Şriftin ölçüsü :

Saytın rəngi :

Hişkədərə ərazisində hesabat yığıncağı

18 yanvar 2019 | 16:00

18 yanvar 2019-cu il tarixdə Hişkədərə ərazisində Masallı rayon İcra hakimiyyəti başçısının Hişkədərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qumra Cəfərovanın hesabat yığıncağı keçirilmişdir.

Hesabat yığıncağında məruzə ilə çıxış edən Q. Cəfərova qeyd etmişdir ki, hesabat ilində ərazimizdə də bir çox işlər görülmüşdür. Belə ki, Hişkədərə mərkəzi yolu əsaslı şəkildə yenidən qurulmuş,asfalt çəkilmişdir.Yolun hər iki tərəfində xəndəklər dərinləşdirilmiş,vətəndaşların həyətlərinə giriş hissəsində su torbaları çıxardılıb təmizlənmişdir. 500 metr  su ötürücü  kanalda dərinləşmə işləri aparılmışdır. Məhəllə arası yollara çınqıl tökülüb, sərilmişdir. Hişkədərə giriş qapısı təmir olunub, yol boyu kol-koslar vurulub, daş hasarlar  əhənglə ağardılmışdır. Hesabat ilində ərazimizdə dövlət vəsaiti hesabına 2 km,  iş adamları  vəsaiti ilə  2 km asfalt yol , xeyriyyəçi vəsaiti ilə  92 min manat dəyərində çörək sexi tikilib istifadəyə verilmişdir.
       Bildiyiniz kimi Hişkədərə kənd inzibati ərazi dairəsi mərkəzi Hişkədərə kəndi olmaqla Hişkədərə və Mişkəmi kəndlərini əhatə edir. Ərazinin ümumi sahəsi 696 hektar,əhalinin ümumi sayı 3679 nəfər,təsərrüfatların sayı 845 olmaqla 684 yaşayış evi vardır.
        Masallı rayon İcra hakimiyyəti başçısının Hişkədərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi öz işini Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”ni rəhbər tutaraq qurmuşdur. Nümayəndəlikdə əsasnaməyə uyğun olaraq fəaliyyətini əks etdirən illik və rüblük iş planları hazırlanaraq təsdiq edilmişdir. İş planına uyğun olaraq nümayəndəlik səlahiyyətləri çərçivəsində 57 sərəncam, 9 əmr imzalamışdır. Sərəncamlar əsasən əhalinin sosial problemlərinin həlli, ərazidə abadlıq quruculuq işlərinin aparılması, kütləvi tədbirlər,bayram ,tarixi anım günlərinin qeyd olunması ilə əlaqədar olmuşdur. Verilmiş sərəncamlara uyğun tədbirlər planı hazırlanmış və icrası təmin edilmişdir.
        Nümayəndəlikdə kargüzarlıq işlərinin “Dövlət hakimiyyəti orqanlarında , idarə,müəssisə və təşkilatlarda kargüzarlığın aparılması Qaydaları “ haqqında təlimatın tələbləri səviyyəsində aparılmasına səy göstərilmişdir.Nomenklaturaya uyğun olaraq Hişkədərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan və göndərilən sənədlərin qeydiyyatı kitabları və sənədlərin saxlanması üçün qovluqlar açılmışdır.Nümayəndəliyə müxtəlif təşkilatlardan 18 məktub daxil olmuşdur.Rayon İcra hakimiyyətinə və digər təşkilatlara 86 məktub göndərilmişdir. Daxil olan məktublar təsnifatı üzrə qruplaşdırılmış, məlumat tələb olunanlara cavab hazırlanaraq göndərilmiş,digərləri isə rəhbərlik üçün işə alınmışdır.
         Nümayəndəlikdə vətəndaşların müraciətlərinə  “Vətəndaşların müraciətləri haqqında“ Azərbaycan Respublikası Qanununun tələbləri səviyyəsində baxılmışdır. Buna baxmayaraq 2018-ci ildə də ərazi sakinləri tərəfindən yuxarı rəhbər orqanlara və rayon İcra hakimiyyətinə müraciətlər ünvanlanmışdır. Qeyd etmək istəyirəm ki, 2017-ci illə müqayisədə  2018-ci ildə edilən müraciətlərin sayı azalmışdır. Vətəndaşların müraciətlərinə baxılması vəziyyəti barədə hesabat məruzəsinə əlavə olaraq ərazi nümayəndəsinin müavini Gülyanaq Ağayeva daha geniş məlumat verəcəkdir.
      “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının “Ailə Məcəlləsi”nə əsasən nümayəndəlik tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı aparılmışdır.Hişkədərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 2018-ci ildə 12 doğum, rayon VVADQ və ASAN Xidmətdə 19 doğum, cəmi 31 doğum halı qeydə alınmış, nümayəndəlik üzrə nigah  qeydiyyata alınmamış, 19 ölüm faktlarının  qeydiyyatı aparılmışdır.
       Nümayəndəlik tərəfindən milli genefondumuzun qorunmasından ötrü ailə quran gənclərin tibbi müayinədən keçməsi üçün əhali arasında geniş maarifləndirmə işləri aparılır. Əfsuslar olsun ki, bəzi vətəndaşlar istər qız, istər oğlan tərəfi övladlarının tibbi müayinədən keçmədən nişanlanmasına və ailə həyatı qurmasına qərar verirlər. Bu da gələcəkdə  baş verə biləcək ailə  və uşaq problemlərinin yaranmasına zəmin yaratmış olur.Həmçinin ərazimizdə azyaşlı qızların erkən nigahının qarşısının alınması bir vəzifə olaraq daim diqqət mərkəzində olmuşdur.Masallı rayon İcra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının köməkliyi ilə 2018-ci ildə azyaşlı qızların ailə qurmalarının qarşısının alınmasında irəliləyiş əldə edilmişdir.2017-2018-ci illərdə bu cür hallar müşahidə edilməmişdir.
       Masallı  RİHB cənab Rafil Hüseynov 05 dekabr 2018-ci il tarixdə Hişkədərə ərazi nümayəndəliyinin inzibati binasının iclas zalında ərazinin ziyalıları, ağsaqqalları , ictimaiyyəti ilə keçirdiyi səyyar görüşü zamanı azyaşlı qızların erkən nigaha girməsi və onun törətdiyi fəsadlar barədə lazımi tövsiyə və tapşırıqlarını  vermişdir. Verilmiş tövsiyyə və tapşırıqlar qanunvericilik nəzərə alınaraq bu gün də diqqət mərkəzindədir.
      Nümayəndəlikdə 2019-cu ilin 01 Yanvar vəziyyətinə təsərrüfatbaşına kitabların da qrafik üzrə yenidən işlənilməsi təmin olunmuşdur. Təsərrüfat üzvlərinin, daimi və müvəqqəti yaşayan şəxslərin Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq daimi seçici siyahısına daxil edilməsi üçün də ərazidə aktiv seçici hüququna malik olan seçicilərin siyahısı dəqiqləşdirilmişdir.  Nümayəndəlik tərəfindən ərazidə yaşayan vətəndaşlara yaşayış yeri,ailə tərkibi və müxtəlif  məlumat xarakterli 444 ədəd arayışlar verilmişdir.  Arayış və sənədlərin verilməsində normativ hüquqi aktlara istinad   edilmişdir.
     Yetişməkdə olan nəslin inkişafında təhsil müəssisələrinin müstəsna rolu vardır. Bu sahədə ərazimizdə  1  tam orta məktəb və körpələr evi-uşaq bağçası  fəaliyyət göstərir. Məktəbdə 460 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə  38 müəllim məşğul olur.  Hesabat ilində Hişkədərə kənd tam orta məktəbinin 21 nəfər məzunu olmuşdur. Bundan 15 nəfər məzun ali təhsil ocaqlarına daxil olmuşdur ki, onlardan 8 nəfəri  qızlar təşkil edir. Əvvəlki illərdə bitirmiş məzunlar da daxil olmaqla 4 məzun isə kollecə daxil olmuşdur.  Çox sevindirici haldır ki, ali məktəbə və kollecə daxil olmuş məzunlarımız arasında gənc qızlarımız çoxluq təşkil edir.
