Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Masallı rayon təşkilatının IX Konfransı

08 iyun 2017 | 16:00

08 iyun 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının IX konfransı keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş və abidə önünə tər-gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Sonra N.Gəncəvi adına Masallı şəhər Mədəniyyət Mərkəzində davam edən konfrans Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının konfranslar arası müddətdə fəaliyyətini əks etdirən videoçarxın nümayiş ilə başlayıb. Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Liderimiz Heydər Əliyevin və həyatdan köçən partiya üzvlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev hesabat məruzəsi ilə çıxış edərək bildirik ki, Müstəqil Azərbaycan Respublikasının banisi, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyət və sədaqətlə davam etdirilməsi nəticəsində ölkəmiz ildən-ilə qüdrətlənir və inkişaf edir. Bu tərəqqini hər bir Azərbaycan vətəndaşı rifah halının yüksəlməsi, özünün sosial vəziyyətinin yaxşılaşması şəklində görür, yaşayır və hiss edir.Eyni zamanda bütün regionlarımızda geniş miqyaslı abadlıq və quruculuq işlərinin aparılması, illərlə yığılıb qalmış problemlərin həll edilməsi,kəndlərimizin,şəhərlərimizin yenidən qurulması ölkəmizin sürətli inkişafına əyani sübutdur.Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycan regionun lider dövlətinə çevrilməklə bərabər, həm də beynəlxalq aləmdə güclü dövlət və etibarlı tərəfdaş kimi tanınmışdır. Yeni Azərbaycan Partiyasının qurucusu və memarı, Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan gündən-günə inkişaf edir, yeni naliyyətlərə imza atır. Azərbaycan Dünya miqyasında idman, multikultralizm, dini, milli tolerantlıq və bir çox digər sahələr baxımından nümunəvi bir ölkədir. Azərbaycanın ilk Avropa oyunlarına ev sahibliyi etməsinin, ötən il ölkəmizdə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Formunun, eləcə də keçirilən möhtəşəm idman və əyləncə şousu “Formula-1” üzrə Avropa Qran-prisinin və bu il Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının xüsusi əhəmiyyəti var. Bütün bunlar göstərir ki, müstəqil Azərbaycan dövləti 25 il ərzində sürətlə inkişaf edib.
Seyfəddin Əliyev qeyd etmişdir ki, hər birimizə yaxşı məlumdur ki, tarixi zəruriyyətdən yaranan Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişaf etdirilməsi, demokratiyanın bərqərar olması ilə baglı əsas rolu öz üzərinə götürmüşdür. Yeni Azərbaycan Partiyasının hakimiyyətdə olduğu illər ərzində ölkə həyatında əhəmiyyətli dəyişikliklər müşahidə olunmuş və hər bir vətəndaşın yaşayış səviyyəsində ciddi irəliləyişlər baş vermişdir. Bu gün qürur hissi ilə qeyd etməliyik ki, artıq Yeni Azərbaycan Partiyasının sıralarında 700 minə yaxın vətəndaşımız birləşir. Azərbaycan tarixində indiyə qədər 700 min üzvü olan siyasi təşkilat olmayıb. Yeni Azərbaycan Partiyasının avanqard qüvvələrindən olan Masallı rayon təşkilatının üzvləri də ötən dövr ərzində rayonumuzun ictimai-siyasi həyatında yaxından iştirak edib, aparılan abadlıq-quruculuq işlərində fəallıq göstərmişlər. Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatı konfranslar arası dövr ərzində öz fəaliyyətini partiyanın Nizamnaməsi və Proqram müddəalarının, Yeni Azərbaycan Partiyasının Qurultaylarının qərarlarının, İcra Katibliyinin tapşırıq və tövsiyyələrinin rəhbər tutulması əsasında həyata keçirmişdir. Ötən illər ərzində rayon təşkilatı mükəmməl şəkildə təşkilatlanmış, işini günün tələbləri səviyyəsində quraraq yüksək nəticələr əldə etmiş, ərazi ilk partiya təşkilatların sayını 90-dan 105-ə çatdırmış və partiya üzvlərinin sayının 7634 nəfərdən 11083 nəfərə çatmasına nail olmuşdur. Rayon təşkilatının qeydiyyatında olan 11083 nəfər partiya üzvündən 29.1%-ni yəni 3221 nəfərini qadınlar, 28.2%-ni yəni 3126 nəfərini gənclər təşkil edir. Üzvlərin 31.3%-i yəni 3470 nəfəri ali təhsilli, 19.4%-ni yəni 2142 nəfəri orta ixtisas təhsillidir. Fəaliyyət sahələrinə görə elm, mədəniyyət və incəsənətdə 316 nəfər, idarəetmə orqanlarında 168 nəfər, səhiyyədə 552 nəfər, təhsildə 2227 nəfər partiya üzvləri çalışır. Eləcədə üzvlərin 488 nəfəri təqaüdçü, 127 nəfəri isə tələbədir.Ötən dövr ərzində partiya sıralarına 3449 nəfər daxil olmuş və onlardan 37,8%-ni, yəni 1268 nəfərini qadınlar, 47%-ni, yəni 1579 nəfərini gənclər təşkil etmişdir.
Sonra Nəzarət-Təftiş Qrupunun hesabatı dinlənilib.
YAP Masallı rayon təşkilatının Şura üzvü Qardaş Fətullayev, Qadınlar Şurasının sədr müavini Əntiqə Tağıyeva və təşkilatın Gənclər Birliyinin üzvü Sübhan Şiriyev çıxış edərək təşkilatın fəaliyyəti haqqında fikirlərini bildiriblər.
YAP Masallı rayon təşkilatının IX konfransında Masallı rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma tarixi, o dövrdə baş verən proseslər haqqında geniş məlumat verib. O qeyd edib ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ilk gündən ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, demokratik təsisatların bərqərar olmasında siyasi flaqman rolunu öhdəsinə götürüb. “YAP Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvə olaraq xalqımızın ali mənafeyini özünün fəaliyyəti boyu dolğun ifadə etməkdədir”, - deyən R.Hüseynov bildirib ki, ölkəmizdə 700 min üzvü olan partiyamızla rəqabət apara biləcək siyasi qüvvə yoxdur.
Yeni Azərbaycan Partiyası Siyasi şurasının üzvü, Milli Məclisin deputatı Hadı Rəcəbli, Milli Məclis aparatının şöbə müdiri İbrahim Yusifzadə, Yeni Azərbaycan Partiyası Siyasi şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək, Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolu, keçdiyi inkişaf yolu, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlarda iştirakı barədə geniş söz açıblar.
Konfransda daha sonra təşkilati məsələlər müzakirə edilib, Seyfəddin Abusət oğlu Əliyev yenidən YAP Masallı rayon təşkilatının sədri seçilib. Konfransda yeni tərkibdə rayon təşkilatının Şurası, İdarə Heyəti, eləcə də Nəzarət-Təftiş Qrupu seçilib.

Keçidlər