Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayon İcra hakimiyyəti başçısının 2017-ci il I rübün yekunlarına həsr olunmuş hesabatı

17 aprel 2017 | 16:00

Masallı Rayon İcra Hakimiyyətinin iclas zalında 2017-ci ilin birinci rübündə Masallı rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar geniş şura iclası keçirilmişdir. İclasda 2017-ci ilin birinci rübündə Masallı rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilmişdir.
                    Yığıncağı açan RİH başçısı cənab R. HÜSEYNOV demişdir ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə 10 aprel 2017-ci il tarixdə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında çıxış edən ölkə başçısı bildirmişdir ki, birinci rübdə ölkəmiz uğurla inkişaf edib, bizim bütün proqnozlarımız həyatda öz əksini tapır. Hələ keçən ilin sonlarında mən tam əminliklə qeyd etmişdim ki, 2017-ci ildə ölkəmizin sürətli inkişafı təmin ediləcəkdir. Birinci rübün nəticələri göstərir ki, Azərbaycan bütün sahələrdə çox sürətlə inkişaf edib, bizim beynəlxalq mövqelərimiz möhkəmlənib, ölkə daxilində proseslər müsbət istiqamətdə gedir, iqtisadi inkişaf təmin edilir, bütün sosial məsələlər öz həllini tapır. Çox ciddi sosial təşəbbüslər irəli sürülmüşdür, ordu quruculuğu uğurla gedir və əminəm ki, biz bu il istədiyimiz nəticələrə, bütün hədəflərə çatacağıq və 2017-ci il də ölkəmiz üçün uğurlu il olacaqdır.
       İlin əvvəlindən beynəlxalq fəaliyyətimiz də çox uğurlu olmuşdur deyən cənab Prezident bildirmişdir ki, mən birinci rübdə 7 xarici səfər etmişəm. Bu səfərlərin çox böyük əhəmiyyəti var. İlk növbədə, beynəlxalq konfranslarda mənim iştirakım ölkəmizin maraqlarının təmin edilməsi üçün çox böyük əhəmiyyət daşıyır.
          Eyni zamanda, bu ilin birinci rübündə yeddi dövlət başçısı Azərbaycana səfər etmişdir. Bu da çox önəmlidir. Çünki bu səfərlər həm ölkəmizə olan hörmətin əlamətidir, eyni zamanda, səfərlər çərçivəsində çox ciddi müzakirələr aparılır və görün, bizim beynəlxalq təmaslarımız nə qədər çoxşaxəlidir.
         Bir önəmli hadisə də baş verdi. Biz Cocuq Mərcanlı kəndinin bərpasına başladıq deyən cənab Prezident qeyd etmişdir ki, hesab edirəm ki, bu da tarixi hadisədir. İndi orada yeni qəsəbə salınır. Birinci növbədə 50 ev, məktəb, uşaq bağçası, məscid tikilir, yeni yol salınır. Sonra əlavə 150 ev və tibb məntəqəsi tikiləcək. Onu da qeyd etməliyəm ki, o məscid Şuşa məscidinin memarlığını təkrarlayır. Bu, mənim göstərişim idi. Erməni vəhşiləri tərəfindən dağıdılmış bütün abidələrimizin, məscidlərimizin bərpası günü də gələcək. Cocuq Mərcanlının bərpası tarixi hadisədir, bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayacaq. Eyni zamanda, onu göstərir ki, Azərbaycan öz ərazilərini bərpa edəndən sonra bütün kəndləri, bütün şəhərləri yenidən quracaq. Bu, bir daha onu göstərir ki, 20 ildən artıq başqa yerdə məskunlaşan Cocuq Mərcanlı kəndinin sakinləri öz doğma kəndinə tezliklə qayıtmaq arzusu ilə yaşayırlar. Baxmayaraq ki, orada bütün evlər dağıdılıb, ora təmas xəttinə yaxındır. Bax, budur torpaq sevgisi, Vətən sevgisi. Ona görə həm dövlət, həm bizim siyasətimiz, eyni zamanda, xalq bu məsələdə vəhdət təşkil edir. Bu vəhdət, bu birlik bizi daha da ruhlandırır və göstərir ki, biz haqq yolundayıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik.
         Əlbəttə, bütün bu məsələləri həll etmək üçün bizim güclü iqtisadi potensialımız olmalıdır. Biz bu potensialı yaratmışıq. 2017-ci ilin birinci rübünün yekunları onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çox dinamik şəkildə inkişaf edir. Mən bəzi rəqəmləri ictimaiyyətin diqqətinə çatdırmaq istəyirəm. Bu rəqəmlər mövcud iqtisadi vəziyyətimizi hər şeydən yaxşı əks etdirir.
    İqtisadiyyatımızın əsas göstəriciləri qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının inkişafıdır. Bütün bu istiqamətlər üzrə yaxşı nəticələr var. İqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz artıbdır, qeyri-neft sənayemizin artımı 2 faiz səviyyəsində olubdur, kənd təsərrüfatı 3,5 faiz artıbdır. Xüsusilə qeyd etmək istəyirəm ki, bitkiçilik 20 faizdən çox artıbdır. Bu, onu göstərir ki, bizim gördüyümüz işlər, ciddi islahatlar, investisiyalar artıq öz nəticələrini verir.
           Birinci rübdə bizim valyuta ehtiyatlarımız 1 milyard dollar səviyyəsində artıbdır. Bu gün valyuta ehtiyatlarımız 38,5 milyard dollardır. Bu, böyük rəqəmdir. Biz keçən il valyuta ehtiyatlarımızı qoruya bilmişik.
     Bu ilin üç ayında ticarət dövriyyəsi 15 faiz artmışdır. Bu da çox yaxşı göstəricidir. İxrac təxminən 50 faiz artmışdır. Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft ixracımız təqribən 10 faiz ətrafında artmışdır, idxal isə 17 faiz azalmışdır. İdxalın azalması, ixracın kəskin artması bizim iqtisadi sabitliyimizi təmin edir. Ancaq birinci rübdə ticarət dövriyyəmizin müsbət saldosu 1 milyard dollar səviyyəsindədir.
         Bax, bu göstəricilər bizim iqtisadi vəziyyətimizi real əks etdirir. Əgər əlavə etsəm ki, bu il Davos Ümumdünya İqtisadi Forumu iqtisadiyyatların rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 37-ci yerə layiq görüb, artıq mənzərə tamamlanır. Biz böhranlı illərdə öz reytinqimizi üç pillə artıra bilmişik. İnkişafda olan ölkələr arasında reytinqə görə isə Azərbaycan 1-ci, 2-ci yerləri bölüşür. Budur bizim işimizə verilən real və etibarlı qiymət. Biz bu yolla gedəcəyik, iqtisadi potensialımızı gücləndirəcəyik
     Birinci rübdə 85 min yeni iş yeri yaradılmışdır. Onlardan 70 mini daimi iş yeridir. Doqquz min iş yeri bağlanıb. Biz artıq yenə də gözəl mənzərəni görürük. Sevindirici hal ondan ibarətdir ki, iş yerlərinin yaradılması təkcə dövlət sektorunda yox, özəl sektorda da davam edir. Mən əvvəlki toplantıda qeyd etmişdim ki, biz bu il dövlət sektorunda 40 mindən çox yeni iş yeri yaradacağıq. Onlar artıq yaradılıb. Amma 40 mindən çox iş yeri özəl sektorda yaradılıbdır. Bu da iqtisadi inkişafın təzahürüdür.
          Bu il Cənub Qaz Dəhlizinin icrası ilə bağlı da önəmli hadisə baş verib. Cənub Qaz Dəhlizinin Məşvərət Şurası üçüncü dəfə Bakıda görüş keçirib.
     Tezliklə Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi həm bizim, həm də bu layihədə iştirak edən və bu layihədən gələcəkdə xeyir götürəcək bütün tərəflər üçün önəmlidir. Mən əminəm ki, 2017-ci il bu baxımdan həlledici il olacaq və biz gələn il TANAP layihəsinin açılışını qeyd etməliyik
     Bu ilin mart ayında Azərbaycandan İrana artıq birinci qatar keçibdir. Biz Şimal-Cənub dəhlizi ilə bağlı ərazimizdə olan bütün işləri yekunlaşdırdıq. Əminəm ki, bu il Şimal-Cənub layihəsinin icrasında birgə səylərlə müsbət irəliləyiş olacaq.
