Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda şəhid Nurlan Əsgərlinin ildönümü mərasimi qeyd olunub

05 aprel 2017 | 16:00

05 aprel 2017-ci il tarixdə Masallı rayon Kalinovka kəndində 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş müddətdən artıq xidmət edən hərbi qulluqçu Nurlan Bayram oğlu Əsgərlinin ildönümü mərasimi keçirilmişdir.

Ötən ilin aprel ayında Ermənistan silahlı birləşmələrinin cəbhədə törətdikləri təxribatların qarşısını alarkən şəhid olmuş Nurlan Əsgərlinin xatirəsi onun doğulub boya-başa çatdığı Masallının Kalinovka kəndində anılıb.

AZƏRTAC xəbər verir ki, kəndin mərkəzi küçəsində şəhid Nurlan Əsgərlinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov aprel döyüşlərindəki qələbənin Azərbaycan xalqının mübarizliyinin, Milli Ordumuzun gücünün təntənəsi olduğunu qeyd edərək bildirib ki, bu qələbə xalqımızın Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini bir daha sübut etdi.

Kalinovka kənd tam orta məktəbinin müəllimi Oqtay Həsənov, şəhidin sinif müəllimi Şəkər Əsgərova, şəhidin atası Bayram Əsgərov və başqaları tədbirdə Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr endirməsindən, qəhrəman oğullarımızın döyüşlərdə göstərdiyi şücaətdən danışıb, işğal altındakı torpaqlarımızın azad ediləcəyinə əminliklərini ifadə ediblər.

Mərasim iştirakçıları şəhidin məzarını ziyarət ediblər. Kənd məscidində ehsan süfrəsi açılıb, şəhidin ruhuna dualar oxunub.

Tədbir iştirakçıları, həmçinin 1993-cü ildə Qarabağ müharibəsində şəhid olmuş Yevgeniy Nikolayeviç Belimin məzarını da ziyarət ediblər.

Keçidlər