Şriftin ölçüsü :

Saytın rəngi :

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günüdür. Bizim bayrağımız qürur mənbəyimizdir

09 noyabr 2017 | 16:00

Bayraq, gerb və himn hər bir ölkənin rəsmi dövlət atributu sayılır. Azərbaycanın üçrəngli Milli  Bayrağı həm də müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir.
Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilmişdir. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi və Bakıda fəaliyyət göstərmək qeyri-mümkün idi. Azərbaycan hökuməti Bakıda yalnız 15 sentyabr - şəhər türk qoşunlarının köməyi ilə düşmən qüvvələrdən təmizləndikdən sonra fəaliyyət göstərə bildi. Hökumətin Bakıda fəaliyyətə başlamasından az sonra, yəni 1918-ci ilin noyabrında Nazirlər Şurası tərəfindən Azərbaycan bayrağının göy, qırmızı və yaşıl rənglərdən, mərkəzdə ağ aypara və səkkizguşəli ulduzdan ibarət olması barədə qərar qəbul olundu...
Həmin bayraq bir də 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.
Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində respublikamızda anarxiyanın, özbaşınalığın qarşısı alınmış, ictimai-siyasi sabitlik təmin edilmiş, ölkənin parçalanmasına yönəlmiş separatçı cəhdlər uğursuzluğa düçar olmuşdur. Üçrəngli bayrağımızın ikinci dəfə dövlət rəmzi kimi təsbit edilməsi də ulu öndər Heydər Əliyevin  rəhbərliyi ilə hazırlanan, 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında da öz əksini tapmışdır.
Azərbaycan bir çox nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının tamhüquqlu üzvüdür. Üçrəngli milli bayrağımız Avropanın mərkəzində dalğalanmağa, bizim varlığımızı, gücümüzü bütün dünyaya tanıtmağa başlayıb. Ulu öndərimiz Heydər Əliyev Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi ilə əlaqədar keçirilən təntənəli mərasimdəki çıxışında Milli Bayrağımızın çox böyük önəm daşıdığını bir daha vurğulamışdır: "Bu dəqiqələrdə biz tarixi anlar yaşayırıq. Az sonra Azərbaycanın bayrağı Avropa Şurası Sarayının önündə dalğalanacaqdır. Bu bayrağın rənglərindən birinin mənası müasirləşmək, yəni avropalaşmaqdır. Xoşbəxtik ki, hamımızın ümumi səyləri ilə bayrağımız bir daha öz həqiqi mənasına qovuşur, öz həqiqi yerini tutur".
Ümummilli liderin bizə ərməğan qoyduğu müasir müstəqil Azərbaycanda onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin milli ideallara bağlılığı həm də üçrəngli bayrağımıza münasibətdə açıq-aydın görünür. "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə"yə edilmiş əlavə və dəyişikliklərin təsdiqlənməsi, "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Qanunun imzalanması da bu yüksək ehtiramın ifadəsidir.
Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı digər bir Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi ucaldığı 9 noyabr (1918-ci il) tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edilmişdir. 2010-cu ildən etibarən noyabrın 9-u hər il respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılışı Prezident İlham Əliyevin bir daha dövlət rəmzlərimizə verdiyi dəyərin bariz nümunəsidir. Dünyanın ən uca bayrağı Bakıda Dövlət Bayrağı Meydanında dalğalanan Azərbaycan bayrağıdır. Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində qoyulmuşdur.
İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır.
Dövlət Bayrağı Meydanının açılışı və Dövlət Bayrağının təntənəli qaldırılması 2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilmişdir.
Dövlətimizin başçısının həmin mərasimdə səslənən tarixi nitqində deyilir- "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına! Yaşasın, Azərbaycan!"

 

BAYRAMINIZ MÜBARƏK!

Keçidlər