Keçən il turistlərin, xarici vətəndaşların ölkəmizə səfərləri 11 faiz artmışdır. Bu ilin birinci rübündə artıq 25 faiz artım var. Bu da çox gözəl göstəricidir. Bunun əlbəttə ki, bir çox səbəbləri var. Birincisi, Azərbaycanda mövcud olan və son illər ərzində yaradılmış müasir infrastruktur. Bizim 6 beynəlxalq aeroportumuz var. Bizim ən son modellərlə təchiz edilmiş hava nəqliyyatımız var. Bütün bölgələrə gözəl yollar çəkilibdir. Bakıda və bölgələrdə gözəl otellər tikilibdir. Bakıda dünyanın demək olar ki, bütün aparıcı otel şəbəkələri öz otellərini idarə edirlər. Bütün bölgələrdə müasir otel infrastrukturu, müalicəvi turizm inkişaf edir. Biz ənənəvi turizm bölgələrini bərpa etdik.
     İkincisi, ölkəmizdə mövcud olan sabitlik. İndi turistlər də baxırlar ki, hara getsinlər, riskli yerlərə getmək istəmirlər. Bilirlər ki, Azərbaycanda onların təhlükəsizliyi qorunacaq. Bilirlər ki, Azərbaycan sabit ölkədir. Bu da önəmli amildir.
Növbəti amil mənim göstərişimlə "ASAN viza" sisteminin yaradılmasıdır. Son üç ay ərzində "ASAN viza" xətti ilə 40 min viza verilib. Əlbəttə, bizim tariximiz, tarixi abidələrimiz, gözəl iqlimimiz, xalqımızın qonaqpərvərliyi, zəngin mətbəxi də bu işdə rol oynayır. Ancaq bunlar hamısı var idi. Bəs, niyə turizm inkişaf etmirdi? Biz bu sahədə inkişafı niyə görmürdük? Ancaq bu məsələni mən şəxsən öz nəzarətimə götürəndən sonra burada dönüş yarandı. Mənim yadımdadır, dəfələrlə müxtəlif dövlət qurumlarına göstəriş vermişdim ki, bu viza məsələlərini həll edin. Çünki vizalarla bağlı pozuntular bizim imicimizə zərbə vururdu. Mən bu məsələni tam diqqətə götürdüm və dərhal inqilabi dönüşlər yarandı. Ona görə turistlərin axınının əsas səbəbləri, bax, budur - bizim siyasətimiz, verdiyim göstərişlər, onların icrası, viza və təhlükəsizlik məsələləri, müasir infrastruktur, otellər, istirahət zonaları və əlbəttə ki, Bakının gözəlliyi.
      Bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Ancaq Bakı necə idi? Bu, artıq yaddan çıxır. Qaranlıq küçələr, bulvar nə gündə idi. Adam qorxurdu bulvara getməyə. Heç kim bulvara çıxıb orada ailəsi ilə gəzmirdi. Dağılmış binalar, daxmalar, dar yollar - bu idi əvvəlki Bakı. İndi Bakının tarixi binaları tarixi irsimiz qorunmaqla təmir edildi. İçərişəhər artıq dünyanın ən cəlbedici tarixi yerlərinin birinə çevrildi. Bakı Bulvarının uzunluğu 3 kilometrdən 16 kilometrə çatdırıldı, söküntü işləri aparıldı, yeni yollar açıldı, yeni parklar salındı. Bu gün Bakı parklar, göllər şəhəridir. Biz gölləri təmizlədik. Biz ekoloji fəlakət mənbəyi olan Bibiheybət buxtasını təmizlədik. Biz ekoloji təhlükə mənbəyi olan Böyükşor gölünü təmizlədik və hələ ki, burada işlər davam edir. Bunlar olmasaydı, hansı turist Azərbaycana gələrdi? Biz beynəlxalq yarışlar keçirdik, dünyanın diqqətini cəlb etdik. Biz "Eurovision", Avropa Oyunları, 500 milyon auditoriyası olan "Formula-1" keçirdik. Biz İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Bunlar olmasaydı, kimsə gələrdimi? Əsas amillər bunlardır, bunu hamı bilsin və düzgün qiymətləndirsin.
          Biz gələn ay İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Bütün hazırlıq işləri yekunlaşır. Bu da böyük bir idman bayramı olacaq. Mən artıq təntənəli mərasimdə qeyd etdim ki, bu, təkcə idman Oyunları deyil, həm də birlik Oyunlarıdır. Biz bu istiqamətdə də səylərimizlə müsəlman ölkələri arasındakı birliyi möhkəmləndirəcəyik.
     İclasda yekun nitqi ilə çıxış edən cənab Prezident bildirmişdir ki, 2017-ci il yaxşı başlayır, yaxşı nəticələr var. Çalışmalıyıq ki, il ərzində bu dinamikanı saxlayaq və 2017-ci ili də uğurla başa vuraq.
     Bakı şəhərində 300-dən çox yeni hündürmərtəbəli bina tikilir. Bakının müxtəlif yerlərində artıq müddəti keçmiş və yararsız vəziyyətdə olan binalar sahibkarlar tərəfindən sökülür. Orada yaşayan vətəndaşlara ya kompensasiya verilir, ya da vəsait ayrılır ki, onlar kirayədə yaşasınlar.
     Vətəndaşlara əvvəlkindən təxminən 10, bəzi hallarda 20, yaxud 30 faiz daha böyük ölçüdə təmirli mənzillər verilir. Bu proses davam edir. Mən yerli icra orqanlarına, sahibkarlara bir daha müraciət edirəm ki, onlar bu işi düzgün təşkil etsinlər. Sahibkarlar təşəbbüs göstərsinlər, yerli icra orqanları isə öz növbəsində onlara şərait yaratsınlar, kömək etsinlər.
      Növbəti önəmli layihə mikrorayonlarla bağlıdır. Artıq birinci mikrorayonla bağlı layihə hazırlanıb, əminəm ki, tezliklə icra ediləcək. Mən xüsusi tapşırıq vermişəm ki, yeni tikilən, xüsusilə sökülən o binaların yerində tikilən binaların birinci mərtəbəsində mütləq ictimai yerlər, uşaq bağçası nəzərdə tutulsun. Beləliklə, bu yolla tikilən 75 binanın hər birinin birinci mərtəbəsində uşaq bağçası olacaqdır.
    Sənaye istehsalı və kənd təsərrüfatı əsas prioritet istiqamətlərdir. Hər iki istiqamət üzrə yaxşı nəticələr var. Qeyd etdiyim kimi, qeyri-neft sənayesi 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artıb. İndi rayonlarda sənaye zonaları yaradılır. Mingəçevir Sənaye Parkında ilk zavodlar bu ilin sonunda istifadəyə veriləcək. Sumqayıt Texnologiyalar Parkında, Kimya Sənaye Parkında, Pirallahı və Balaxanı Sənaye parklarında, Neftçala Sənaye Məhəlləsində işlər yaxşı gedir. Yəni, bu proses artıq gedir. Bir neçə il bundan əvvəl mən qeyd etdim və tapşırıq verdim ki, hər bir rayonda sənaye zonası tikilsin. Biz artıq bunu görürük. Bütün rayonlar bu işlərə fəal qoşulmalıdır.
     Kənd təsərrüfatı sahəsində görüləcək işlər haqqında bu ilin yanvar ayında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci ilinin yekunlarının müzakirəsi zamanı mən kifayət qədər geniş danışdım.
     Kənd təsərrüfatının inkişafı üçün bu il 150 min hektar yeni torpaq sahəsinin suvarılması nəzərdə tutulur, vəsait ayrılıb və bu layihələr nəzarət altında olmalıdır ki, biz il ərzində bu rəqəmə çata bilək. Hesab edirəm ki, bu, inqilabi bir dəyişiklik olacaq və kənd təsərrüfatı istehsalını əlbəttə ki, artıran amillərdən biridir, bəlkə də birincisidir.