      Ərazimizdə fəaliyyət göstərən 75 yerlik körpələr evi –uşaq bağçası kompleksində hər cür şərait vardır. Qonşu kəndlərdən belə sakinlər uşaqlarını bağçaya qoymaq üçün bizə müraciət edirlər. Bağçanın dam örtüyündə yenidənqurma işləri aparılmışdır. Etiraf  etmək lazımdır ki, ərzaq təminatının yaxşılaşdırılması  nəticəsində uşaqlara  isti  və keyfiyyətli  xörəklər  verilir.
       Nümayəndəlik tərəfindən gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi və onların hərbi vətənpərvərlik  ruhunda tərbiyə olunması ilə bağlı ardıcıl işlər aparılır. Nümayəndəliyin ən mühüm vəzifələrindən biri də gənclərin Milli Ordu sıralarına yola salınmasıdır. Hal hazırda 25 gəncimiz Milli Ordu sıralarında öz müqəddəs borcunu şərəflə yerinə yetirir. Lakin bu sahədə də müəyyən çətinliklərimiz vardır. Belə ki bəzi valideynlər övladlarını heç bir əsas olmadan hərbi xidmətdən yayındırmağa səy göstərir, çağırışlara vaxtında gəlmir, öz vətəndaşlıq öhdəliklərini yerinə yetirməyə laqeyd yanaşırlar.
        Bildirmək istəyirəm ki, Qarabağ döyüşlərində 3 gəncimiz şəhid,1 gəncimiz isə əlil olmuşdur. Şəhid ailələri, Qarabağ əlilləri daima diqqət mərkəzindədir. Onlar həmişə qayğı ilə əhatə olunur,müqəddəs gün və bayramlarda ,anım günlərində onlara baş çəkilir,maddi və mənəvi yardımlar göstərilir. 2018-ci ildə rayon İcra hakimiyyəti, ərazi nümayəndəliyi və Hişkədərə bələdiyyəsinin köməkliyi ilə ərazidə yaşayan 31 belə ailəyə bayram sovqatı verilmişdir. Əlavə olaraq Qurban bayramında xeyriyyəçilər tərəfindən 18-dən yuxarı ailəyə Qurban payı verilmişdir. Yeni il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində sosial müavinət alan ailələrə birdəfəlik 100 manat məbləğində vəsait verilmiş və Novruz Bayramında Heydər Əliyev Fondu tərəfindən göndərilmiş bayram sovqatı ƏƏSMN-ni Masallı rayon şöbəsi tərəfindən ünvanlı sosial yardım alan 32 aztəminatlı ailəyə paylanılmışdır.Çox təəssüflər olsun ki, bütün bu xeyirxah işlərdən sui istifadə edən sakinlərimiz də vardır. Belə ki, ünvanlı sosial yardım almaq üçün rəsmi sənədlərini belə qaydaya salmaq istəməyən ,öhdəsində xəstə və ya azyaşlı uşağı olmayan ,heç bir fərdi iş görmək istəməyən , əmək qabiliyyətli olub, ələ baxımlılığa meyilli olan şəxslər hay-küy salır, respublikanın müxtəlif təşkilatlarına və rayon İcra hakimiyyətinə əsassız şikayətlər edirlər.Ərazi nümayəndəliyi tərəfindən belə hallara səbr və təmkinlə yanaşır, çıxış yolları göstərilir, qanunvericilik çərçivəsində maarifləndirici izahat işləri aparılır.
