Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı şəhər 1 saylı tam orta məktəbində "Son zəng" həyəcanı

14 iyun 2017 | 16:00

14 iyun 2017-ci il tarixdə R.Əlihəsənov adına Masallı şəhər şəhər 1 saylı tam orta məktəbində "Son zəng" tədbiri keçirilmişdir.  “Məktəb illəri... Ömrün ən şirin duyğulu, qayğısız günləri”. Onbir ilin fərəhi, sevinci son zəngin sədalarında, onun xoş, ürəyəyatımlı, xatirələr dolu simfoniyasında səslənir. Son zəng birincilər üçün məktəblə ilk görüş, onbirincilər üçün müstəqil həyata səsləyən çağırışdır. Müəllimlərin, şagirdlərin, valideynlərin fərəhinə dönən son zəng mərasimi R.Əlihəsənov adına şəhər 1 nömrəli tam orta məktəbində də rəngarəng tədbirlərlə yadda qalmışdır.
Tədbirin əvvəlində Azərbaycan Respublikası Dövlət Himni səsləndirilmişdir.
Tədbirləri giriş sözü ilə açan “Tərəqqi” və “Vətən naminə” medallı əməkdar müəllim Mirqabil Hüseynov təhsilimizə göstərilən diqqət və qayğıya, gənc nəslə verdikləri dəyərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə etdi. Bildirdi ki, çalışdıqları təhsil ocağı bu qayğının nəticəsində əsaslı təmir edilib, yenidən qurulub, kifayət qədər texniki vəsaitlə təmin edilib. Bütün bu işlərdə dəstəyinə və təhsilə qayğıda rayon rəhbəri Rafil Hüseynovun da böyük əməyini qeyd edən natiq ona da minnətdarlığını da ünvanladı.
Məktəb rəhbərlərindən Mirxanım Hüseynova məzunları təbrik etdi, onlara həyat yollarında uğurlar arzuladı. O, təhsil ocağının tədris ilində qazandığı uğurlardan danışıb bildirdi ki, arpel və may aylarında keçirilən test imtahanları zamanı məktəbin 50 məzunu ali məktəblərə qəbul üçün nəzərdə tutulan balı yığa bilmişdir. Məktəbin məzunu Bəhlul Bəhlulzadə 641, Kənan Qədirli 627, Aksana 591 bal toplamışlar.
RİH başçısının müavini Nəsir Muxtarlı məktəbin müəllim və şagird kollektivini RİH başçısı Rafil Hüseynovun adından salamladı, məzunlara həyatda uğurlar arzuladı. Təhsilin prioritet sahə olduğuna diqqət çəkən sözçü bildirdi ki, son illər Masallıda 50- dən artıq məktəb ya yenidən tikilmiş, ya əsaslı təmir olunmuşdur.
1 saylı məktəbi Masallı təhsilinin siması kimi dəyərləndirən sözçü məktəbin 2000-ə qədər şagird kontingenti olduğunu bildirib onların təlim-tərbiyəsində müəllimlərin böyük əməyi olduğunu qeyd etdi.
Natiq məzunlara müraciətlə dedi:
-Son zəng nəsillərin yeniləşməsi, estafetidir. Siz məzunların 11 ildə öyrəndiyi biliklər sabah gərəyiniz olacaq. Biz hamımız Azərbaycanın uğurları üçün çalışmalıyıq. Bu böyük vəzifəni qarşınızda məqsəd qoyun!
RİH başçısının Masallı şəhər ərazi dairəsi üzrə nümayəndəsi Kamal Mazanov, Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov, ATİAHİ rayon təşkilatının sədri Səfail Eyvazov, məktəb həmkarlar təşkilatının sədri Əlişir Bəşirov, yüksək bal toplamış Bəhlul Bəhlulzadənin anası Mənsuma xanım, ibtidai sinif müəllimləri Aminə Mehdiyeva, Səbinə Muxtarova məzunları təbrik edirlər.
Ürək sözləri, şən mahnılar, rəqslər bir-birini əvəz edir. Beş yaşlılar rəmzi zəngləri səsləndirdikcə məktəb həyətindəki geniş meydan daha da canlanır.
1X “a” sinif şagirdləri onbirincilərə mahnı sürprizi təqdim edirlər. 5 yaşlı Nisə Həşimova rus dilində, onun həmyaşıdları Mehriban Əliyeva, Məmməd Əli azərbaycanca şeirlər səsləndirirlər.
Müəllim Röya Babayevanın rəhbərlik etdiyi 5 yaşlılardan ibarət rəqs qrupu tamaşaçıların alqışları ilə qarşılanır.
XI b sinif şagirdlərinin ifa etdikləri “ Son zəng” mahnısı toplaşanlara yeni ovqat bəxş edir.
F.İsmayılov, A.Xəlilova, Ü.Hüseynova, R.Səfərova, S.Bünyatovanın rəhbəri olduqları onbirincilər daha fəaldırlar. Onların azərbaycan və rus dillərində oxuduqları “Əlvida məktəb” mahnıları xatirələri təzələyir.
Yüksək bal toplamış B.Bəhlilzadə, K.Qədirov, Aksana çıxışlarında qazandıqları uğurlardan danışırlar.
Ən maraqlı səhnə 87 məzunun birincilərə hədiyyə təqdim etdiyi anlar olur.
Şeirlər, mahnılarla başlanan anlar rəqslərlə sonuclanır. Şagirdlərin illərinin başlancğıcı ilə son zəngin bir-birini tamamladığı kimi. Birincilər arzularının təzə-təzə iz saldıqları məktəbdə topladıqları kimi məzunlar onu böyük həyat və təhsilə gedən yolda tapmaq üçün səfərə çıxırlar.

Keçidlər