Mədəniyyət
Masallı mədəniyyəti barədə
Masallıda Mədəniyyət idarəsi 1946-cı ildə yaranmışdır. Əvvəllər Mədəni-maarif şöbəsi, 1953-cü ildən Mədəniyyət şöbəsi, 2006-cı ildən isə Mədəniyyət və Turizm şöbəsi adlandırılmışdır. Hal hazırda 32 klub müəssisəsi, o cümlədən 1 rayon, 9 kənd mədəniyyət evi, 22 kənd klubu, 1 rayon mərkəzi kitabxana və onun 1 şəhər, 2 qəsəbə və 44 kənd kitabxana filialı, XI illik incəsənət məktəbi, Heydər Əliyev Mərkəzi, Tarix diyarşünaslıq muzeyi, Rəsm qalereyası, 168 Tarix və Mədəniyyət abidələri, 33 turist obyekti fəaliyyət göstərir. Rayonun klub müəssisələrində 83 bədii özfəaliyyət kollektivi fəaliyyət göstərir ki, bura 1976 nəfər həvəskar cəlb edilmişdir. Həmin kollektivlərdən ikisi xalq kollektivi adını daşıyır. Bunlar rayon mədəniyyət mərkəzinin Xalq teatrı və Mahmudavar kənd folklor evinin “Halay” folklor xalq mahnı və rəqs kollektividir ki, bu kollektiv artıq 50 ildən çoxdur ki, fəaliyyət göstərir və dünyanın 28-dən çox ölkəsində Azərbaycanı uğurla təmsil etmişdir. Masallı rayonunda ilk kitabxana Muzdurlar komitəsinin üzvlərindən biri Abı Mirzəyev, Qulamhüseyn Məmmədov, Həsənağa Kərimovun təşəbbüsü ilə ayrı-ayrı adamlardan toplanmış 250 nüsxə kitabı olan kitabxana kiçik bir otaqda yerləşdirilmişdir. 1978-ci ildə Rayon Mərkəziləşdirilmiş kitabxana Sistemi yaradılmışdır. Masallı rayon MKS-nin tərkibində 1 mərkəzi, 2 qəsəbə, 1 şəhər və 44 kənd kitabxana filialları fəaliyyət göstərir.