Şriftin ölçüsü :

Saytın rəngi :

“Dəfinə” məktəb-liseyində “Son zəng” günü

14 iyun 2021 | 16:00

14 iyun 2021-ci il tarixdə, Masallı şəhərindəki “Dəfinə” məktəb-liseyinin də həyəti “Son zəng” günü bayramsayağı bəzədilib.

Tədbir başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Sonra torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Məktəbin direktoru Taleh Əkbərov təhsil ocağının nailiyyətlərindən, şagirdlərin müvəffəqiyyətindən danışıb, məzunları təbrik edərək onlara növbəti imtahanlarda uğurlar diləyib.

Dövlət başçısının rəhbərliyilə inkişaf edən Azərbaycan dövlətinin məzunlar qarşısında geniş üfüqlər açıldığını vurğulayan Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova onbirincilərə müstəqil həyat yolunda yüksəlişlər arzulayıb.

Tarix üzrə fəlsəfə doktoru, “Tərəqqi” medallı Mürvət Abbasov, Əməkdar müəllimlər Əhməd Məmmədov, Firdovsi Dəyyanov, məktəbin direktor müavini Afət Rzayeva bu günün hər bir insanın həyatında əlamətdar hadisə olduğunu qeyd edib, şagirdlərinə müstəqil Azərbaycana layiqli vətəndaş olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı tövsiyə ediblər.

Müəllimləri qarşısında çıxış edən məzunlar onlara göstərilən qayğıya vətənə sədaqət nümayiş etdirməklə cavab verəcəklərini inamla ifadə ediblər.

Onbirincilər mahnılar oxuyub, şeirlər söyləyiblər.

Sonra məzunlar üçün “Son zəng" səslənib.

Musiqili-nəğməli son zəng mərasimi xoş təəssüratlarla yadda qalıb.

Keçidlər