Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Masallı rayon təşkilatının gənclərlə görüşü

01 fevral 2019 | 16:00

01 fevral 2019-cu il tarixdə YAP Masallı rayon təşkilatı aparatında 2 fevral-Azərbaycan Gəncləri gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq gəncləri təbrik etmiş və bildirmişdir ki, Azərbaycan gəncliyi ölkənin daxili ictimai-siyasi, həmçinin sosial-iqtisadi və digər sferalarında aktiv fəaliyyət göstərir, intellektual imkanları və kreativliyi ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir: “Azərbaycan gəncliyi ölkəmizi beynəlxalq aləmdə də layiqincə təmsil edir, dövlətimiz haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq nümayiş etdirir. Məhz bütün bunlar gəncliyimiz üçün dövlətimiz tərəfindən yaradılmış əlverişli imkanlar, verilmiş mükəmməl təhsil və özünü təsdiqləmək üçün ideal məkan əsasında ərsəyə gəlib. Müasir Azərbaycan gəncliyi unutmur ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq, bugünkü uğurlara məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində sahib olublar”.
Seyfəddin Əliyev vurğulamışdır ki, Azərbaycan dövlət quruculuğu sahəsində gənclərin müstəsna rolunu və 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumunun keçirildiyini nəzərə alaraq ümummilli liderimiz Heydər Əliyev 1 fevral 1997-ci ildə “2 Fevral – Azərbaycan gəncləri günü elan edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncam qüvvəyə mindiyi gündən hər il olduğu kimi bu il də Azərbaycan Gəncləri günü qeyd edilir.
YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Tofiq Əsgərov ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışaraq gənclər siyasətinin dövlət siyasətinin prioritet istiqamətinə çevrildiyini bildirib. Natiq vurğulayıb ki, Azərbaycan gənclərinin dünyanın aparıcı ali məktəblərində dövlətin dəstəyi ilə təhsil almaları, ixtisaslı kadrlar kimi ölkənin daha da qüdrətlənməsi istiqamətində fəaliyyət göstərmələri dövlətin onlara olan etibarının əyani göstəricisidir. Vaxtilə gənclərimizi xarici ölkələrin ali təhsil müəssisələrinə göndərməklə Azərbaycanın dünyada tanınması və təbliği üçün zəmin yaradan Ulu Öndərin ənənəsi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. İndi həmin kadrlar bu gün Azərbaycanın təcrübəli mütəxəssislərə olan tələbatını tam şəkildə ödəyirlər.
Gənc YAP üzvü Bəxtim Qarayev çıxışında qeyd etmişdir ki, hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir, həyatını qurarkən, özünü həyatda fəaliyyətə hazırlayarkən və sonra fəaliyyətə başlayıb onu davam etdirərkən özü haqqında, ailəsi haqqında düşünməli, ancaq hər şeydən əvvəl, hərşeydən çox müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir. Bu sözləri dünya və Azərbaycan tarixinə dahi şəxsiyyət kimi daxil olmuş müdrik dövlət xadimi və uzaqgörən siyasətçi Heydər Əliyev öz nitqlərinin birində söyləmişdir. Bu fikirlər gənc nəslin dövlətimizin həyatında oynadığı mühüm rolu ön plana çəkərək, Azərbaycan gənclərinə diqqətlə qayğı göstərilməsini dövlət və hökumət qarşısında əsas vəzifə olaraq qoymuşdur.
Tədbirdə iştirak edən gənc YAP üzvlərindən Leyla Baxışova, Orxan Dadaşov, Təskin Şahbazov və başqaları çıxış edərək qeyd etmişlər ki, bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. Gəncliyə göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir və bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir. Dövlətimizin bütün sahələrdə həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət nəticəsində Azərbaycan gəncliyi xoşbəxt və firavan gələcəyə doğru addımlamaqdadır.
Tədbirin sonunda partiya sıralarına yeni daxil olmuş gənclərə partiyanın üzvlük vəsiqələri təqdim olunmuş, partiya həyatında fəal iştirakına görə bir qrup gənclərə qiymətli hədiyyələr və fəxri fərmanlar verilmişdir.

Keçidlər