Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda heyvandarlığın inkişafina dair zona müşavirəsi keçirilib

29 noyabr 2017 | 16:00

29 noyabr 2017-ci il tarixində Masallı rayonunda Strateji Yol Xəritəsinin icrasına dair zona müşavirəsi keçirilib.

Müşavirə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin 2.2.2 bəndində nəzərdə tutulan intensiv ferma modeli əsasında iri heyvandarlıq komplekslərinin yaradılmasının təşviqi və digər məsələlərlə bağlı rayonlarda həyata keçirilən bir sıra tədbirlərə həsr olunub.
Zona müşavirəsində Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonlarından fermerlər, ailə-kəndli təsərrüfat sahibləri, iri heyvandarlıq komlekslərinin, istehsal və emal müəssisələrinin nümayəndələri, kənd təsərrüfatı idarələrinin, süni mayalama, baytarlıq mütəxəssisləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Masallı rayon İcra Hakimiyyətinin başçısının müavini Nəsirli Muxtarlı rayon rəhbəri adından iştirakçıları salamlayıb, müşavirənin fermerlər üçün əhəmiyyətindən danışıb.
Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev respublikada heyvandarlıq sahəsində qarşıda duran vəzifələr, heyvandarlığın intensiv metodlarla inkişaf etdirilməsi yolları, heyvandarlıqda damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması məqsədilə mütərəqqi texnologiyaların tətbiqi, bu sahədə zona baytarlıq laboratoriyalarında işlərin mərkəzləşmiş qaydada təşkili barədə ətraflı məlumat verib.
KTN-nin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun (ETİ) direktorunun müavini Füzuli Mirzəyev “İri heyvandarlıq komplekslərində seleksiya-damazlıq işlərinin təşkili və mövcud olan heyvan cinslərinin məhsuldarlığının yüksəldilməsi yolları”, Əkinçilik ETİ-nin Laboratoriya direktoru Sevil Abbasquliyeva “Yem istehsalında yeni texnologiyaların tətbiqi”, Baytarlıq ETİ-nin direktorunun müavini Səhman Bayramov “Respublikanın müxtəlif bölgələri üzrə heyvanlarda rast gəlinən infeksion və invazion xəstəliklər və onlara qarşı mübarizə tədbirləri”, Respublika Süni Mayalanma Mərkəzinin direktoru Ramiq Abbasov “Ölkədə süni mayalanma tədbirlərinin genişləndirilməsi” mövzularında məruzə ediblər.
Masallı Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Seymur Nuriyev, Lənkəran rayon Zona Baytarlıq İdarəsinin icraçı direktoru İftixar Teymurov, türkiyəli mütəxəssis Sərdar Qaragöz təsərrüfat sahiblərinə məsləhət və tövsiyələrini veriblər.
Tədbirdə iri heyvandarlıq komplekslərinin qabaqcıl təcrübəsinə dair təqdimatlar olub. Zona müşavirəsində fermer və mütəxəssisləri maraqlandıran suallar cavablandırılıb, onların rəy və təklifləri dinlənilib və qarşılıqlı fikir mübadiləsi aparılıb.

Sonda rayon kənd təsərrüfatı idarələrinin informasiya texnologiyaları və heyvandarlıq mütəxəssisləri üçün təlim və təsərrüfat nümayişi olub.

Keçidlər