Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda şəhid Firdovsi Bağırzadənin anım mərasimi qeyd olunub

05 aprel 2017 | 16:00

05 aprel 2017-ci il tarixdə Masallı rayon Güllütəpə kəndində 2016-cı ilin aprel ayında cəbhə xəttində gedən ağır döyüşlər zamanı qəhrəmancasına şəhid olmuş əsgər Firdovsi Əliş oğlu Bağırzadənin anım mərasimi keçirilmişdir.

Aprel döyüşlərində şəhid olmuş Firdovsi Bağırzadənin doğulub boya-başa çatdığı Güllütəpə kəndində keçirilən anım mərasimində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyatin təmsilçiləri iştirak ediblər.

Mərasimdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan qələbənin əhəmiyyətindən danışıb.

Güllütəpə kəndinin ağsaqqalı İlham Əsədov, şəhidin dayısı Ağamir İbrahimov və başqaları şəhid Firdovsi Bağırzadənin göstərdiyi qəhrəmanlıqdan, ordumuzun cəbhədəki uğurlarından söz açıblar.

Qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi Firdovsi Bağırzadənin də əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

Sonra məktəblilər Vətənə, şəhidlərimizə həsr olunan şeirlər söyləyib, səhnəcilklər göstəriblər.

Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, onun yaşadığı evdə ehsan süfrəsi açılıb, ruhuna dualar oxunub.

Qeyd edək ki, Güllütəpə kəndindəki mərkəzi küçəyə şəhid Firdovsi Bağırzadənin adı verilib.

 

Keçidlər