MASALLIDA FOLKLOR KİTABLARININ TƏQDİMATI
14 iyun 2013-cü il tarixdə Masallı rayon Heydər Əliyev parkında “Masallı Folkloru”, “Masallı” ensiklopedik toplu və “Masallı Folklor örnəkləri” kitablarının təqdimat mərasimi keçirilmişdir.
Təqdimat mərasimində Bakıda və Masallıda yaşayan ziyalılar, ədəbiyyatşünaslar, folklorçular, alimlər, şairlər, yazıçılar və jurnalistlər iştirak etmişlər. Mərasimi giriş sözü ilə açan Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov mədəniyyətimizin dünya mədəniyyətinə inteqrasiyası, xalqlar arasında mədəniyyətlərarası dialoqun yeni müstəvidə tərəqqisinə nail olmağın vacibliyini vurğulayıb. Natiq çıxışında kitabı tədbir iştirakçılarına təqdim edərək qeyd etdi ki, bu kitablar Masallının folkloru, tarixi, ədəbiyyatı, adət-ənənələri, yaşam tərzi haqqında mühüm bir salnamədir, ensiklopedik toplumdur.
Sonra veteran Əliəşrəf Niftiyev, professorlar Fərahim Sadıqov, Füzuli Bayat, Musa Quliyev, Ağsaqqallar Şurasının sədri Cavanşir Əsədov və başqaları kitabların mühüm əhəmiyyətindən danışdılar.
Sonda tədbir iştirakçılarına kitablar paylanıldı və tədbir iştirakçıları kitabların ərsəyə gəlməsinə görə müəlliflərə və rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər.