TƏKLƏ ƏRAZİSİNDƏ SƏYYAR QƏBUL
11 oktyabr 2017-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısı cənab Rafil Hüseynovun səyyar qəbulu Təklə ərazisində keçirilmişdir. Təklə ərazisi Təklə, Xoşçobanlı, Sığıncaq, Mollahəsənli və Masallı stansiyası yaşayış məntəqələrini əhatə edir.
Sığıncaq kənd tam orta məktəbində təşkil olunmuş görüşü Masallı RİH - nin başçısı cənab Rafil Hüseynov açaraq əhalini salamlamış, respublikamızda və eləcə də rayonumuzda görülən işlərdən danışmış, möhtərəm Prezidentimiz tərəfindən regionlara göstərilən yüksək diqqət və qayğını nəzərə çatdırmış, həmçinin ərazidə gəlirli kənd təsərrüfatı sahələrinin bugünkü inkişafından bəhs etmişdir.
Rayon rəhbəri sonra əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir. Sakinlərdən Cavanşir Əhmədov, İldırım Əsgərov, Ağababa Abbasov və başqaları çıxış edərək özlərinin xahiş və müraciətlərini səsləndirdilər.
Sakinlər ərazidə görülən abadlıq-quruculuq işlərinə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Görüşdə həmçinin Təklə kənd bələdiyyəsinin sədri Tural Bəşirovun seçicilər qarşısında hesabatı dinlənilmişdir. Məruzəçi bildirmişdir ki, 2014-cü ildə bələdiyyə seçkiləri keçirilərkən 11 nəfər bələdiyyə üzvü seçilmişdir. Bələdiyyə üzvlərinin böyük səs çoxluğu ilə Bələdiyyə sədri seçilmişəm.
Təklə bələdiyyəsi öz işini “Bələdiyyənin statusu haqqında” qanunu rəhbər tutaraq qurmuşdur. Bələdiyyənin fəaliyyətini özündə əks etdirən illik və rüblük iş planları hazırlanaraq təsdiq olunmuş, vətəndaşlar tərəfindən daxil olan yazılı və şifahi müraciətlər kitabı hazırlanmışdır. Vətəndaşlar tərəfindən yazılı və şifahi müraciət daxil olmuş, bütün müraciətlər qanunamüvafiq həll olunmuşdur.
Ərazidə görülən işlərlə yanaşı görəcəyimiz işlər və qarşıda duran vəzifələrimiz də çoxdur. Ərazidə yararsız elektrik şəbəkəsinin yenisi ilə əvəz edilməsi, kənd təsərrüfatı üzrə yeni əkinçilik strukturunun yaradılması, zəbt edilmiş torpaqların zəbtdən azad edilməsi və bu kimi məsələlərin həlli qarşıda duran vəzifələrimizdir.
Sizi əmin edim ki, Təklə bələdiyyəsi bundan sonra da verilmiş tapşırıqların yerinə yetirilməsinə, ərazinin sosial problemlərinin həll olunmasına bütün qüvvə və bacarığını sərf edəcəkdir.
Görüşü yekunlaşdıran Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Rafil Hüseynov verilən təkliflərin nəzərə alınacağını qeyd etmiş, aidiyyəti təşkilat rəhbərlərinə tapşırıqlar vermiş və müvafiq köməklik göstəriləcəyini vurğulamışdır.