Şriftin ölçüsü :

Saytın rəngi :

BORADİGAH QƏSƏBƏSİNDƏ "ERKƏN NİKAHLARA YOX DEYƏK" DEVİZİ ALTINDA TƏDBİR

12 iyun 2013 | 15:00

Erkən nikahlar cəmiyyətin üçün ciddi problemlər yaradır. Bu faciə insan həyatını iflic edir, genefondumuza zərbə vurur. Onun törətdiyi bəlalar təkcə bir nəsildə təzahür etmir, gələcək nəsillər üçün də faciəyə dönür.

Masallıda erkən nikahlarla mübarizədə cəmiyyət dövlət rəsmiləri ilə birgə mübarizəyə qalxmışdır. Bir-birindən əhatəli tədbirlərdə, kəskin söhbətlərdə erkən nikahların doğurduğu bədbəxtliklər göstərilməklə valideynlər təlimatlandırılır, maarifləndirmə işləri görülür, belə halların qarşısının alınması yolunda işlər aparılır. Bu yaxınlarda rayonun bir sıra qəsəbə və kəndlərində keçirilən tədbirlər “Erkən nikahlara yox deyək!” kompaniyasına dönmüşdür.

            Belə tədbirlərdən biri də 11 iyun 2013-cü il tarixdə Boradigah qəsəbəsində təşkil olunmuşdur.

Tədbirdə qəsəbə ağsaqqalları, ziyalılar, valideynlər, gənclər və məktəblərin yuxarı sinif şagirdləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov toplaşanları erkən nikahlara qarşı ciddi mübarizəyə səslədi, həyəcan təbili çaldı. Rayon rəhbəri valideynləri tərəfindən erkən nikahlara təhrik edilən gənclərin ilk növbədə Konstitusiya hüquqlarının pozulduqlarını diqqətə çatdırdı. Bildirdi ki, rayonda belə hallara qarşı ciddi mübarizə nəticəsində bu sahədə müəyyən irəliləyişlər var. Bəzən erkən nikahlıların toyu dayandırılır. Bu qorxulu kabus ilk növbədə insan həyatı üçün faciədir. Bir sıra ciddi sosial-problemlər yaradır. Erkən doğuş vaxtı  fiziki hazırlıq bir yana, mənəvi cəhətdən də yetişməyiblər: qayınata-qayınana münasibətləri saxlamaq, ailəyə nüfuz etmək, ana olmaq, övlad böyütmək iqtidarında da deyillər. Rayon rəhbəri hamını bu faciəyə qarşı mübariz olmağa çağırmışdır.  Rayon mərkəzi xəstəxanasının baş həkimi Cəlil Nəzərov göstərmişdir ki, belə nikahlar zamanı anaların doğuş vaxtı ölüm riski daha çox olur. Doğuşların 98 faizində ana və ya uşağın ciddi zədə alması ilə nikahda olanların sağlamlığında və nəsil artırmada böyük problemlər yaranır. Rayon ağsaqqallar şurasının sədri Cavanşir Əsədov ağsaqqal, ziyalı mövqeyindən toplaşanlara müraciət edib onları erkən nikahlara qarşı rayon rəhbərinin prinsipiallığını daha fəal dəstəkləməyə çağırdı. Rayon prokuroru Fikrət Əsgərov, rayon polis şöbəsinin rəisi Nəriman İmanov göstərdilər ki, erkən nikahlar vətəndaşın bir sıra hüquqlarının pozulması deməkdir. Xüsusilə bu yaşda olanlara dövlət nikahı düşmür və sonradan tərəflər arasında narazılıq yarananda münasibətləri tənzimləmək bir sıra ciddi çətinliklər yaradır. Qəsəbə ərazi nümayəndəsi Nəcməddin Quliyev, əmək veteranı Musarza Kazımov, Boradigah qəsəbə xəstəxanasının baş həkimi Aygün Quliyeva, ağsaqqal Məmməd Qurbanov və başqaları çıxış edib tədbirin qəsəbədə keçirilməsinə görə rayon rəhbərinə minnətdarlıqlarını bildirdilər. Söz verdilər ki, bu aktual məsələyə  biganə qalmaq olmaz, bu sahədə rayon rəhbərinin qəti mövqeyini daimi müdafiə edəcəklər. Tədbiri yekunlaşdıran R. Hüseynov bu sahədə tövsiyələrini verib dedi:

- Onsuz da belə hallardan xəbər tuturuq, qarşısını alırıq. Bəs valideyn məsuliyyəti, insanların övladının sağlam gələcəyi istəyi?

Keçidlər