      Kənd təsərrüfatı məhsullarının həcmi artmalıdır, daxili tələbatı tam təmin etməliyik. İxracyönümlü məhsulların həcmini artırmalıyıq, məhsuldarlıq yüksəldilməlidir, ən müasir texnologiyalar tətbiq olunmalıdır. Torpaqların dəqiq uçotu aparılmalıdır. Bu istiqamətlərdə işlər gedir, göstərişlər verilibdir. Torpaqların müasir üsullarla dəqiq təhlili aparılmalıdır. Torpaqların keyfiyyəti haqqında bizdə müfəssəl məlumat olmalıdır. Biz bu sahədə böyük təcrübə toplamış ölkələrin təcrübəsini gətirməliyik, ondan istifadə etməliyik ki, hansı sahədə, hansı bölgədə hansı məhsul yetişdirilməlidir. Yəni, bundan sonra da biz buna kortəbii yox, ancaq fərdi qaydada yanaşmalıyıq və subsidiya məsələləri də buna görə hesablanmalıdır. Mən artıq müvafiq göstərişlər vermişəm, biz buna baxmalıyıq. İndi subsidiyaların verilmə prosedurları təkmilləşdirilir. Ancaq hesab edirəm ki, biz gələcəkdə rayonlaşma siyasətinə daha da ciddi baxmalıyıq. Biz bilməliyik, hansı bölgələrdə hansı məhsulun yetişdirilməsinə nə qədər subsidiya verilməlidir ki, təbii imkanlarımızdan daha da səmərə ilə istifadə edək.
        Bu il kənd təsərrüfatının inkişafında mühüm rol oynayan iki zavodun - pivot suvarma sistemləri və pestisid zavodlarının istifadəyə verilməsi nəzərdə tutulur. Bu il artıq bu, təmin edilməlidir. Gələn il isə azot gübrəsi zavodu istifadəyə verilməlidir. Biz bunu təxminən bir ildən sonra gözləyirik. Beləliklə, biz azot gübrələri ilə özümüzü nəinki təmin edəcəyik və ixrac imkanlarımız da yaranacaqdır.
      Bütövlükdə özümüzü ərzaq məhsulları ilə təminetmə istiqamətində işlər yaxşı gedir. Bizim yeganə zəif yerimiz taxılçılıqdır. Burada çox geniş informasiya yığılmalıdır, statistika düzgün təhlil edilməlidir və bir çox suallara cavab verilməlidir. Necə olur ki, biz taxılçılığa bir milyon hektar torpaq ayırmışıq, amma özümüzü ərzaq buğdası ilə təmin edə bilmirik.
   Dəqiq təhlil aparılmalıdır, bizə nə qədər ərzaq buğdası, bütövlükdə taxılçılıq üçün torpaq sahəsi lazımdır ki, özümüzü keyfiyyətli buğda ilə, taxılla təmin edək və əlbəttə, idxaldan asılılığı azaldaq. Biz hər il idxala təxminən 300 milyon manat pul ayırırıq. Burada əlbəttə ki, uçot, təhlil, elektron nəzarət, peyk nəzarəti olmalıdır. Bizim peykimiz var və qısa müddət ərzində torpaqların münbitliyinin, məhsuldarlığının dəqiq analizi aparılmalıdır.
     Digər önəmli məsələlərdən biri qeyri-neft sektorunun istehsal etdiyi malların ixracı ilə bağlıdır. Bu da indi uğurla inkişaf edən bir istiqamətdir. Həm islahatlar aparıldı, həm institusional tədbirlər görüldü, "Azexport" portalı yaradıldı. Azərbaycan brendi indi dünyada təbliğ edilir. Biz bir çox sərgilərdə iştirak etmişik və yenə də iştirak etməliyik. Müxtəlif ölkələrdə ticarət evləri yaradılır, ticarət-ixrac missiyaları həyata keçirilir. Müvafiq sərəncamlar verildi, vəsait ayrıldı. Xarici media vasitələrində reklam kampaniyaları aparılmalıdır ki, biz "Made in Azerbaijan" brendini tanıtdıraq.
     Qeyri-neft sektorunun ixracı təxminən 10 faiz artmışdır, amma potensial daha da böyükdür. Ona görə, biz yeni ixrac bazarlarına çıxışı təmin etməliyik. Ənənəvi olan ixrac bazarlarına daha geniş çeşiddə məhsulla çıxmalıyıq. Eyni zamanda, yeni ixrac bazarlarını axtarmalıyıq. Logistika mərkəzləri yaradılmalıdır.
       İl ərzində infrastruktur layihələrinə, onların icrasına diqqət yetiriləcəkdir. Elektrik enerjisi ilə təminat diqqət mərkəzindədir, yeni yarımstansiyalar tikilir, xüsusilə buna ehtiyac olan bölgələrdə. Bu layihələr kənd təsərrüfatının inkişafı ilə paralel şəkildə aparılmalıdır ki, həm əhaliyə, eyni zamanda, kənd təsərrüfatının inkişafına da xidmət göstərsin.
      Azərbaycanda qazlaşdırmanın səviyyəsi 92 faizdir. Bu il daha da artacaq. İçməli su layihələri nəzərdə tutulan investisiya həcmində tam icra edilməlidir.
     Kənd yolları layihələri icra edilir. Bu il yüzlərlə kəndi birləşdirən layihələr icra ediləcək.
     Sosial infrastruktur layihələri icra edilir. Mənə verilən məlumata görə, qəzalı məktəblərin yerində artıq modul tipli 3 məktəb tikilibdir və əlavə modul tipli 12 məktəbin tikintisi nəzərdə tutulur. Bu il və gələn il Azərbaycanda bir dənə də olsun qəzalı məktəb qalmamalıdır. Bakı şəhərində məktəblərin böyük əksəriyyəti artıq təmirlidir, yeni məktəblər tikilib, hələ ki, harada təmirə ehtiyac var, bu məsələlər də öz həllini tapır.
      Sosial proqramlardan biri də əhalinin tibbi müayinədənkeçmə layihəsidir. Builki layihə gələn ay başa çatacaq. Beş milyon insan tibbi müayinədən pulsuz keçəcək.
     Biz son illər ərzində bütün rayonlarda müasir tibb müəssisələri yaratdıq, ən müasir laboratoriyalar var. Burada ən müasir avadanlıq quraşdırılıb və indi istənilən analizi, müayinəni hətta kiçik rayonlarda da aparmaq mümkündür.
     Bölgələrdə məşğulluğun artırılması daim diqqət mərkəzindədir. Çünki bizdə əhali artır, bu il də, gələn illərdə də artacaq və artan əhali üçün gələcəkdə yeni iş yerləri lazım olacaq. Azərbaycanda demoqrafik vəziyyət çox yaxşıdır, əhali artır. Ancaq bu, bizi daha da fəal işləməyə sövq etməlidir. Mən qeyd etdim ki, həm dövlət, həm özəl sektorda 70 min daimi iş yeri yaradılıbdır, mövsümi işlərlə bərabər 85 min. Bu, üç ay üçün böyük rəqəmdir və bu işləri davam etdirməliyik. Eyni zamanda, özünüməşğulluq proqramı geniş vüsət almalıdır. Artıq birinci addımlar atılıb və bu, həm dövlət orqanları, yerli icra orqanları, həm də özəl qurumlar tərəfindən həyata keçirilən layihələr olmalıdır. Çünki hər bir ailənin, yəni, hələ yoxsulluq şəraitində yaşayan ailənin imkanı olmalıdır ki, öz ehtiyacını özü ödəsin və biz bu imkanı yaratmalıyıq. Əlbəttə, dövlət çətin vəziyyətdə yaşayan vətəndaşlara həmişə qayğı, diqqət göstərir, ünvanlı sosial yardım proqramı icra edilir. Ancaq biz tədricən özünüməşğulluq sisteminə keçməliyik. Bu, vətəndaşlar üçün də daha əlverişlidir, daha yaxşıdır. Onların öz ailə büdcələri olacaq. Sadəcə biz onlara kömək etməliyik. Kənd yerində onlara şərait yaradılmalıdır, mal-qara, ev quşları verilməlidir. Arıçılıq, heyvandarlıq burada çox böyük rol oynaya bilər ki, onlar öz büdcələrini özləri təmin etsinlər. Amma dövlət əlbəttə ki, ilk mərhələdə onlara kömək göstərəcək. Ona görə, Nazirlər Kabineti özünüməşğulluq proqramına xüsusi diqqət yetirməlidir. Əlbəttə ki, bu işlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə aparılır, ancaq hesab edirəm ki, digər nazirliklər-İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra orqanları və sahibkarlar buna qoşulmalıdır. Mənə mütəmadi qaydada məruzə edilməlidir ki, bu istiqamətdə hansı işlər görülübdür.
     Son illər ərzində Azərbaycanda 32 iri fermer təsərrüfatı yaradılıb. Bu fermer təsərrüfatlarının əkin sahəsi 44 min hektardır. Hazırda 24 rayonda 142 min hektarda 33 aqropark yaradılır. Bu aqroparkların yaradılmasına xərclənən vəsait 1 milyard manat dəyərindədir. Bu 33 aqropark və bundan əvvəl yaradılmış 32 iri fermer təsərrüfatı məhsuldarlığın artmasına, daxili tələbatın ödənilməsinə və ixrac potensialının güclənməsinə çox böyük təsir edəcək. Xüsusilə nəzərə alsaq ki, bu aqroparklar və təsərrüfatlar müasir texnologiyalar əsasında qurulur.
     Biz xarici sərmayənin cəlb edilməsi ilə bağlı daha da fəal iş aparmalıyıq - həm dövlət orqanları, həm də yerli icra orqanları. Yerli icra hakimiyyətləri də sərmayə cəlb etməlidirlər. Onlar həm yerli, həm xarici iş adamlarını maraqlandırmalıdırlar ki, gəlib investisiya qoysunlar. Yerlərdən təşəbbüs daha da geniş vüsət almalıdır.
     Bir məsələni də qeyd etmək istəyirəm ki, bizim büdcə təşkilatlarımız istifadə etdikləri elektrik enerjisinin dəyərini yüz faiz ödəməlidirlər.

     Natiq daha sonra qeyd edib ki, respublikamızın hər yerində olduğu kimi rayonumuzda da 2017-ci ilin birinci rübü sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olmuş və yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmişdir.
      Ümumi uzunluğu 1,45 km olan Digah küçəsinin yenidənqurulması işlərinə başlanılmışdır. Hazırda həmin ərazidə 2620 p/m bordur düzülmüş və piayda səkilərinə asfalt vurulmasından ötrü hazırlıq qatı verilmişdir. Bundan əlavə küçənin işıqlandırma sisteminin qurulmasından ötrü 65 işıq dirəyi sifariş verilmiş, ankerlərin betonlanması və kabel xətlərinin çəkilişinə başlanılmışdır.
     Rüb ərzində nəqliyyat vasitələrinin hərəkətində təhlükəsizliyin təmin edilməsi məqsədilə şəhərin Heydər Əliyev prospektində iki, Həzi Aslanov küçəsində bir, Qarabağ küçəsində bir yerdə işıqfor quraşdırılmışdır.
      Rüb ərzində şəhərin əksər küçələrində səki və bordürlərin, hasarların təmiri işləri həyata keçirilmişdir. Heydər Əliyev prospektində uzunluğu 1000 metrə yaxın olan suötürücü kanalın çəkilişinə başlanılmış və hazırda 120 metr məsafədə betonlanma işləri başa çatdırılmışdır.
     Şəhərin mərkəzindən keçən Viləş çayının ətrafında Park-Bulvar kompleksində çay yatağının beton məcraya salınması işləri davam etdirilmişdir. İlkin olaraq ümumi uzunluğu 750 p/m olan beton bəndin 350 p/m hissəsində işlər yekunlaşmışdır. Burada müxtəlif istirahət mərkəzləri, idman meydançalarının tikintisi və uşaq əyləncə qurğularının quraşdırılması planlaşdırılır. Hazırda çay yatağının 400 p/m-lik hissəsinin beton məcraya salınması işləri aparılır.
           2016-cı ildə inşasına başlanılan və 2018-ci ildə təhvil verilməsi nəzərdə tutulan rayon Məhkəməsinin yeni inzibati binasında hazırda tikinti işləri davam etdirilir.
           Rüb ərzində Masallı şəhəri ərazisində sosial təşəbbüslə 100 yerlik uşaq bağçası tikilib istifadəyə verilmişdir. Həmçinin hazırda şəhər ərazisində yerləşən Masallı "Cümə" məscidində əsaslı təmir işləri həyata keçirilir.
      Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 05 sentyabr 2016-cı il tarixli, 2302 saylı Sərəncamı ilə Masallı şəhərində 27 çoxmənzilli binanın təmir edilməsindən ötrü 3000000,0 manat vəsait ayrılmışdır. Hazırda ötən əsrin 70-80-ci illərində inşa edilmiş 27 kommunal yaşayış binasının fasad və dam örtüklərində əsaslı təmir işləri başa çatdırılmışdır. Ümumilikdə binalar üzrə mövcud olan 84 giriş bloklarında smeta sənədlərində nəzərdə tutulan bütün işlər yekunlaşmışdır. Binaların zirzəmilərinin təmiri və kanalizasiya xətlərinin yeni sistemə qoşulması işləri hazırda davam edir.
     5,5 hektar ərazidə yerləşən yaşayış binalarının qarşısındakı yollara 950 p/m bardur düzülmüş və asfalt vurulacaq hissələrdə hazırlıq qatı verilmişdir. Eyni zamanda binaların qarşısında müasir işıqlandırılma sistemlərinin quraşdırılmasından ötrü hazırlıq işlərinə başlanılmışdır. Binaların qarşısında yaşıllıq zolaqları salınacaq ərazilərə 380 maşın torpaq materialı verilmiş və hazırda bu işlər davam etdirilir.
           Bundan əlavə 18 binanın dam örtüyünün və 5 binanın fasadının əsaslı təmirinə başlanılmışdır. Artıq 10 binanın dam örtüyü və 5 binanın fasadı əsaslı təmir edilmişdir. Son 8 binanın dam örtüyünün dəyişdirilməsi davam etdirilir ki, bununla da Masallıda mövcud olan 77 binanın təmiri başa çatdırılacaqdır.
         7 aprel 2017-ci il tarixdə Masallı rayon İcra hakimiyyətinin inzibati binasında Masallı şəhərinin 2034-cü ilə qədər dövrünü əhatə edən baş planının hazırlanması ilə bağlı işlər haqqında ictimai müzakirə keçirilmişdir. Baş planda şəhər ərazisinin zonalaşdırılması ilə əlaqədar ictimai mərkəzlərin, yeni yaşayış ərazilərinin, çayqırağı rekreasiya və sənaye zonalarının yerləri müfəssəl qaydada işlənib hazırlanmışdır. Eyni zamanda baş plan layihəsində şəhərin mərkəzindən keçən çayın üzərində yeni iki körpünün salınması nəzərdə tutulmuşdur.
         Turizm Peşə Məktəbi üçün ayrıca istehsalat-təcrübə bazasının tikilməsindən ötrü şəhərin Heydər Əliyev Prospektində " ASAN Həyat" kompleksinin yerləşdiyi ərazidə nəzərdə tutulan torpaq sahəsinin sxematik planı Azərbaycan Turizm və Menecment Universitetinə təqdim olunmuşdur. Eyni zamanda Heydər Əliyev Prospektində Yaşıl Market Logistik Mərkəzinin yaradılması məqsədilə 10 ha torpaq sahəsi ayrılmışdır.
         Rüb ərzində rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 % artaraq 2,1 milyon manat olmuşdur. Bu dövrdə sənaye məhsullarının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 16,9 faiz artaraq 1,6 milyon manata, kənd təsərrüfatı məhsullarının həcmi 5,1 faiz artaraq 0,8 milyon manata çatmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2,7 faiz artaraq 0,5 milyon manat olmuşdur.
     Rüb ərzində adambaşına düşən pul gəlirləri 562,1 manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 298,8 manat olmuşdur.
      2017-ci ilin birinci rübündə Masallı rayonunun gəlirləri 13 milyon 45 min 14 manata qarşı 15 milyon 653 min 75 manat və ya 120 % icra olunmuşdur. Rayonun yerli xərcləri isə 22 milyon 216 min 75 manata qarşı 14 milyon 370 min 10 manat və ya 64,6% icra olmuşdur.
          Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində Masallı rayonunda yeni sənaye müəssisələrinin açılması davamlı xarakter almışdır. Bu proses çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonumuzda olan sahibkarlara güzəştli kreditlərin verilməsi işinin genişləndirilməsi və süni maneələrin aradan qaldırılması fəaliyyətimizin əsas istiqamətlərindəndir.
      Rayonda əmək bazarının mövcud vəziyyətinin qiymətləndirməsi və kadr potensialına dair müvafiq proqnozların hazırlanması məqsədilə mərkəzləşdirilmiş məlumat bazasının yaradılması qərara alınmışdır. Həmçinin dövlət müəssisələrində açılmış vakant iş yerlərinə rayon Məşğulluq mərkəzində işaxtaran kimi qeydiyyata alınmış vətəndaşların ilk növbədə növbəlik siyahısı üzrə işlə təmin olunmasına nəzarət olunmuşdur. Rüb ərzində ayrı-ayrı təşkilatlar tərəfindən rayon Məşğulluq mərkəzinə 404 vakant iş yerləri təqdim olunmuşdur.
      2017-ci ilin birinci rübündə Masallı Rayon Məşğulluq Mərkəzinə ümumilikdə 548 nəfər müraciət etmiş və qeydiyyata alınmışdır ki, onların 128-i qadınlardır. Qeydiyyata alınan 548 nəfərdən 493 nəfəri işlə təmin olunmuşdur ki, bunların da 126 nəfərini qadınlar təşkil edir. Ümumilikdə isə daimi və müvəqqəti iş yerləri də daxil olmaqla 672 nəfər işlə təmin olunmuşdur.
      2017-ci ilin birinci rübündə rayonun kənd meşə balıqçılıq təsərrüfatında 4,8 min manatlıq məhsul istehsal edilmişdir. Kənd təsərrüfatı müəssisələrində bir işçi üçün orta aylıq əmək haqqı 290 manat olmuşdur.
         01 aprel 2017-ci il vəziyyətinə rayonda iri buynuzlu mal-qaranın baş sayı 72330 başa, xırda buynuzlu mal-qaranın baş sayı 87051 başa çatmışdır. Birinci rubda süd istehsalı 12216 tona, ət istehsalı 1540.8 tona, yumurta istehsalı 19480 min ədədə çatmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.
      Rayonumuzda 2016-cı ilin məhsulu üçün 8141 ha buğda, 3441 ha arpa əkilmiş və əkin sahəsindən 21015 ton buğda, 8069 ton arpa məhsulu istehsal edilmişdir ki, rayon üzrə taxıl bitkiləri üçün orta məhsuldarlıq bir hektardan 25,1 sentner olmuşdur.
Hazırda yazlıq əkinlərin aparılması üçün şum və əkin işləri davam etdirilir. Belə ki, 13 mart 2017-ci il tarixinə 345 hektar paxlalı bitkilər, 795 hektar kartof, 709 hektar tərəvəz bitkiləri, 326 hektar bostan bitkiləri, 117 hektar çiyələk, 104 hektar yonca, 7,8 hektar meyvə ağacları, 3,2 hektar findıq, 30,5 hektar sair bitkilər əkilmişdir. Həmçinin cari ildə 70 hektara yaxın çəltik , 32,5 hektara yaxın tütünün əkilməsi nəzərdə tutulmuşdur.
Rayonda baramaçılığın inkişaf etdirilməsi istiqamətində işlərə başlanılmışdır. Rayonun doqquz ərazisində 4100 ədəd tut ağacından ibarət 23,1 hektar tut bağları mövcuddur. Baramaçılıqla məşğul olmaq istəyən vətəndaşların müraciətləri tərəfimizdən qəbul olunur. Artıq 20 qutu barama qurdu verilməsi ilə bağlı müraciət edilmişdir.
          Rüb ərzində Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında Masallı sahibkarlarının da iştirakı təmin edilmişdir. Yarmarkaya 8,8 ton kartof, 7,7 ton soğan, 810 kiloqram noxud, 4240 ədəd yumurta göndərilmişdir.
            Rayon üzrə 24929 ha əkinə yararlı torpaq sahəsi mövcuddur. Ondan 9000 hektarı uzun müddətdir ki, mülkiyyətçilər tərəfindən əkilmir. Hazırda əkinlərin 12 min hektarını taxıl sahələri təşkil edir. Lakin bölgənin torpaq-iqlim şəraiti az əməktutumlu olan taxılçılıq sahəsini səmərəsiz və əsasən qeyri-rentabelli edir.
        Əvvəllər rayon tərəvəzçilik və çayçılıq üzrə ixtisaslaşmış və 6,0 min hektara yaxın sahədə tərəvəz, 3340 hektarda çay plantasiyaları və 3,0 min hektarda üzüm bağları salınmışdı. Buradan ildə 150,0 min ton tərəvəz, 10,0 min ton çay yarpağı və 26,0 min ton üzüm məhsulu toplanırdı. Bu gün rayonda əkilən tərəvəz sahələrinin həcmi 2500 hektara, üzüm sahələri isə 20 hektar təşkil edir. 100,0 hektarda çay plantasiyası salınmasına başlanmışdır. Nəzərə alsaq ki, Masallıda əhalinin 90%-ə yaxını kəndlərdə yaşayır və onların yeganə gəlir mənbəyi torpaqdır. Ona görə də burada torpaqdan səmərəli istifadə olunmaqla kənd təsərrüfatının inkişafı çox böyük əhəmiyyət daşıyır. O cümlədən rayonda ənənəvi sahələrdən olan çəltikçiliyin, tütünçülüyün, baramaçılığın, sitrus və suptropik meyvəçiliyin inkişafı üçün geniş imkanlar mövcuddur.
           Rayonda çayçılıq, üzümçülük və tərəvəzçilik sahələrində müəyyən işlər görülmüşdür. Belə ki, 5 hektar sahədə keçmişdə mövcud olan çay sahəsi bərpa edilmiş və rayonun Kolatan kəndi ərazisində "Azərsun Holding" şirkəti tərəfindən 100 hektar sahə çay əkini aparılması üçün hazır vəziyyətə gətirilmiş və 50 ha sahədə çay bitkisi əkilmişdir.
          Qızılağac kəndində "Azərsun Holding" tərəfindən 150 ha müasir texnologiyalarla tərəvəz bitkilərinin yetişdirilməsi üçün torpaq sahəsi ayrılmış və həmin sahədə 100% əkin işləri aparılmışdır.
           Faraş tərəvəz, giləmeyvə və sitrus bitkiləri əkinlərinin genişləndirilməsi rayonda ən azı 5000 ton tərəvəz, 5000 ton sitrus meyvələrinin saxlama gücünə malik soyuducu anbarların, topdan və pərakəndə satış-ekspozisiya bazarının, habelə bu məhsulların ilkin emalı üçün müəssisəsinin tikilməsi zərurətini yaratmışdır.
Azərbaycan Respublikası Prezidentinin "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında 11 aprel 2016-cı il tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə hesbat ilində Masallı rayonu ərazisində "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC tərəfindən regional tədarük mərkəzi yaradılmışdır. Hazırda rayonda fəaliyyət göstərən 300-ə yaxın fermer istehsal etdikləri məhsullar barədə tədarük mərkəzinə müvafiq məlumatlar vermişdir.
Rayon üzrə 24 964 ha əkin sahəsinin 17000 hektarı suvarılan torpaqlardır. Ərazidə əkinlərin suvarılması 46 mln kub.m su tutumu olan Viləşçay su anbarı və 3,0 mln kub.m su tutumu olan Babaser su anbarı vasitəsi ilə aparılır. Lakin faktiki olaraq rayon üzrə 9 892 ha torpaq sahəsi (40 %) suvarma suyu ilə təmin edilir. Suvarılan sahələrin 4 500 ha qapalı şəbəkələr vasitəsilə (bu sistem əsasən sıradan çıxmışdır), 5392 ha isə açıq torpaq kanallar vasitəsilə suvarılır. Rayonun Xəzər dənizi ətrafında, Muğan zonası adlanan ərazidə yerləşən yaşayış məntəqələri dəniz səviyyəsindən 20 metr aşağıda yerləşdiyi üçün həmin torpaqların 85 faizi şoranlaşmış, bataqlıqlar yaranmışdır. Ərazilərdə kollektor-drenaj şəbəkələrinin çəkilməsinə ciddi ehtiyac vardır.
        Viləşçay su anbarının ikinci növbəsinin tikintisini davam etdirmək zəruridir. Bəndin hündürlüyünün artırılması və digər tədbirlərin həyata keçirilməsi ilə faydalı həcmi 80,0 mln.m3 olacaq Viləşçay su anbarının ikinci növbəsinin tikilməsi nəticəsində 20 100 ha ( o cümlədən 1 746 hektarın su təminatının yaxşılaşdırılması, 18 354 ha yeni suvarılan sahələr) əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi mümkün olacaqdır. Eyni zamanda layihənin texniki-iqtisadi əsaslandırılmasında əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün 40,0 km uzunluğunda suvarma kanallarının üzərindəki hidrotexniki qurğularla birlikdə, 8 ədəd nasos stansiyasının tikilməsi və digər işlərin yerinə yetirilməsi mümkün olacaqdır. Həmin layihədən qonşu Cəlilabad və Neftçala rayonları da faydalana biləcəkdir.
