Şriftin ölçüsü :

Saytın rəngi :

Duluzçuluq

Hər bir xalqın tarixi yaratdığı sənətkarlıq nümunələrində öz əksini tapır. Xalqımızın belə sənətkarlıq nümunələrindən biri də dulusçuluq sənətidir. Dulusçuluq Azərbaycanda ən qədim istehsal sahələrindən biri olmaqla, öz əhəmiyyətini günümüzə qədər qoruyub saxlayıb. Arxeoloji tədqiqatlar təsdiqləyir ki, dulusçuluq sənəti Neolit dövrünün yadigarıdır.

Müasir dövrdə də bu qədim peşəni qoruyub saxlayan sənətkarlar var. Belə sənətkarlardan biri də Masallı rayon Ərkivan kənd sakini Cəsarət Nuriyevdir. O, bir əsrlik ailə peşəsini davam etdirərək 50 ilə yaxındır ki, dulusçuluqla məşğuldur.

Masallıda çox az adamın məşğul olduğu bu peşəni atasından öyrənən sənətkarın əl işləri hər kəs tərəfindən maraqla qarşılanır.

Cəsarət ustanın sözlərinə görə, düzəldilən hər bir qab və fiqur diqqət və zəhmət tələb edir. Hazırda o, məişətdə istifadə olunan müxtəlif növ saxsı qablar hazırlayıb satmaqla məşğuldur. Ailəsini bu peşə ilə dolandıran usta əsasən dolça, piti qabları, dibçək, güldan, küp və qazanlar hazırlayır ki, bunlara da məişətdə, eləcə də kənd yerlərində daha çox ehtiyac var.

Onun əl işləri müxtəlif festivallarda nümayiş olunub. 2004 -cü ildə Rusiyanın Yekaterinburq şəhərində keçirilən Palçıq günü yarışmasında birinci yerə sahib çıxıb.

Keçidlər