       Hişkədərə ərazisində Poçt Şöbəsi və 896 yerlik  elektron ATS fəaliyyət göstərir. İnternet istifadəçilərinin sayı 350 nəfərdir.Elektrik enerjisindən istifadə edən abonentlərin sayı sahibkarlıq obyektləri də daxil olmaqla 718, təbbi qazdan istifadə edən abonentlərin sayı isə 623 nəfərdir.Bildiyiniz  kimi tarif şurası təbii qazın və elektrik enerjisinin qiymətlərinin qaldırılması barədə qərar qəbul etmişdir.  Aztəminatlı ailələri qiymət artımından qorumaq məqsədilə ölkə başçısı istifadə olunacaq istehlak limitini təbii qaz üçün 1500-dən 1700 kubmetrə, elektrik enerjisi üçün isə 250-dən 300 kilovatt/saata qaldırılması barədə göstəriş vermişdir.  Bu sahədə bizi narahat edən problemlərdən biri də elektrik dirəklərinin bir qisminin yararsız vəziyyətdə olması və naqillərin köhnə  olmasıdır ki, ən xırda təbiət hadisəsi baş verən kimi elektrik enerjisinin ötürülməsində fasilələr yaradır.
       Hişkədərə ərazisində həkim məntəqəsi fəaliyyət göstərir. Burada mütəmadi olaraq əhaliyə ilk tibbi yardımlar göstərilir,müxtəlif yaş qruplarından olan uşaqlara peyvəndlər edilir və digər səhiyyə xidmətləri göstərilir. Həkim məntəqəsində xidmət müasir tələblərə cavab verir. Ümidvarıq ki,  bundan sonra da tibb işçiləri əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyətini daha da yaxşılaşdıracaqlar. Onu da qeyd etmək etməliyəm ki, 2018-ci ildə Masallı rayon Mərkəzi Xəstəxanasında və Məhərrəmlik ayında Aşura günü Masallı Cümə məscidində “Qanvermə aksiyası” keçirilmiş, ərazimizin sakinləri bu tədbirdə könüllü olaraq mütəşəkkil iştirak etmişdir.Buna görə onlara minnətdarlığımızı bildiririk.
       Ərazidə əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Hesabat ilində təsərrüfatlarda iribuynuzlu mal-qaranın sayı 1075, xırdabuynuzlu mal-qaranın sayı isə 312 baş olmuşdur. . Ərazidə cins və yerli  mal-qaranın peyvəndlərinin aparılması və  lazımi tədbirlərin görülməsi barədə rayon Baytarlıq şöbəsi ilə əlaqəli iş aparılır. Son illərdə ərazimizdə arıçılığa, sitrus bitkilərinin inkişafına da maraq artmışdır. Hazırda 4 fərdi təsərrüfatda arı ailələri saxlayır, 96 fərdi təsərrüfatda feyxoa,mandarin,kinkan və digər sitrus bitkiləri , 3 nəfər  payıbəlli torpaq sahibləri 1.20 hektar sahədə feyxoa və digər meyvə  bitkiləri əkmişdir.Ərazimizdə 15 ha sahədə buğda, 2 ha sahədə arpa, 15 ha sahədə vələmir, 14.5 ha sahədə digər kənd təsərrüfatı bitkiləri əkilmişdir. Həyətyanı və fərdi təsərrüfatlarda tərəvəz əkini üçün istixanalar quraşdırılmışdır.Mal-qaranın saxlanmasına maraq artsa da, əhali əkinçilikdən çox uzaq düşmüşdür,torpaqlar əkilmir və ya onlardan səmərəli istifadə olunmur. Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi  siyasətinin inkişaf məqsədləri əsasında  əkin aparan torpaq mülkiyyətçilərinə subsidiyanın verilməsi onları daha da həvəsləndirir. Ərazimizdə əkinçiliklə məşğul olan 15 nəfər sənədlərini  Kənd Təsərrüfatı İdarəsinə təqdim etməklə subsidiya almışdır.
         Pay sahibləri ən yaxşı halda torpaqlardan biçənək kimi istifadə edirlər. Çox acınacaqlı haldır ki, pay torpaqlarının müəyyən hissəsini kol-kos basıb. Pay sahibləri torpaq sahələrini   22 ilə yaxındır ki, əkmir, abadlaşdırmır.Bu barədə bütün torpaq sahiblərinə rəsmi məktublar ünvanlanmış, torpaqlarını əkməyən mülkiyyətçilərin hər hektar üçün 200 manat cərimə olunduğu onlara bildirilmişdir. Nümayəndəlik tərəfindən pay torpaq sahələrini əkməyən mülkiyyətçilərin adlı siyahısı rayon Kənd Təsərrüfatı İdarəsinə göndərilmişdir.