          Mütəxəssislərin hesablamalarına görə Viləşçay su anbarının ikinci növbəsinin, eləcə də 20 100 ha əkin sahələrinin su təminatı üçün suvarma şəbəkəsi, 7 800 ha sahədə isə kollektor-drenaj şəbəkəsinin tikintisinin həyata keçirilməsi üçün təxminən 250,0 mln manat vəsait tələb olunur. Təklif ölkə rəhbərliyi tərəfindən müsbət qiymətləndirilmiş və bu istiqamətdə hazırlıq işləri görülür.
     Masallı rayonunda Sənaye məhəlləsinin yaradılması üçün Azərbaycan Respublikası Prezidenti tərəfindən 13 iyun 2016-cı il tarixdə Sərəncam imzalanmışdır. Artıq rayonda Sənaye məhəlləsinin tikilməsi üçün hazırlıq işlərinə başlanılmışdır. Masallı şəhər ərazisində Sənaye məhəlləsinin yaradılması məqsədi ilə Ələt-Astara aftomobil yolunun 165-ci kilometrində sol tərəfdə Masallı şəhəri ərazisində yerləşən 10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 2016-cı il tarixli 544s nömrəli Sərəncamına əsasən həmin torpaq sahəsinin kateqoriyası dəyişdirilərək sənaye təyinatlı torpaqlar kateqoriyasına keçirilmişdir. Hazırda sənaye məhəlləsinin yaradılması ilə əlaqədar rayondan olan kiçik və orta sahibkarlarla müzakirələr aparılmış və fəaliyyət göstərmək istəyən sahibkarlar barədə müvafiq məlumatlar toplanılmışdır. Sənaye məhəlləsinin tikintisi Masallı iqtisadiyyatının sürətli inkişafına və təkmilləşməsinə yeni təkan verəcəkdir.
       Elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi ilə əlaqədar 2016-cı ildə Masallı rayonu ərazisində dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi işlərinə başlanılmışdır. Hazırda rayon ərazisində xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı pay torpaqları ilə bağlı çöl işləri başa çatmaq üzrədir.
       Eyni zamanda Masallı şəhər, Musaküçə və Şərəfə bələdiyyələrin ərazisində yaşayış məntəqəsi torpaqlarının elektron uçotu ilə bağlı çöl işləri tamamlanmışdır. Ərkivan və Boradigah qəsəbə bələdiyyələrinin ərazilərində bu istiqamətdə çöl işlər davam etdirilir.
           2017-ci ilin birinci rübündə 47 saylı Yol İstismar İdarəsi tərəfindən rayonun bir sıra yollarında təmir işləri aparılmışdır. Belə ki, respublika əhəmiyyətli Ələt-Astara avtomobil yolunun 154-179-cu km-də bitum-qırmadaş materialları ilə təmir işləri aparılmış, yolun körpülərinin məhəccərləri , piyada yolları təmizlənmişdir. Yerli əhəmiyyətli Masallı-Yardımlı avtomobil yolunun 0-17-ci kilometrliyində təmir işləri görülmüşdür. Eyni zamanda Masallı-Qızılağac, Türkoba-Hişkədərə, Tatyan-Yolağac, Masallı-Köhnə Alvadı avtomobil yollarında cari təmir işləri aparılmışdır.
     Rüb ərzində Viləşçay Su Anbarı İstismar İdarəsi tərəfindən rayon ərazisindəki suvarma kanallarında ümumilikdə 65000 m3 həcmində və 37 km uzunluğunda lildən təmizləmə işləri aparılmışdır. Həmçinin rayon ərazisində 4500 ha qapalı suvarma şəbəkəsi olan əkin sahələrində suvarma işləri aparıldığından bu şəbəkələrə texniki baxış keçirilərək təmir işləri görülmüşdür.
       Rüb ərzində Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən rayonun Yeni Zuvand, Kalinovka və Təzəkənd kəndləri ərazilərində yerləşən meşə fonduna aid sahələrdə ümumilikdə 56,2 ha meyvə bağları salınmışdır.
       Rayon Baytarlıq İdarəsi tərəfindən hesabat dövründə rayonda iri və xırda buynuzlu mal-qarada və digər ev heyvanlarında qara yara, quduzluq və dabaq xəstəliklərinə qarşı, eləcə də ev quşlarında müxtəlif xəstəliklərə qarşı peyvəndləmə işləri aparılmışdır.
         RİH başçısı cənab R. HÜSEYNOV sonra qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən rüb ərzində proqnoz tapşırıqları büdcədən maliyyələşən təşkilatlar üzrə 3216 min manata qarşı 3545,30 min manat və ya 110,20 %, qeyri-büdcə təşkilatları və fiziki şəxslər üzrə 341,40 min manata qarşı 345,50 min manat və ya 101,20 % yerinə yetirilmişdir. Şöbədə hazırda 27 min 427 nəfər əmək pensiyaçısı uçotdadır. Rüb ərzində ümumilikdə 159 nəfərə əmək pensiyası təyin olunmuşdur.
       2017-ci ilin birnci rübündə Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən yaşa görə 15254, əlilliyə görə 10418, ailə başçısını itirən kimi 1789 nəfərə əmək pensiyası ödənmişdir
      Rüb ərzində Masallı Elektrik şəbəkəsi tərəfindən 110 və 220 kvt-lıq yarımstansiyalarda təmir bərpa işləri aparılmış, 11 ədəd dəmir beton, 14 ədəd isə ağac dayaq dəyişdirilmişdir. Bundan əlavə qəzalı vəziyyətdə olan 131 ağac dayaq dəmir dayaqla əvəzlənmişdir.
      2017-ci ilin birinci rübündə Masallı Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən ümumilikldə 2131 ədəd yeni dayaq basdırılmış və 25 ədəd yeni transformator quraşdırılmışdır. Quraşdırılmış transforamtorların 21-i şəbəkəyə qoşulmuşdur.
      Təzə Alvadı kəndində 13770 metr SİP kabel çəkilmiş və 16 ədəd yeni transformatorun quraşdırılması nəzərdə tutulmuşdur. Hazırda Sığıncaq kəndində SİP kabel çəkilişi davam etdirilir.
      Dövlət Proqramı əsasında rayon mərkəzi və 22 yaşayış məntəqəsinə bir pilləli sistem üzrə yeni qaz xəttinin çəkilməsi ilə əlaqədar rayonun Məmmədoba, Sığıncaq, II Yeddioymaq, Babaküçə, və Sığdaş kəndləri təbii qazla təchiz edilmişdir. Hazırda Xanalyan, Qodman, Qasımlı, Bala Təklə və Şıxlar kəndlərində daşıyıcı orta təzyiqli qaz kəmərlərinin çəkilişi yekunlaşıb, hazırda sayğaclaşma işləri davam etdirilir. Rayon üzrə qaz alan abonentlərin sayı 35038 nəfərdir.
           2012-ci ildən Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır. Bu məqsədlə "Viləşçay" Su anbarının aşağı buferində su təmizləyici qurğu, 5000 m3 həcmində su anbarı inşa edilmişdir.
        Magistral xəttin uzunluğu 7 km, şəbəkədaxili xətlərin ümumi uzunluğu 209 km təşkil edir. Şəhər ərazisində veriləcək su sərfi orta gündəlik norma ilə adam başına 180 litr qəbul edilmişdir. Hazırda şəhər ərazisi, Kosakül yaşayış məntəqəsi, Ərkivan qəsəbəsinin bir hissəsi də daxil olmaqla ümumilikdə 8600 sayğac quraşdırılmışdır.
