Şriftin ölçüsü :

Saytın rəngi :

Narkomaniyaya qarşı mübarizə idarəsinin rayon komissiyasının hesabatı

26 iyul 2014 | 15:00

26 iyul 2014-cü il tarixdə Masallı şəhər Heydər əliyev Nərkəzində Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Masallı rayon Komissiyasının 2014-cü ilin birinci yarımilində  gördüyü işlərin müzakirəsi barədə tədbir keçirilmişdir.

  Tədbirdə rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarının, hüquq - mühafizə orqanlarının rəhbərləri, ərazi nümayəndələri, bələdiyyə sədrləri, din xadimləri, məktəb direktorları, mərkəzi və yerli KİV-lərin, həmçinin ictimaiyyət nümayəndələri iştirak etmişlər.

  Tədbiri giriş sözü ilə Masallı rayon İcra hakimiyyəti başçısının I müavini Nadir Abıyev açaraq qeyd etmişdir ki, bugünkü yığıncağın əsas məqsədinin bəşəriyyət üçün faciəyə çevrilən narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizədə hər bir vətəndaş cəmiyyəti üzvünün fəal olmağa və onları bu sahədə maarifləndirməkdir. O, narkomaniyaya qarşı mübarizə sahəsində Prezident İlham Əliyevin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı”nın icrası məqsədilə Sərəncam imzaladığını və bu sənəddən irəli gələn vəzifələrin daim diqqət mərkəzində olduğunu nəzərə çatdırmışdır. 

  Sonra Komissiyanın katibi, Masallı rayon İcra hakimiyyəti başçısı aparatı Hüquq şöbəsinin məsləhətçisi Hikmət Xəlilov narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Masallı rayon Komissiyasının 2014-cü ilin birinci yarımilində  gördüyü işlər barədə məruzə ilə çıxış etdi. O, bildirdi ki, öz işimizi Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”dan irəli gələn vəzifələrin icrasını uğurla həyata keçirməyə çalışır. Belə ki, rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması işləri aparılmış, narkotiklərin insan orqanizminə vurduğu ziyanlar haqqında hüquq mühafizə orqanlarının, Mərkəzi Rayon Xəstəxanasının, Rayonun Gənclər və İdman İdarəsinin birgə fəaliyyəti təşkil edilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində komissiyanın üzərinə düşən vəzifələrin icrası məsuliyyətlə həyata keçirmişdir. Narkomaniyaya meylli şəxslərin aşkar olunaraq uçota alınması və onların müalicəsi istiqamətində Masallı rayon Mərkəzi Xəstəxanası tərəfindən görülən işlər Komissiya tərəfindən nəzarətə götürülmüşdür.
Bu sahədə olan xəstələrin dəqiq siyahısı əldə olunmuş və yeni aşkar olunan xəstələrin kortatekası təşkil edilmişdir. Hal-hazırda narkoloji dispanserdə 351 şəxs ”narkoman-xəstə” diaqnozu ilə, 71 nəfər profilaktiki qeydiyyatda durur. Xronik alkoqolizmlə 51 nəfər qeydiyyata alınmışdır.  Toksikomaniyaya meylli xəstələri vaxtında aşkar etmək, müalicə və profilaktika tədbirləri həyata keçirmək, güclü təsirə malik dərman preparatlarının yazılması, alınması, saxlanılması, aptek şəbəkəsindən buraxılması xüsusi komissiya tərəfindən yoxlanılmışdır. Narkotik dərmanlara ehtiyacı olan xəstələrə, bəd xassəli şişləri olan xəstələrə, müvafiq dispanserlərdə yoxlandıqdan sonra dərmanların yazılması, işlədilməsi nəzarət altında aparılmış və işlədilmiş ampulalar vaxtlı-vaxtında yığılaraq komissiya vasitəsi ilə ləğv edilmişdir.
  Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Masallı rayon Komissiyası narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə Masallı Rayon Polis Şöbəsi ilə qarşılıqlı əlaqələrin qurulmasını və əhali arasında maarifləndirmə işinin birgə təşkilini təmin etmişdir. 2014-cü ilin ötən dövrü ərzində Masallı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində 18 fakt aşkar olunmuşdur.
  Aşkar olunmuş həmin faktlardan 9-u satış məqsədi olmadan, 4 fakt satış məqsədi ilə və 5 fakt qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiyası(61 ədəd kol, 8 kq 220 qram) olmuşdur. Həmin faktlar üzrə ümumilikdə qanunsuz dövriyyədən 990,069 qram narkotik vasitə və 1.805 qram psixotrop dərman preparatları çıxarılmışdır. 
  Qafqaz Müsəlmanları İdarəsinin Cənub bölgəsi üzrə qazisi   Hacı Mirqiyas Təhməzov, rayon Veteranlar Şurasının sədri Məmmədağa Şiriyev, Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, Masallı Rayon Polis rəisinin müavini Haqverdi Zeynalov və başqaları çıxışlarında narkomaniyanın dəhşətli fəsadlarından danışmış, gəncləri və yeniyetmələri pis vərdişlərdən uzaq olmağa səsləmişlər. Natiqlər  “ağ ölüm” adlandırılan və bəşəriyyət üçün ən qorxulu ictimai bəla olan narkomaniyanın bu gün dünyanın qlobal problemlərindən birinə çevrildiyini vurğulamışlar. Masallı rayonunda, kənd və qəsəbə ərazilərində vaxtaşırı olaraq maarifləndirici tədbirlər təşkil edilir. Bu da narkomaniyaya qarşı mübarizə baxımından mühüm əhəmiyyətə malikdir. Lakin görülən işlərlə kifayətlənmək olmaz.  Narkomaniyaya qarşı mübarizənin fəaliyyət dairəsini daha da genişləndirmək lazımdır.
  Tədbir iştirakçılarına cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, dəyərli məsləhətlər verilmişdir. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Masallı rayon Komissiyasının 2014-cü ilin birinci yarımilində  gördüyü işlərin müzakirəsinin sonunda tədbir iştirakçılarının təklifləri dinlənilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər