Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Qurtuluş günü və II Beynəlxalq Folklor Festivalının yekunu

16 iyun 2013 | 15:00

13 iyun 2013-cü il tarixdə Masallı şəhərində Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar II Beynəlxalq Folklor Festivalının açılış mərasimi keçirilmişdir. Festival rayon İcra hakimiyyətinin başçısı, Mədəniyyət və Turizm Nazirinin müavini, xarici ölkə səfirlərinin eləcədə rayonun hüquq mühafizə orqanı, ziyalıları, ağsaqqalları, idarə, müəssisə və təşkilat rəhbərlərinin Ulu öndər Heydər Əliyevin abidəsi önünə təzə tər çiçəklərin düzülməsi ilə başlanılmışdır.
  Sonra Azərbaycan, Türkiyə, İran, Gürcüstan, Rusiya, Dağıstan, Latviya, Ukrayna və Qazaxıstanın folklor qrupları Masallı rayon İcra hakimiyyətinin qarşısındakı meydana toplaşaraq II Beynəlxalq Folklor Festivalına start verdilər. Bütün folklor qrupları öz ölkəsinin folklor nümunələrini nümayiş etdirdikdən sonra rayonun Nizami parkı istiqamətində möhtəşəm yürüşə başladılar. Tədbir iştirakçıları rayon Gənclər Mərkəzinin qarşısında Azərbaycanın və eləcədə cənub bölgəsinin müxtəlif sənətkarlıq nümunələri, milli mətbəximiz, əl işləri, toxuculuq, rəsm qaleriyaları və yazarlarımızın əsərləri ilə əhatələnmiş sərgi ilə tanış olmuşlar.
  Festivalın konsert proqramı axşam saatlarında Masallı şəhərindəki Heydər Əliyev parkında qonaq ölkələrin və respublikamızın müxtəlif bölgələrinin folklor qruplarının çıxışları ilə davam etmişdir.
  Masallı şəhərində Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar təşkil edilmiş II Beynəlxalq Folklor Festivalı 14 iyun 2013-cü il tarixdə rayonun Həsənli və Hişkədərə kəndlərində təntənəli şəkildə qeyd edilmişdir. O cümlədən Heydər Əliyev parkında “Masallı Folkloru”, “Masallı” ensiklopedik toplu və “Masallı Folklor örnəkləri” kitablarının təqdimat mərasiminin keçirilməsi bayram sevincinə öz xoş töhfəsini verdi.
Təqdimat mərasimində Bakıda və Masallıda yaşayan ziyalılar, ədəbiyyatşünaslar, folklorçular, alimlər, şairlər, yazıçılar və jurnalistlər iştirak etmişlər. Mərasimi giriş sözü ilə açan Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov mədəniyyətimizin dünya mədəniyyətinə inteqrasiyası, xalqlar arasında mədəniyyətlərarası dialoqun yeni müstəvidə tərəqqisinə nail olmağın vacibliyini vurğulayıb. Natiq çıxışında kitabı tədbir iştirakçılarına təqdim edərək qeyd etdi ki, bu kitablar Masallının folkloru, tarixi, ədəbiyyatı, adət-ənənələri, yaşam tərzi haqqında sanballı bir salnamədir, ensiklopedik toplumdur.
Sonra veteran Əliəşrəf Niftiyev,  professor Fərahim Sadıqov, professor Füzuli Bayat, professor Musa Quliyev, Ağsaqqallar Şurasının sədri Cavanşir Əsədov və başqaları kitabların mühüm əhəmiyyətindən danışdılar.
Sonda tədbir iştirakçılarına kitablar paylanıldı və tədbir iştirakçıları kitabların ərsəyə gəlməsinə görə müəlliflərə və rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər.
15 iyun 2013-cü il tarixdə 15 iyun Milli Qurtuluş günü və II Beynəlxalq Folklor Festivalının bağlanış mərasimi ilə əlaqədar olaraq səhər saatlarında rayon İcra hakimiyyətinin başçısı, , hüquq mühafizə orqanı, ziyalıları, ağsaqqalları, idarə, müəssisə və təşkilat rəhbərləri Ulu öndər Heydər Əliyevin abidəsi önünə təzə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad etmişlər. Sonra gələn qonaqlar rayonumuzun gəzməli-görməli yerlərini, turizm mərkəzlərini, tarixi ərazilərimizi, muzeylərimizi və istirahət guşələrimizi gəzərək bayram günündən xüsusi zövq almışlar. Gəzintidən sonra rayonun Heydər Əliyev parkında Qurtuluş günü və II Beynəlxalq Folklor Festivalının bağlanış mərasiminə həsr edilmiş möhtəşəm konsert proqramı tədbir davam etdi. İlk  öncə rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov xarici ölkə səfirlərini və konsullarını ənənəvi xatirə hədiyyələri ilə sevindirdi. Eyni zamanda qonaqlarda rayon rəhbərinə öz simvolik hədiyyələrini təqdim etdilər. Sonra bütün folklor qrupları rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov tərəfindən müxtəlif hədiyyələr ilə mükafatlandırıldılar. Mükafatlandırmadan sonra Qurtuluş günü və II Beynəlxalq Folklor Festivalının bağlanış mərasiminə həsr edilmiş konsert proqramı başlanıldı. Qonaq ölkələrin folklor qrupları və respublikamızın folklor qrupları öz rəngarəng çıxışları ilə tədbirə xüsusi rəng qatdılar. Möhtəşəm konsertin sonunda göz oxşayan atəşfəşanlıq bayrama öz son nöqtəsini qoysa da gələn qonaqların və bütün tədbir iştirakçlarının eləcədə tamaşaçıların yaddaşlarında silinməz bir xoş xatirə kimi qaldı.

Keçidlər