Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Ədliyyə işçilərinin peşə bayramı günü qeyd edildi

22 noyabr 2018 | 16:00

22 noyabr 2018-ci il tarixdə Masallı rayonunda Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyi və ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib. 
Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək ümummilli liderin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini yad ediblər.
Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı və aparatın məsul işçiləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ədliyyə və məhkəmə orqanlarının bir qrup əməkdaşı, ictimaiyyət nümayəndələri iştirak edib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov peşə bayramı günü münasibətilə ədliyyə və məhkəmə orqanları işçilərini təbrik edib. Ölkəmizdə ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi olduğunu söyləyən rayon rəhbəri Azərbaycan ədliyyəsinin yaranmasından 100 il ötdüyünü qeyd edib. Azərbaycan ədliyyəsinin ötən dövrdəki inkişaf yolundan, xüsusilə ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə bu sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs edib. RİH başçısı ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyilə son illər Azərbaycan ədliyyəsinin davamlı inkişafına xidmət edən genişmiqyaslı islahatlar aparıldığını, ədliyyə orqanlarının fəaliyyətinin genişləndirildiyini, bu sahədə yeni iş metodlarının, qabaqcıl texnologiya və elektron xidmətlərin geniş tətbiqinin təmin edildiyini, ən müasir infrastrukturun yaradılması üzrə tədbirlər görüldüyünü diqqətə çatdırıb.
Masallı Rayon Məhkəməsinin sədri Firdovsi Əliyev 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı gününün ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edildiyini və bütün ədliyyə orqanlarında böyük ruh yüksəkliyilə qeyd olunduğunu bildirib. O, cənab İlham Əliyevin rəhbərliyilə ölkəmizin davamlı tərəqqisinin, sabitliyin və təhlükəsizliyin təmin olunduğunu vurğulayıb, ədliyyə sisteminin məhkəmə-hüquq islahatları çərçivəsində günbəgün müasirləşdiyini, yeni-yeni nailiyyətlərə imza atdığını qeyd edib.
Azərbaycan ədliyyəsinin yubileyinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə üst-üstə düşməsindən danışan Firdovsi Əliyev bildirib ki, müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, bugünkü müasir dövlətimizin sələfi qismində müstəqilliyimizin hüquqi-siyasi və iqtisadi əsaslarını formalaşdırıb. Təsadüfi deyil ki, Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğu tarixi gündə – 1918-ci ilin may ayının 28-də Ədliyyə Nazirliyi də təsis edilib. Son 15 ildə yeni dövrün tələblərindən irəli gələn islahatların aparıldığını, qanunvericiliyin təkmilləşdirildiyini, habelə ədliyyə fəaliyyətinin digər müxtəlif sahələri üzrə zəruri tədbirlər həyata keçirilir.
Natiq Prezident cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində məhkəmə-hüquq islahatları prosesinin keyfiyyətcə və mahiyyətcə yeni səviyyəyə qalxdığını, ədliyyə və məhkəmə infrastrukturunun əhəmiyyətli dərəcədə yeniləndiyini, o cümlədən ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş məhkəmə binalarının inşa edildiyini, əhaliyə göstərilən hüquqi xidmətin keyfiyyətinin və ədalət mühakiməsinin səmərəliliyinin xeyli yüksəldiyini bildirib.
Tədbirdə çıxış edən Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov, rayon qeydiyyat şöbəsinin rəisi İlqar Məhərrəmov, 11 saylı cəzaçəkmə müəssisəsinin rəisi Mayis Həmidov, Dəmirçi kənd tam orta məktəbinin direktoru Aytən Şükürova, RİHB-nın Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İsrafil Əliyev və başqaları ədliyyə işçilərini peşə bayramları münasibətilə təbrik edib, ötən dövrdə Azərbaycan ədliyyəsinin inkişafı istiqamətində mühüm addımların atıldığını və yeni-yeni nailiyyətlərin əldə olunduğunu bildiriblər.
Çıxış edənlər ədliyyə orqanlarının qanunun aliliyinin və insan hüquqlarının qorunmasında, şəffaflığın və ictimai iştirakçılığın təmin olunmasında mühüm fəaliyyətini qeyd edərək, ölkəmizin hərtərəfli tərəqqisində və demokratik-hüquqi dövlət quruculuğu işində möhtərəm Prezidentimizə layiqli yardımçı olmaq üçün əzmkarlıq və məsuliyyətlə çalışdıqlarını bildiriblər.
Tədbirin sonunda 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə rayonda səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup ədliyyə işçisi rayon icra hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif edilib.

Keçidlər