        Masallı rayonunun əksər kəndlərində içməli su xəttinin və ya qaynaqlarının olmaması əhalinin gündəlik həyatında ciddi çətinliklər yaradır. Bu problemin həlli ilə bağlı Cənab Prezident İlham Əliyev tərəfindən müvafiq qurumlara verilən tapşırıqlara əsasən Muğan zonası və Qızılağac istiqamətində olan 42 kəndin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələndirmə işləri aparılmış və "Viləşçay" su dəryaçasından həmin istiqamətlərdə olan kəndlərə içməli su xəttinin çəkilməsinə başlanılmışdır. Müəyyən maliyyə çətinliklərinin yaşanmasına baxmayaraq hazırda su mənbəyindən Şərəfə-Həsənli-Təklə istiqamətində 20 km-ə yaxın magistral xətt çəkilmişdir.
         Eyni zamanda şəhər ərazisində kanalizasiya xətlərinin çəkilişi ilə əlaqədar son tamamlama işləri aparılır.
           Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən rüb ərzində yerinə yetirilən sanitar təmizləmə işlərinin həcmi artırılaraq gündəlik 34 min m2-ə çatdırılmışdır. Ərazidən gündəlik daşınan bərk tullantıların həcmi 120-130 m3 olmuşdur. Atılan bərk tullantıların ərazidən daşınması ilə bağlı sahibkarlıq subyektləri və əhali ilə müqavilələr bağlanmışdır.
       Şəhərin küçə və prospektlərində yığıla biləcək yağış və qar sularının axıdılması üçün su axarlarının işlək vəziyyətə gətirilməsi və onların vaxtlı-vaxtında təmizlənməsi Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən daim diqqət mərkəzində saxlanılmışdır. Eyni zamanda park, xiyaban, küçə və prospektlərin işıqlanmasından ötrü 2000 dən artıq işıq dirəklərinə, həmçinin 35 ha yaşıllıq sahəsinin təmiz saxlanılmasına xidmət göstərilmişdir.
           Son illərdə Masallıda yeni məktəb binalarının tikintisi geniş vüsət alsa da hələ də 30 yeni məktəbin tikintisinə və təmirinə ehtiyac vardır. Həmçinin 7 uşaq bağçasının əsaslı təmirinə, 4 uşaq bağçasının yeni binaya ehtiyacı var ki, bunlardan Həsənli kənd uşaq bağçası qəzalı vəziyyətdədir. Məktəbəqədər uşaqların uşaq bağçalarına cəlbi cəmi yeddi faiz təşkil edir ki, bu da çox aşağı rəqəmdir. Bu problemlərin həlli ilə bağlı xüsusi proqram hazırlanmış və Nazirlər Kabinetinə təqdim edilmişdir. Eyni zamanda Meşəkənarı kəndində modul tipli məktəbin tikintisi üçün hazırlıq işlərinə başlanılmışdır.
            Yeni təhsil konsepsiyasında peşə təhsili sisteminin inkişafı prioritet istiqamətlərdəndir. Bu mənada rayonda fəaliyyət göstərən Masallı Dövlət Regional Kollecinin və Peşə məktəbinin maddi texniki bazasının yaxşılaşdırılması həlli vacib məsələlərdəndir.
      Rayonda fəaliyyət göstərən tibb məntəqələrinin maddi texniki bazasının yaxşılaşdırılması məqsədilə də tədbirlər görülmüşdür. Hazırda Lürən, Məmmədoba həkim məntəqələrinin tikintisi davam etdirilir. Eyni zamanda rayon Mərkəzi xəstəxanasının əsaslı təmiri başa çatdırılaraq istifadəyə hazır vəziyyətə gətirilmişdir.
     2017-ci ilin birinci rübündə rayon əhalisinə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək, onun maddi texniki bazasını möhkəmləndirmək üçün bir sıra işlər görülmüşdür.
     2017-ci ilin ilk üç ayında rayonda 521 nəfər uşaq doğulmuşdur. Bundan əlavə vərəm xəstəliyinə qarşı mübarizə tədbirləri davam etdirilmiş və üç ay ərzinə 550 nəfər uşağa vərəm əleyhinə BSJ peyvəndi vurulmuşdur.
     İmtiyazlı qrupa daxil olan xəstələrin tibbi müayinəsi və müalicəsi diqqət mərkəzindədir. Xüsusilə (şəkərli diabeti) olan 5421 xəstəyə hər ay dərman preparatlarının verilməsi üçün bütün imkanlardan istifadə edilir.
     Respublika Prezidentinin tapşırığına uyğun olaraq 15 fevral 2017-cı il tarixdən əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmış və bu iş davam etdirilir. Hazırda 73336 nəfər tibbi müayinədən keçirilmişdir. Müayinələr zamanı 4642 nəfərdə xəstəlik aşkar olunmuş, onlardan 4360 nəfəri ambulator, 152 nəfəri stasionar müalicəyə cəlb edilmişdir. 130 nəfər isə Bakı şəhərinə göndərilmişdir.
       Əhalinin tibbi müayinəsi ilə bərabər uşaqların icbari dispanserizasiyası da davam etdirilir. Rüb ərzində 10344 uşaq müayinə edilmişdir ki, bunlardan 921 nəfər uşaqda müxtəlif xəstəliklər aşkarlanmış və onlar dispanser qeydiyyatına alınmışdır. 85 nəfər uşaq daha ixtisaslı müayinə və müalicədən ötrü Bakı şəhərinə göndərilmişdir.
       Rayonda 112 nəfər xroniki böyrək çatışmamazlığı xəstəsi vardır ki, bunlardan 71 nəfəri dövlət hesabına hemodializ edilir.
      Masallı Rayon Gigiena və Epidemiologiya Mərkəzi birinci rüb ərzində mütəmadi olaraq yoluxucu xəstəliklərə qarşı peyvəndlər aparmışdır. Rüb ərzində 3 adda yeyinti məhsuluna gigiyenik sertifiakt alınmışır.
      Masallı Dezinfeksiya Stansiyası tərəfindən bağlanmış müqavilələrə uyğun olaraq rayon ərazisində olan obyektlərdə 3750 m2 sahədə gəmiricilərə qarşı mübarizə, 5500 m2 sahədə isə həşəratlara qarşı mübarizə tədbirləri həyata keçirilmişdir.

Hörmətli tədbir iştirakçıları !

       Masallı rayon Mədəniyyət və Turizm şöbəsi cari ilin birinci rübündə əlamətdar günlərin qeyd edilməsi və bayram tədbirlərinin təşkilini daim diqqətdə saxlamışdır.
       Masallı rayonunda fəaliyyət göstərən 33 turizm obyekti cari ilin üç ayında 4200 nəfər turist qəbul etmişdir ki, onun 510 nəfəri xarici vətəndaş olmuşdur.
Turizm Masallı rayonunun əsas inkişaf istiqamətlərindəndir və bu səbəbdən də daim diqqət mərkəzində saxlanılmalıdır.
Rayonda turizmin sürətli inkişafını təmin etdirmək məqsədi ilə Masallıda müalicəvi turizm şəhərciyinin salınması nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 03 sentyabr 2016-cı il tarixində Masallıya səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşü zamanı Masallı rayonu ərazisində Turizm istirahət kompleksinin tikintisi ilə bağlı məsələ qaldırılmış və təklif cənab Prezident tərəfindən bəyənilmişdir. Bu məqsədlə müvafiq məsləhətləşmələr aparılmış və tikinti layihə sənədlərinin hazırlanmasına başlanılmışdır.
Kompleksin Qəriblər kəndinin cənub hissəsində, Masallı-Yardımlı yolunun kənarında yerləşən 10 hektar sahədə tikilməsi mütəxəssislər tərəfindən məqsədəmüvafiq hesab edilmişdir. Həmin torpaq sahəsi Dövlət meşə fonduna aid torpaqlardır ki, hazırda bu ərazidə seyrək meşə və kol ağacları mövcuddur. Bu torpaq sahəsinin şimal-şərq hissəsində isə ona bitişik, Qəriblər bələdiyyəsinin balansında olan və meşə örtüyü ilə daha zəngin olan 10 hektar torpaq sahəsi yerləşir.
            Dövlət Meşə Fonduna aid 10 hektar torpaq sahəsinin, həmin əraziyə yaxın və Qəriblər bələdiyyəsinə aid olan 10 hektar torpaq sahəsi ilə dəyişdirilməsi ilə əlaqədar aidiyyəti təşkilatlara müraciətlər ünvanlanmışdır.
            İnanırıq ki, bu layihənin icrası nəyinki Masallıda, bütün regionda turizmin inkişafına böyük təkan verəcəkdir.
