehtiram və hörmət bəslənməsindən, müdrik, cəsur, istedadlı qadınlarımızın adlarının çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmasından danışdılar. Bayram münasibətilə xoş arzularını bildirən çıxışçılar qadınlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyev cənablarına dərin minnətdarlıqlarını bildirdilər.
Tədbirdə Masallı rayon Təhsil şöbəsi, rayon Səhiyyə şöbəsi və Ziyalılar İctimai birliyi tərəfindən bir qrup fəal qadına Fəxri fərman və qiymətli hədiyyələr təqdim edildi.
         Beynəlxalq Qadınlar gününə həsr olunmuş tədbir rayon Mədəniyyət evinin özfəaliyyət kollektivinin və Masallı şəhər Heydər Əliyev Mərkəzinin rəqs qruplarının ifasında rəngarəng musiqilər və rəqslərlə yekunlaşmışdır.

Keçidlər