         Qeyd etməliyəm ki, ölkə prezidenti cənab İlham Əliyev 18 sentyabr 2018-ci il tarixində  cənub bölgəsinə səfəri zamanı Masallı Nemətləri Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsinin açılışında bir daha bəyan etdi ki,kənd təsərrüfatı  inkişaf  etdirilməli, bu sahəyə qayğı və diqqət yüksək olmalıdır. Əsasən çay,sitrus meyvələrinin və çəltikçiliyin ,baramanın ,tütünçülüyün inkişaf etdirilməsini xüsusi qeyd etmiş, bu sahənin inkişafı ilə əlaqədar sərəncam imzalamışdır. Gələcəkdə bu sahənin inkişaf etdirilməsi üçün bütün tədbirlər həyata keçiriləcəkdir.Çalışacağıq ki, sərəncama uyğun olaraq ərazidə çayçılığın inkişaf etdirilməsi üçün bütün qüvvələrimizi səfərbər edərək ərazidə çayçılığın inkişafına nail olaq.Rayon İcra hakimiyyəti başçısının tapşırığına əsasən ərazimizin Məzərə  deyilən sahəsində çəltik əkilməsi  nəzərdə tutulmuşdur. Həmin sahəyə çəltiyin əkilməsi üçün su mənbəsi hazırlanıb, kim çəltik əkmək istəsə ona heç bir maneçilik yoxdur.
        Masallı RİHB cənab Rafil Hüseynovun təşəbbüsü ilə Masallı rayonunda hesabat ilində 1000 ha ərazidə yaşıl çay plantasiyasının salınması ilə bağlı ölkə rəhbərliyi  səviyyəsində məsələ qaldırılmışdır.Ərazimizdə 100 ha torpaq sahəsində yaşıl çay plantasiyasının salınması nəzərdə tutulmuşdur. Nümayəndəlik tərəfindən ərazinin xəritələri yenidən hazırlanmış, 160-dan yuxarı torpaq sahiblərinin razılıq ərizələri, torpaq sənədləri və şəxsiyyət vəsiqələrinin surətləri toplanılmışdır. İlkin araşdırmalara görə mülkiyyətçilərin çoxu həmin ərazini istifadəyə özləri yox, torpaq sahələrini icarəyə verməyə meyl göstərirlər. Bununla bağlı mülkiyyətçilərə dövlət tərəfindən də hər cür maddi, mənəvi və təşkilati dəstəyin göstərilməsi planlaşdırılır.
        Tədbirlər çərçivəsində Hişkədərə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin iclas zalında RİHB-nın aparatının və rayon Kənd Təsərrüfatı İdarəsinin rəhbər işçiləri ilə kənd sakinlərinin görüşü təşkil olunmuş, torpaq mülkiyyətçiləri ilə maarifləndirici söhbətlər aparılmışdır. Onlara izah olunmuşdur ki, həmin sahələri özləri əkməli və ya kooperasiya şəklində birləşməklə , yaxud da investorlar cəlb edib torpaqlarını uzun müddətli icarəyə verməklə istifadə etməlidirlər. Biz inanırıq ki, RİHB cənab Rafil Hüseynovun yaxından köməkliyi ilə Hişkədərə kəndi ərazisində yaşıl çay plantasiyasının salınmasına nail olacağıq ki, bu da ərazimizdə məşğulluq problemini həll edəcək, əlavə iş yerləri yaradacaq, kənd sakinlərinin gəlirləri artacaq və əhalinin həyat səviyyəsinə , rifahına müsbət təsirini göstərəcəkdir.
        Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş kənd təsərrüfatının inkişafının strateji Yol Xəritəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalında və bu məhsulların istehsalı üçün göstərilən  dövlət yardımlarının verilməsində rayonlaşma prinsipi əsas götürülür. Bu o deməkdir ki, hər bir rayon üçün xarakterik olan kənd təsərrüfatı məhsullarının əkilməsi və inkişaf etdirilməsi nəzərdə tutulur. Masallı rayonunda çayçılıq, sitrusçuluq, çəltikçilik və tərəvəzçilik, baramaçılıq, tütünçülüyün inkişafı strateji məqsəd kimi qarşıya qoyulur.Baramaçılığın inkişafı ilə əlaqədar məktəbimizin həyətində bu il 350 ədəd , uşaq bağçasının həyətyanı sahəsində isə 150 ədəd tut tingi əkilmişdir. Bağçanın istifadə olunmayan korpusunda 2 qutu barama saxlanılıb,onlara vurulan dövlət planı yerinə yetirilmişdir.  Ərazimizdə cari ildə 1 ha sahədə tütün əkini aparılmış və 1.6 ton tütün yarpağı qurudularaq təhvil verilmişdir.
       Eyni zamanda aparılan izahatlar çərçivəsində Respublika Prezidenti cənab İlham Əliyev   “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin yaradılması haqqında sərəncam imzalamışdır ki, bu da kənd təsərrüfatı məhsullarının əkini və istehsalı ilə məşğul olan hər bir kənd sakininə, fermerə və sahibkara imkan verir ki, istehsal etdiyi məhsulu heç bir vasitəçi olmadan , müqavilə bağlamaqla bu ASC tərəfindən yaradılan mərkəzləşdirilmiş portal vasitəsilə rahat şəkildə satışını reallaşdırsın.
        Kənd təsərrüfatı ilə bağlı digər bir  yenilik isə  “Asan- Həyat”  mərkəzinin nəzdində yaradılan “ABAD”  -Ailə  biznesinə asan dəstək layihəsidir ki, fermer istehsal etdiyi kənd təsərrüfatı məhsulunu vasitəçi olmadan mərkəzdə xüsusi maşınlarda yerləşdirilən  mini fabriklərdə istehsal edib öz markası ilə  qablaşdıraraq mərkəzin dəstəyi ilə satışını həyata keçirə bilər.
       Masallı Qadın Resurs Mərkəzində ərazimizin sakinləri layihələrdə uğur qazanmış , 11 nəfər müxtəlif növ məşğuliyyətlə təmin olunmuşdur.Bunlardan meyvəqurutma , iri və xırda buynuzlu mal-qara, toyuq, ördək, gözəllik salonunu göstərmək olar. Rayon Məşğulluq Mərkəzinə müraciət edənlərə də arı pətəyi, iri buynuzlu mal-qara verilmiş, əhalinin işlə təmin olunması üçün şərait yaradılmışdır. Əhalinimizin nəzərinə çatdırırıq ki, kim bu sahəyə maraq götərmək istəyirsə yuxarıda qeyd olunan təşkilatlara müraciət edə bilərlər.
        Ərazi nümayəndəliyi bu innovatik yeniliklər barədə ardıcıl olaraq kənd sakinlərini məlumatlandırır, onlara təşkilati dəstək göstərir,izahat işləri və maarifləndirici söhbətlər aparır.
        Respublikamızda hörmətli Prezidentimiz tərəfindən azad sahibkarlığa yaradılmış şərait  ərazidə də sahibkarlığın inkişafına böyük təsirini  göstərmişdir. Ərazidə bu baxımdan bütün sahibkarlıq  növləri fəaliyyət göstərir. Ərazidə 9 mağaza, 2 avtomobil təmiri sexi, 1 plastik qapı -pəncərə sexi, 1 aptek,3 çayxana,1 çörək sexi və digər ictimai iaşə obyektləri əhaliyə xidmət göstərir ki, burada 50-dən artıq işçi çalışır.
