Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni həyata çağırış – “Son zəng”

14 iyun 2017 | 16:00

Ölkənin hər yerində olduğu kimi Masallıda da 14 iyun günü təkcə “Son zəng”i çalınanlara, müəllim və məktəblilərə deyil, əksər insanlara əsl bayram əhval-ruhiyyəsi bəxş etdi. Rayonumuzun 95 təhsil ocağında 1564 məzun məktəbə əlvida deyib, yeni, müstəqil həyata qədəm qoydu, IX sinifləri bitirən 2193 şagird isə ya orta məktəblərdə, ya da kolleclərdə təhsilini davam etdirəcək.

Şəhid Simran Rzayev adına Böyük Kolatan kənd tam orta məktəbində keçirilən“Son zəng” də yadda qalan idi.Təbiətin füsunkar guşəsində, dağlar ətəyində yerləşən, zəngin tarixi keçmişə malik, respublikamıza dəyərli simalar bəxş etmiş qədim Kolatan torpağında keçirilən bu tədbir rayon rəsmilərinin, ictimaiyyət nümayəndələrinin, yüzlərlə kənd sakininin,valideynlərin sonsuz maraq və rəğbətinə səbəb oldu.
Məktəbin həyətinə toplaşan müəllim və məzunların həyəcanı kənardan aydın hiss olunurdu. Kimi çıxış üçün hazırlaşır, kimi də onları təbrikə gələn doğmaları ilə söhbət edirdi. Məzunlar arasında məktəbi bitirdiyi üçün sevinən də var idi, kövrələn də...
Tədbir məktəbin dil-ədəbiyyat müəllimi Xanhüseyn Musayevin şənliyi təntənəli surətdə açıq elan etməsi və Dövlət himninin səsləndirilməsi ilə başladı.
X.Musayev çıxışında gələcəyimiz olan bu gənclərin müstəqil dövlətin vətəndaşı olaraq Azərbaycan üçün müstəsna xidmətlər göstərəcəklərinə inamını ifadə etdi.
Məktəbin şagird və müəllim kollektivini məzun günü münasibəti ilə təbrik edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov müstəqil həyata ilk addımlarını atan məzunlara gələcək fəaliyyətində uğurlar arzuladı. Qeyd etdi ki, ölkəmizdə təhsilin dünya standartları səviyyəsində qurulması dövlətin diqqət və qayğısı nəticəsində reallaşır. Ölkə Prezidenti cənab İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə gənc nəslin sağlam və savadlı yetişməsi üçün həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edən sözçü diqqətə çatdırdı ki, bu gün bütün təhsil müəssisələrində çalışan pedaqoji kollektiv, eləcə də şagirdlər bu qayğının əhatəsindədir.
RİH başçısı bildirdi ki, on bir il əvvəl məktəbə yollanıb, yazıb-oxumağı öyrənirdinizsə, bu gün artıq Azərbaycanın müstəqil vətəndaşı kimi həyata vəsiqə alırsınız. Hansı peşəyə yiyələnmənizdən, harada yaşamağınızdan asılı olmayaraq sizə öz bilik və bacarığınızlaVətənə böyük töhfələr verməyi, doğulub boya-başa çatdığınız Kolatanın, Masallının adını yüksəltməyi, ən başlıcası isə dövlətimiz üçün layiqli, kamil vətəndaş olmağı arzulayıram.
Rayon rəhbəri ötən illərə nisbətən bu il əldə edilən təhsil uğurlarına, eləcə də bu tədbirin təşkilinə görə məktəbin pedaqoji kollektivinə təşəkkürünü bildirdi.
Veteran müəllimlər – Ağamirzə Müslümov, Bağır Bağırzadə, kənd Ağsaqqallar şurasının sədri Adil Məmmədov müxtəlif illərdə məktəbi bitirib, yüksək nəticələrlə ali məktəblərə daxil olan, respublika və digər ölkələrin elm, sənaye müəssisələrində çalışan məzunların, tanınmış simaların nailiyyətlərindən söz saldılar. Onlar uğurlu ənənənin bu gün də davam etdiyini vurğuladılar.
Nəzərə çatdırıldı ki, ötən tədris ilində 3 nəfər ali məktəbə, 2 qız məzun isə Masallı Dövlət Regional Kollecinə daxil olmuşdusa, bu il artıq 6 məzun qəbul imtahanlarının I mərhələsində yüksək keçid balı toplamışdır. Sehran İbrahimov isə respublika üzrə riyaziyyat olimpiadasının qalibi olmuşdur.
Çıxışçılar vaxtilə 4 sinif otağından ibarət olan kənd məktəbinin indi yeni, müasir bina ilə əvəz olunmasına görə ölkə rəhbərinə, rayon başçısına minnətdarlıqlarını bildirib, məzunlara xoş istəklərini çatdırdılar.
Mərasimdə məzunların və məktəblilərin hazırladıqları bədii kompozisiyalar, ifa etdikləri rəngarəng şeirlər, şən mahnılar, rəqslər tədbirə xoş ovqat qatdı. Məzunlarla birincilərin bir-birinə gül-çiçək dəstələri və hədiyyələr təqdimetmə səhnəsi isə sanki təhsil estafetinin balaca məktəblilərə verilməsinə işarə idi.
Nəhayət, onbirincilərin sevinc və həyəcan dolu duyğularla gözlədikləri an yetişdi, son zəngin sədaları eşidildi.
Məzunlar məktəblə və müəllimləri ilə son dəfə vidalaşaraq xatirə şəkilləri çəkdirdilər. Bu xatirə nəinki rəsmlərdə, eyni zamanda qəlblərinin dərinliklərində uzun müddət qalacaqdır.

Keçidlər