Bu il Masallıda 400 hektar sahədə çəltik əkiləcək
Ötən il Masallıda 195 hektar çəltik sahəsindən 560 ton məhsul yığılıb. Bu il çəltik sahələrinin iki dəfədən çox artırılaraq 400 hektara çatdırılması nəzərdə tutulub.
2017-ci il sentyabrın 3-də Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəran şəhərində çay, çəltik və sitrus meyvələri istehsalının inkişafına dair respublika müşavirəsində ölkəmizdə aqrar sahənin inkişafı ilə bağlı aparılan müzakirələr, bu sahələrin inkişafı ilə əlaqədar dövlətimizin başçısının imzaladığı sərəncam Masallı rayonunda aqrar bölmədə çalışan fermerlərin və məhsul istehsalçılarının ənənəvi əkin sahələrinə, o cümlədən çəltikçiliyə marağı daha da artırıb.
Çəltikçilik Masallı rayonu üçün yeni təsərrüfat sahəsi olmasa da, uzun müddət unudulduğundan müasir texnikalara ehtiyac yaranıb. Artıq bu ehtiyacları ödəmək üçün “Aqrolizinq” ASC-nin Masallı-Yardımlı bölməsinə 6 adda müasir tipli yeni texnika gətirilib.
Bundan əlavə, rayona çəltikçiliklə bağlı mini kombayın, şitil yetişdirən, şitiləkən və digər texnikaların gətirilməsi də nəzərdə tutulub.
Çəltik sahələrindən yüksək məhsuldarlıq əldə etmək üçün əsas şərtlərdən hesab edilən mineral gübrələrin istifadəsi də diqqət mərkəzindədir. “Aqrolizinq” ASC-nin Masallı-Yardımlı bölməsinin rəhbəri Adil Həsənov bildirib ki, gübrə sarıdan indiyə kimi heç bir çətinlik olmayıb.