       Nümayəndəlik bələdiyyə ilə qarşılıqlı fəaliyyət göstərir. Bələdiyyənin fəaliyyəti bizi tam qane etmir, yox dərəcəsindədir. Belə ki hesabat ilində əhalidən icarə,torpaq və əmlak vergilərinin yığılmasını təmin edə bilməmiş, bu da ərazidə yerli əhəmiyyətli məsələlərlə bağlı layihələrin həyata keçirilməsində çətinliklər yaratmışdır. Hesabat ilində bələdiyyə vergilərinin toplanmasını daha da sürətləndirmək üçün mərkəzləşdirilmiş informasiya sistemi yaradılmışdır. Hişkədərə bələdiyyəsi də buna uyğun olaraq 270 vergi ödəyicisinin statistik məlumatlarını vahid sistemə yerləşdirmişdir. Hal-hazırda bu iş davam etməkdədir. İnanırıq ki, ərazidə yaşayan sakinlər də özünü idarəetmə qurumu olan bələdiyyənin işində fəal iştirak edəcək, üzərilərinə düşən öhdəlikləri yerinə yetirəcək və bələdiyyə büdcəsinə vaxtında və dürüst şəkildə vergilərini ödəməklə ərazimizin inkişafına öz töhfələrini verəcəklər. Bütün bu işlərin görülməsində ərazi nümayəndəliyi də öz köməkliyini əsirgəməyəcəkdir.
           Ölkə rəhbərliyi tərəfindən 2018-ci il ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli"  elan edilmişdir. 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın  gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır. 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti müvafiq tədbirlər planı hazırlayıb həyata keçirmiş, bu tədbirlərlə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkədə, eləcə də rayonumuzda silsilə tədbirlər həyata keçirilmişdir.
       2018-ci ildə tarixi hadisələrdən biri də 11 aprel 2018-ci il tarixində keçirilən prezident seçkiləri olmuşdur. Ərazi nümayəndəsi seçkilərin yüksək səviyyədə keçirilməsi üçün məntəqələri lazımi avadanlıqlarla təhciz edilməsinə köməkilik göstərmiş , səsvermə hüququ olanların siyahısı dəqiqiləşdirilərək məntəqələrə verilmişdir. Ərazi sakinləri həmişə dövlətimizə və dövlətçiliyimizə sədaqətlərini nümayiş etdirmişdir. Azərbaycan Respublikasının Prezident seçkiləri Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq ərazimizdə mütəşəkkil və demokratik qaydada həyata keçirilmişdir.
       Hesabat ili Hişkədərə inzibati ərazi dairəsi üçün də uğurlu olmuşdur. Ərazidə 30 ədəd yararsız elektrik  dirəyi dəyişdirilmiş, 1 ədəd transformator təmir edilmiş, Hişkədərə mərkəzi yoluna yenidənqurmadan sonra asfalt çəkilmiş,yolun hər iki tərəfindən kanallarda dərinləşdirmə və təmizlənmə işləri aparılmış, yolboyu hasarlar ağardılmış, kəndarası küçələrə çınqıl  tökülüb sərilmiş, kəndin arxa tərəfindəki məhəllə yolları asfaltlaşdırılmış, Hişkədərə kənd körpələr evi-uşaq bağçasının dam örtüyü əsaslı təmir edilmiş, kəndin giriş qapısı təmir edilmiş, 500 ədəd tut tingi əkilmiş, bəzi məhəllələrdə elektrik naqillərinə mane olan ağac budaqları kəsilmiş,yolların ətrafındakı zibilliklər yığılaraq yandırılmışdır.
        Görülmüş işlərlə yanaşı 2019-cu ildə qarşımızda çox mühüm işlər və vəzifələr durur. Belə ki, ərazidə kənd təsərrüfatını inkişaf etdirmək, yararsız elektrik və rabitə xəttlərini yenisi ilə əvəz etmək,Hişkədərə kənd körpələr evi-uşaq bağçasını təmir etmək,zəbt olunmuş torpaqları azad etmək, erkən nigahın qarşısını almaq, yaşıllıqların salınması qarşımızda duran əsas vəzifərimiz  olacaqdır.

Keçidlər