Şriftin ölçüsü :

Saytın rəngi :

Məhsuldarlığı artırmağın şərti çoxdur

22 yanvar 2019 | 16:00

       Mahmudavar kəndi   ərazisindən  heyvandar  Füzuli Abbasov  Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə, səkkiz səhifədə nəşr edilən "Yeni həyat" qəzetinin redaksiyasına yazdığı məktubda yazır ki, heyvandarlıq çətin sahə olsa da vacib və maraqlıdır.
Deyirlər insanların ilk məşğuliyyəti maldatrlıq olub. Bu sahəyə diqqət veriləndə həqiqət üzə çıxır. Hələ ibtidai insanlar bu sahədən istifadə ediblər. Süd, qatıq, qaymaq, şor, pendir, yağ kəndli üçün həmişə çox vacib olub. Bu gün də heyvandarlıq məhsullarına ehtiyac çoxdur. Odur ki, dövlət heyvandarlıq məhsullarının artırılması üçün kəndliyə, sahibkarlara dəstək verir.
Bu sahəyə marağı olanlar camış, inək, qoyun-quzu bəsləyir ki, ailənin ehtiyacını ödəsin, bazara da bol və keyfiyyətli ağartı məhsulları çıxarsın. Əlbəttə, bolluq olanda ucuzluq da olur, alıcı da razı qalır.
Ata-babadan heyvandar olmuşuq. Mən uşaqlıqda atamla çölə gedir, sovxozun çəltik, taxıl, tərəvəz sahələrini mal-qaradan mühafizə edirdik. Həmin vaxtlar bir təsərrüfatda iki başdan çox inək saxlamağa qadağa qoyulmuşdu. Bizim 4 baş inəyimiz vardı. Taxıl, çəltik sahələrindən ot, bəlim yığıb mal-qaranın qış  azuqəsini tədarük edirdik.
Heyvandarlığın inkişafı   mal-qaranın cins tərkibindən çox asılıdır. Məlumdur ki, 70-80-cı illərdə dövlət təsərrüfatlarına Rusiya və Pribaltika ölkələrindən cins mal-qara gətirilirdi. Bu inəklər ətlik və südlük istiqamətində bəslənilirdi. Zəif inkişaf etmiş cavan mal-qara bir müddət kökəldilməyə bağlanıldıqdan sonra qəbul məntəqəsinə təhvil verilirdi. Südlük üçün yetişdirilən cins düyələr üçün xüsusi yem rasionu hazırlanırdı. Bu normaya qaba və şirəli yemlər, çiyid, kəpək və arpa yarması daxil idi. Bu cür yemləmə məhsuldarlığı artırır, inəyin çəkisinin normal qalmasına imkan verirdi. Cins inəklər gündə 25-30 litr süd verirdi. Kökəldilməyə bağlanmış heyvanlar isə 300-500 kiloqramdan dövlətə satılırdı.
Fermalarda cins buğalar yetişdirilirdi. Şəxsi təsərrüfatlarda da inəklər bu buğalar vasitəsilə mayalandırılırdı. Bu da şəxsi təsərrüfatlardakı inəklərin cins tərkibinin yaxşılaşmasına təsir göstərirdi. Dövlət təsərrüfatları dağılandan sonra fermalar dağıldı. Mal-qara necə gəldi paylandı. Odur ki, şəxsi təsərrüfatlarda da inəklərin cinsi ildən-ilə dəyişdi. İndi şəxsi təsərrüfatlarda   yerli cinsdən olan mal-qara   saxlanılır ki, bu da məhsuldarlığın ciddi surətdə aşağı düşməsinə səbəb olub. Təsərrüfatımda 6 baş inək bəsləyirəm. Yerli cinsdən olan heyvanlar az məhsuldardır. Belə demək mümkündürsə çəkdiyin zəhmətə dəymir. Düzdür, kəndlinin mal-qarası olmalıdır ki, ağartı üçün bazara qaçmasın. Ancaq gərək onun cins tərkibini yaxşılaşdırmağa da səy edəsən. Bunun üçün sağlam inəkləri mayalandırmaq vacibdir.
Bir məsələni də qeyd etmək istəyirəm. Son vaxtlar ali təhsilli zoobaytar mütəxəssislərə ehtiyac duyulur. Orta ixtisaslı mütəxəssislər mal-qaranın xəstəliyini düzgün müayinə edə bilmədiyindən heyvan çox vaxt tələf olur.
Hazırda qışlama davam edir. Havaların əlverişli keçməsindən istifadə edib mal-qaranı çölə buraxırıq. Bu da süd istehsalına müsbət təsir edir. Ancaq qarlı-çovğunlu günlərdə heyvanın tövləsi isti, yemi bol olmalıdır. Bu, həm heyvanın gümrahlığına, həm məhsuldarlığına müsbət təsir göstərir.

Keçidlər