Şriftin ölçüsü :

Saytın rəngi :

"Mədəniyyət kəndlərdə" layihəsinin növbəti tədbiri

25 sentyabr 2021 | 16:00

"Mədəniyyət kəndlərdə" layihəsinin növbəti tədbiri keçirilib.

Masallı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə həyata keçirilən "Mədəniyyət kəndlərdə" layihəsinin növbəti tədbiri keçirilib. Sentyabrın 24-də olan tədbirin budəfəki ünvanı Cəlilabad rayonunun özünəməxsus mədəniyyət və incəsənət ənənələri ilə fərqlənən Alar kəndi olub. Tədbirdə mədəniyyət işçiləri, rayon ziyalıları, mətbuat nümayəndələri, yerli sakinlər və digər ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov layihənin məqsədləri və bu çərçivədə planlanan gələcək işlərdən danışıb. Layihədə iştirak edən yaradıcı gənclərə uğurlar arzulayan İdarə rəisi, tədbirin təşkil olunmasında əməyi olan yerli təşkilatçılara da minnətdarlıq ifadə edib.

Sonra Alar kəndinin və onun çoxcəhətli mədəniyyət tarixi, yerli mədəni ənənələr, folklor irsi, o cümlədən el sənətkarları, incəsənət adamları barədə tədbir iştirakçılarına məlumat verilib.

Daha sonra tədbirin bədii hissəsinə başlanılıb. Əvvəlcə, "Alar" Xalq folklor ansamblının ifasında vətənpərvərlik və şəhidlik məqamını tərənnüm edən bayatılar deyilib, gənc mədəniyyət könüllüləri vətən mövzusunda şeir kompozisiyaları səsləndiriblər. Bununla yanaşı, Alar kəndindən olan şəhid ailələrinin gənc üzvləri, müharibə iştirakçıları və məktəblilər öz musiqi ifaları, həmçinin hazırladıqları rəsm və zövqlü əl işləri ilə layihəyə töhfə veriblər. Muzey və digər mədəniyyət müəssisələri isə müxtəlif sahələri əhatə edən qədim əşyalardan tərtib olunmuş sərgi ilə tədbirdə təmsil olunublar.

Sonda mədəniyyət tədbirlərində fəal iştirak edən bir qrup istedadlı gəncə İdarənin "Təşəkkürnamə"si təqdim edilib.

Xatırladaq ki, kəndlərdəki mədəniyyət müəssisələrinin fəaliyyətinin gücləndirilməsi, habelə istedadlı gənclərin aşkar olunması və yaradıcı potensialının dəstəklənməsi məqsədilə həyata keçirilən layihənin ilk tədbiri sentyabr ayının əvvəlində Masallı rayonunun Mahmudavar kəndində keçirilib.

Keçidlər