Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda müstəqillik günü qeyd olundu

18 oktyabr 2017 | 16:00

18 oktyabr 2017-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində dövlət müstəqilliyi gününə həsr olunmuş tədbir keçirilib.

  Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini–İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova açaraq xalqın illər boyu özündə yaşatdığı istiqlal ideyasını gerçəkləşdirən tarixi şəraitdən, müstəqillik uğrunda aparılan mübarizədən və bu müstəqilliyin qorunub möhkəmlənməsində Ümummilli lider Heydər Əliyevin tarixi rolu haqqında geniş məlumat verdi.
Natiq qeyd etdi ki, bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 26 illiyi tamam olur. XX əsrin sonlarında qlobal miqyasda cərəyan edən proseslər Azərbaycan üçün də yeni üfüqlər açdı, xalqımız ən yeni tarixində bir daha müstəqil və azad yaşamaq hüququ qazandı. 1991-ci il avqustun 30-da Müstəqillik Bəyannaməsini, həmin il oktyabrın 18-də isə Konstitusiya Aktını qəbul edən parlament, hələ sovetlər birliyinin beynəlxalq hüququn subyekti kimi tanındığı bir vaxtda Azərbaycan Respublikasının rəsmi olaraq suveren və müstəqil dövlət olduğunu və Azərbaycan xalqının öz taleyini artıq özünün müəyyənləşdirdiyini bəyan etdi. Çox keçmədi ki, 1991-ci il dekabrın 8-də sovetlər birliyi öz geosiyasi mövcudluğuna son qoydu. Məhz xalqın təkidi ilə 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdan Heydər Əliyev Milli Məclis qarşısında etdiyi dərin məzmunlu çıxışında yeni siyasi strategiyanın mahiyyətini açıqladı və müstəqil Azərbaycan Respublikasının xarici siyasət prioritetlərini elan etdi.
Məruzə ilə çıxış edən Mahmudavar kənd orta məktəbinin tarix müəllimi, Əməkdar müəllim Musarza Mirzəyev bildirdi ki, müstəqilliyin ilk illərində respublikamız çox ağır siyasi-iqtisadi və sosial problemlər girdabına düşdü. Torpaqlarımız itirildi, ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdi, etnik separatçılıq Azərbaycanı dağılmaq, parçalanmaq həddinə gətirdi. Belə bir vəziyyətdə yenicə bərpa olunmuş müstəqillik də sual altına alındı. Ölkənin, millətin taleyi üçün həlledici bir vaxtda yeni bir lider lazım idi. O lider ki, onu bu ağır vəziyyətdən çıxarıb beynəlxalq birliyə inteqrasiyasını və beynəlxalq arenada öz layiqli yerini tapmasını təmin edəcəkdi. Bu, əlbəttə, dərin zəkaya, böyük təcrübə və düşüncəyə malik olan, dünya siyasətində öz dəsti-xətti ilə seçilən ümummilli lider Heydər Əliyev ola bilərdi və belə də oldu.Əməkdar müəllim Musarza Mirzəyev daha sonra bildirib ki, son illər cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət sayəsində respublikamızın regional və qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb, beynəlxalq aləmdə etibarlı tərəfdaş imici qazanıb və Azərbaycan mötəbər beynəlxalq tədbirlərin, nüfuzlu idman yarışlarının keçirildiyi məkana çevrilib. Azərbaycanın yüksək inkişafını bizim Masallı rayonun timsalında da görmək olar. Heydər Əliyev yolunun layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyev bu il sentyabrın 3-də rayonumuzda doqquzuncu dəfə tarixi səfərdə olmuş, bir sıra obyektlərin açılışında iştirak edib. Dövlət başçısı Bayraq Meydanının və Azərbaycan Dövlət Rəmzləri Muzeyinin açılışına qatılıb. Möhtərəm prezident “ASAN həyat” kompleksinin, Tarix-dyarşünaslıq muzeyinin və İncəsənət Məktəbinin açılışında da iştirak edib.
  Tədbirdə çıxış edən Masallı Rayon Ağsaqqallar Şurasının sədri, III dərəcəli “Vətənə xidmətə görə” ördenli dövlət qulluğu veteranı Ələşrəf Niftiyev, Bala Kolatan kənd tam orta məktəbinin tarix müəllimi Uğur Ağayev, 2016-cı il Aprel döyüşlərinin iştirakçısı, Qodman kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Əziz Cankişizadə, Şıxlar kənd 1 nömrəli ümumi orta məktəbinin müəllimi Railə Səmədova və başqaları müstəqillik yolunda Azərbaycan xalqının çoxillik mübarizə tarixindən və onun qorunmasında Ümummilli lider Heydər Əliyevin müstəsna rolundan söhbət açmışlar.
  Tədbiri Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini–İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova yekunlaşdırıb.

Keçidlər