Masallıda bələdiyyə işçilərinin hüquqi mövzuda maarifləndirilməsi
26 oktyabr 2017-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə cənub bölgəsinin bələdiyyə işçiləri üçün hüquqi mövzuda maarifləndirmə kursu keçirilib.
Tədbirdə Astara, Lənkəran, Masallı, Cəlilabad, Yardımlı və Lerik rayonlarının bələdiyyə üzvləri və qulluqçuları iştirak ediblər.
Təlim kursunda Ədliyyə Akademiyasının vəkillərin ixtisaslaşdırma və peşəyə buraxılış fakültəsinin baş məsləhətçisi, ədliyyə müşaviri Qalib Məmmədovun “Bələdiyyə qulluğu, bələdiyyə qulluğuna qəbulun xüsusiyyətləri və bələdiyyə qulluqçularının etik davranış qaydaları”, cinayət prosesi kriminalistika və məhkəmə ekspertizası kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru, ədliyyə müşaviri Mətanət Əsgərovanın “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət”, bələdiyyə, dövlət və qeyri-dövlət qurumları üçün hazırlıq fakültəsinin baş məsləhətçisi, birinci dərəcəli ədliyyə qulluqçusu Samir Nuriyevin “Bələdiyyə torpaqlarının idarə edilməsi əsasları, bələdiyyə torpaqlarının istifadəsinə və mühafizəsinə nəzarətin xüsusiyyətləri” mövzusunda məruzələri dinlənilib.
Sonda bələdiyyə üzvlərini və qulluqçularını maraqlandıran suallar cavablandırılıb.