      Rayonda siyasi partiyaların 23 təşkilatı fəaliyyət göstərir (YAP, AXCP, VHP, Müsavat, MMP, Ədalət, BAXCP, BQP,Ümid, KAXCP, DADP, ADİP,AKP və.s ). Bütün partiyalara fəaliyyətləri üçün "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bərabər şərait yaradılmış və ofislə təmin olunmuşlar Yeni Azərbaycan Partiyası digər partiyalardan müqayisə olunmaz dərəcədə güclüdür. Partiyanın 104 ilk təşkilatının 11000 nəfərə yaxın üzvü vardır. Digər partiyaların üzvlərinin ümumi sayı 1108 nəfərdir.
Rayon ərazisində 36 QHT fəaliyyət göstərir. Bunlardan əlavə bir neçə təşkilat qeydiyyatdan keçməsə də fəaliyyəti mövcuddur. Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təhlili göstərir ki, rayonda əlil və veteranların problemlərinin həlli sahəsində 12 ,uşaq , gənclər və idmanla bağlı 5, qadın problemləri ilə 2, ekologiya sahəsində 2, təhsil, ziyalılar və jurnalistlərlə iş 4 , sosial, aqrar, iqtisadi ,həmkarlar sahəsində 10 və digər təşkilatlar dövlət qeydiyyatından keçmişdir.
       Rayon İcra Hakimiyyəti müstəqil Respublikamızın müdafiə qüdrətinin möhkəmləndirilməsi naminə üzərinə düşən bütün tədbirləri həyata keçirmiş və rüb ərzində həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan 153 nəfər gənc hərbi xidmətə yola salınmışdır.
Rayonda ictimai təhlükəsizliyin və sabitliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi sahəsində də bir çox işlər görülmüşdür. 2017-ci ilin birinci rübündə rayon ərazisində 83 cinayət hadisəsi qeydə alınmışdır. Cinayətlərin açılma faizi 90 % olmuş və 8 cinayət hadisəsi açılmamış qalmışdır.
        Rüb ərzində rayon İcra hakimiyyətinə 420 müraciət daxil olmuşdur ki, onlardan 205-i rayon İcra hakimiyyətinə, 215-i isə yuxarı təşkilatlara ünvanlanmışdır. Daxil olmuş müraciətlərin 321-i ərizə, 97-si şikayət, 2-si təklif olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ərizələrin sayında 57, şikayətlərin sayında isə 15 ədəd azalma olmuşdur. Bu dövr ərzində keçirilən qəbullar zamanı ümumilikdə 704 nəfər vətəndaş qəbul edilmişdir. Onlardan 577 nəfəri rayon İcra hakimiyyətində, 103 nəfəri səyyar, 24 nəfəri virtual qəbullarda qəbul edilmişdir. Rayonun idarə, müəssisə və təşkilatlarında, şəhər, qəsəbə və kənd icra nümayəndəliklərində vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində xeyli iş görülmüş, onların müraciətlərində qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar ictimaiyyət arasında böyük razılıqla qarşılanır.
Hesabat ilində "Dövlət Qulluğu Haqqında" qanuna və "Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə"yə uyğun olaraq Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatında və ərazi nümayəndəliklərində dövlət qulluğunun vəzifələrinə kadrların seçilib yerləşdirilməsi, ehtiyat kadr bazasının yaradılması və kadrların hazırlanması diqqət mərkəzində olmuşdur. Belə ki, istər rayon icra hakimiyyəti başçısı aparatı və istərsə də yerli ərazi nümayəndəlikləri daha gənc, işgüzar və bacarıqlı kadrlarla möhkəmləndirilmiş, idarəetmənin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər görülmüşdür. Yaranmış vakansiyalar barədə icra hakimiyyətinin elektron saytında və "Yeni həyat" qəzetində elanlar verilmişdir.
          Rayon rəhbəri axırda qeyd edib ki, görülən işlərə baxmayaraq qarşıda bizi daha böyük və çətin işlər gözləyir.
          Masallı şəhərində abadlıq işlərinin davam etdirilməsi və su-kanalizasiya sisteminin qurulmasının başa çatdırılması nəzərdə tutulur.
          Rayon ərazisində qazlaşdırmanın sürətlə davam etdirilməsi və planlaşdırıldığı kimi il sonuna qədər rayon ərazisinin 95 faizinin qazla təmin edilməsi həyata keçiriləcəkdir.
          Bildiyiniz kimi elektrik xətt təsərrüfatı istifadəyə yararsız vəziyyətdədir. Bu xətt təsərrüfatının yenilənməsinin həyata keçirilməsi qarşıda duran əsas vəzifələrdəndir.
          Viləş çayının Masallı səhəri ərazisindən keçən hissəsində bənd – bərkitmə işlərinin başa çatdırılması və burada park – bulvar kompleksinin inşası ən böyük layihələrimizdəndir. Bu layihənin başa çatdırılması şəhərin simasını tamamilə dəyişəcək və ona xüsusi gözəllik verəcəkdir.
Kəndlərimizə içməli su xəttinin çəkilməsi, kəndlərarası yolların əsaslı təmiri, habelə yeni təhsil və səhiyyə müəssisələrinin tikilməsi kimi bir çox abadlıq və quruculuq işlərinin həyata keçirilməsi, rayonun bütün ərazilərində geniş ağac əkini kampaniyasının aparılması qarşımızda duran əsas vəzifələrdəndir.
           Masallıda aqrar sahənin inkişafı ilə bağlı tədbirlərin görülməsi, ixtisaslaşmanın sürətlə aparılması, tərəvəzçiliyin və kartofçuluğun inkişaf etdirilməsi, yeni çay plantasiyalarının salınması, istilikxanaların quraşdırılması, çiyələk təsərrüfatlarının və tədarük mərkəzlərinin yaradılması, tütünçülüyün və baramaçılığın inkişafı həlli vacib layihələrdəndir ki, bütün bunlar əhalinin sosial rifah halının yüksəlməsinə xidmət edir. Eyni zamanda Masallı şəhərində "Sənaye məhəlləsi" və "Yaşıl market" layihələrinin sürətlə reallaşdırılması diqqət mərkəzimizdə olacaqdır. Bundan əlavə Viləşçay Su Anbarının tikintisi və İsti-Su turizim istirahət kompleksinin salınması üçün səylərimizi davam etdirəcəyik.
         Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Masallı rayonunda sahibkarlığın inkişafına dəstək vermək, onlara köməklik göstərmək və bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görmək ən ümdə vəzifələrimizdəndir. Habelə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, məmur-vətəndaş münasibətlərinin daha yüksək səviyyədə təşkili istiqamətlərində ardıcıl və sərt tədbirlərin görülməsi bundan sonra da daha geniş şəkildə davam etdiriləcəkdir.
          Bildiyiniz kimi 2017-ci il Azərbaycan respublikasının Prezidenti tərəfindən "İslam Həmrəyliyi" ili elan olunmuşdur. Bu Sərəncamdan irəli gələn vəzifələrin Masallı rayonunda icrası ilə əlaqədar bütün imkanlar səfərbər olunacaq və bu vacib məsələ daim diqqət mərkəzində saxlanılacaqdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarını əmin edirik ki, Respublikamızın, o cümlədən Masallı rayonunun inkişafı naminə üzərimizə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün imkan və bacarıqlarımızdan istifadə edəcəyik.
          Məruzə ətrafında müzakirələrdə rayon kənd təsərrüfatı idarəsinin rəisi Seymur Nuriyev, "Viləşçay" su anbarı istismarı idarəsinin rəisi Mahir Əliyev, RİHB-nın Xırmandalı inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhərrəm Məmmədov və başqaları çıxış etmişlər.
İclası yekunlaşdıran Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab R. HÜSEYNOV Hüseynov geniş və əhatəli nitqində kənd təsərrüfatı işlərinin geniş vüsətini diqqətə çatdırmış, bəzi ərazilərdə torpaqların əkilməməsi, əkin sahələrinin suvarılması istiqamətində aparılan tədbirlərə, rayonda yaradılacaq yeni təsərrüfat sahələri, habelə təhsil, səhiyyə, uşaq müəssisələrinin, sosial obyektlərin tikilməsi məsələlərinə toxunmuş, tikinti-abadlıq işlərinin davam etdiriləcəyini söyləmişdir.
Şura iclasında müzakirə edilən məsələ ilə əlaqədar qərar qəbul edilmişdir.

Keçidlər